Səhnəmizin unudulmaz Leylisi və Ərəbzəngisi:
Gülxar Həsənova
Hər bir sənətkar
özünəməxsus cəhətləri ilə yaddaşlarda qalır. Bu mənada
görkəmli opera müğənnisi, aktrisa Gülxar Həsənovanı
da unudulmaz edən məlahətli
səsi və bənzərsiz sənətkarlığı idi.
Gülxar İbrahim qızı Həsənova 1918-ci il dekabrın 10-da Bakıda anadan olub. Səhnə fəaliyyətinə gənc yaşlarından başlayıb. 1936-1942-ci illərdə Gənc Tamaşaçılar Teatrının solisti olub. Səhnədə yaratdığı obrazlarla diqqəti cəlb edən Gülxar Həsənova dahi Üzeyir bəyin də gözündən yayınmır. Tamaşaların birində gənc aktrisanın çıxışını diqqətlə izləyən Üzeyir bəy onun məlahətli səsini yüksək qiymətləndirərək Opera və Balet Teatrında çalışmasını tövsiyə edir. Beləliklə, Gülxar Həsənovanın sonrakı səhnə fəaliyyəti Opera və Balet Teatrında davam edir.
Müğənni bu teatrda milli opera sənətinin inkişafına mühüm töhfələr verib. Bütün milli operalarımızda əsas rollarda çıxış edib. Onlardan bir neçəsinin adını çəkək: Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operasında Leyli və sonralar Leylinin anası, «Əsli və Kərim»də Əsli, «Koroğlu»da xanəndə qız, Zülfüqar Hacıbəyovun «Aşıq Qərib» operasında Şahsənəm, Müslüm Maqomayevin «Şah İsmayıl» operasında Ərəbzəngi, Süleyman Ələsgərovun «Bahadır və Sona» operasında Təravət xanım, Şəfiqə Axundovanın «Gəlin qayası»nda Ana və digər obrazların səhnə həyatında Gülxar Həsənovanın öz möhürü, ifa tərzi var. O, bu obrazların hamısını sevə-sevə yaradıb. Amma iki obraz - Leyli və Ərəbzəngi onun yaradıcılığında xüsusi yer tutur. Bunu Gülxar xanım özü də etiraf edirdi.
2000-ci ildə Azərbaycan radiosunda hazırladığım «Muğam dünyamız» proqramında Gülxar xanımla həmsöhbət olmuşduq. Onun həyat və yaradıcılıq yolu barədə fikirlərini lentə aldıq. Həmin lent yadigarından Gülxar Həsənovanın bəzi xatirələrini təqdim etmək istərdim.
«1941-1945-ci illərin müharibə dövrü sənətçilər üçün də ağır, məşəqqətli zaman idi. Tez-tez cəbhə bölgələrində olurduq. Çalışırdıq ki, əsgər oğullarımıza mənəvi dayaq olaq. Bu çıxışların əsas təşəbbüsçüsü də Üzeyir bəy idi. O, bizim vətənpərvərlik ruhumuzu daha da artırırdı. Üzeyir bəy elə bir şərait yaratmışdı ki, səhnə də bizim üçün bir cəbhəyə çevrilmişdi. Yadımdadır ki, 1943-cü il idi. Mən Əlövsət Sadıqovla «Leyli və Məcnun» operasını oynamalı idim. Tamaşadan əvvəl acı bir xəbər eşitdim. Cəbhədən qardaşımın qara kağızı gəlmişdi. Mənimlə bərabər bütün yoldaşlarım da sarsıldılar. Onlar elə bildilər ki, tamaşa təxirə düşəcək. Amma, yox, elə olmadı. Mən özümdə güc toplayıb həmin gün tamaşanı oynadım. Bəlkə əvvəlkilərdən daha da yaxşı. Çünki mənim həyatdakı acılarım Leylinin kədərli taleyi ilə üst-üstə düşürdü. Bu qəm-kədər yaxınlığı məni Leyli obrazı ilə daha da doğmalaşdırırdı. O, illərdə tez-tez Ərəbzəngi rolunda da çıxış edirdim. Yaşadığım mübarizə hissini, düşmənə qalib gəlmək arzusunu sanki bu obrazın vasitəsi ilə ifadə etməyə çalışırdım. Ərəbzəngi öz qəhrəmanlıq çalarları ilə tam mənim düşüncələrimlə səsləşirdi. Odur ki, bu iki obraz mənə çox doğmadır. Əslində isə mənə daha doğma olan səhnədir ki, məhz orada öz hiss və həyəcanımı, düşüncələrimi, bir sözlə yaşantılarımı yaşamışam».
Nə yaxşı ki, belə yadigar mənbələr var ki, onlar sənətkarlarımızı xatırlamaqda bizə bələdçi olurlar. Bu lent yaddaşı Gülxar Həsənovanın sənətə sonsuz məhəbbətindən soraq verir.
Bax, beləcə böyük sənət eşqi ilə yaşayan Gülxar Həsənova soprano səs tembri ilə parlaq koloritli obrazlar yaratdı, muğam, xalq mahnı və təsniflərimizi xüsusi gözəlliklə ifa edərək onların da əbədiyaşarlığında mühüm rol oynadı. Gülxar Həsənova bu cəhətləri ilə öz üslubunu yaradaraq səhnəyə yeni qədəm qoyan neçə-neçə gənclərə də yol göstərib, onlardan öz bilik və bacarığını əsirgəmədi. Uzun illər Gülxar xanımla tərəf-müqabil olmuş Xalq artisti Canəli Əkbərovun dediklərindən:
«Sənətkar
üçün vacib
olan bir neçə amil var. Bunlardan ən başlıcası istedad,
məsuliyyət və
zəhmətdir. Bu keyfiyyətlər
də Gülxar xanımda üstünlük
təşkil edirdi.
Odur ki, o, nümunəvi bir sənətkar idi. Xoşbəxtəm ki, belə sənətkarla bir yerdə çalışmaq
mənə nəsib olub. M.Maqomayevin «Şah İsmayıl»
operasında mən Şah İsmayıl, o isə Ərəbzəngi
rolunda çıxış
etmişik. Gülxar
xanım bu obrazı o qədər canlı oynayırdı ki, bəzən mən səhnədə olduğumu unudub onun sənətinin sehrinə dalaraq az qala tamaşaçıya çevrilirdim.
Bu obraz ona
çox yaraşırdı.
Unudulmaz sənətkarımız Həqiqət
Rzayevadan sonra Ərəbzəngi obrazının
ən mahir ifaçısı məhz
Gülxar Həsənova
idi. İllər keçdikcə mən
ona baxıb düşünürdüm, heyf
ki, səhnəmizin Ərəbzəngisi qocalır.
Görən onu kim əvəz
edəcək? Amma açığını
deyim ki, doğrudan da hələ ki Gülxar xanımı xatırladan Ərəbzəngi
yoxdur.
Onun bütün keyfiyyətləri
gözəl və səmimi idi. Xüsusən də sənət
dostlarından bilik və bacarığını
əsirgəməzdi. Gülxar Həsənova lazım gəldikdə gənc ifaçılarla hətta
evində məşğul
olurdu. Bunu sənətimizin inkişafı naminə edirdi. Odur ki, Gülxar
Həsənova bu gün yaddaşlarda mahir bir sənətkar
və gözəl insan kimi qalıb”.
Bəli, Gülxar Həsənova
daim xatırlanacaq.
Çünki onun sənəti
bugünkü nəsil
üçün də
bir örnəkdir.
O, öz səsi və ifaçılıq
xüsusiyyətləri ilə
həm zamanında, həm də bu gün qiymətləndirilir.
Belə ki, onun sənəti sağlığında Xalq
artisti (1982) fəxri adına və
digər mükafatlara
layiq görülüb.
2005-ci ildə dünyasını dəyişən
Gülxar Həsənovanı
əbədi yaşadan
isə ona olan böyük xalq məhəbbətidir.
Səadət Təhmirazqızı,
Musiqişünas
Mədəniyyət.-
2010.- 10 dekabr.- S. 12.