Zaman Azərbaycan
teatrının xeyrinə işləyir
Dekabrın 8-də Aktyor Evində Milli Teatr Festivalının bağlanış mərasimi keçirildi
“Azərbaycan
teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına
uyğun olaraq bu ilin fevral ayından başlayan və
üç mərhələdən ibarət olan Milli Teatr
Festivalı başa çatdı. Paytaxtımızda və
bölgələrimizdə fəaliyyət göstərən
27 dövlət teatrının hər biri festivalda
iştirak edərək, repertuarlarındakı ən
yaxşı tamaşanı nümayiş etdirmək imkanı
qazandılar. Milli Teatr Festivalına yekun vurularkən,
ümumilikdə Azərbaycan teatrının bir illik fəaliyyəti
də nəzərdən keçirildi.
Mərasimi mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq, son illərdə Azərbaycan mədəniyyətində baş verən yaddaqalan hadisələrdən söz açdı. Nazir müavini bildirdi ki, teatr haqqında qanun qəbul olundu, teatrlara dövlət qayğısı ilə bağlı prezident sərəncamları imzalandı, daha sonra teatrların 2009-2019-cu illərdə maddi-texniki bazasının yaxşılaşdırılması, ümumən teatrlarla bağlı Dövlət Proqramı təsdiq olundu. Bu sərəncamlardan irəli gələrək Azərbaycanın teatr aləmində bir çox hadisələrin önünə ilk sözü yazıldı.
- İlk dəfə olaraq biz gəncləri rayonlara ezam etdik ki, dövlət sifarişləri ilə tamaşalar hazırlasınlar, ilk dəfə olaraq biz 14 teatrın iştirakı ilə “Yeni teatr, yeni məkan” adlı ilk respublika festivalını keçirdik. İlk dəfə olaraq Azərbaycan teatrlarında çalışan istedadlı gəncləri və sənət adamlarını, texniki heyət də daxil olmaqla xarici ölkələrə təcrübə kursları keçməyə yola saldıq. Son bir ildə Azərbaycana 20 xarici ölkədən, o cümlədən yaxın xaricdən - MDB məkanından rejissorlar, rəssamlar dəvət etdik. Teatrlarımızda bu insanlar yaddaqalan tamaşalar hazırladılar. Son bir il ərzində bir neçə teatr əsaslı təmirdən çıxdı. Son beş il ərzində isə ümumən teatr sahəsində baş verənlər, doğrudan bir inqilabdır. Çünki bəlkə də onilliklər ərzində görüləcək işlər son 5 il ərzində görüldü.
İlk öncə Dövlət Kukla Teatrı, daha sonra Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Milli Akademik Dram Teatrı təmir olundu. Bu gün Musiqili Komediya Teatrında təmir-bərpa işləri aparılır. Mingəçevir Teatrı təmir-bərpa işlərinin son dövrlərini yaşayır. Biz daxili imkanlar hesabına Pantomima Teatrının bir hissəsini bərpa edib tamaşaçıların və teatrsevərlərin ixtiyarına vermişik. Sumqayıt teatrının 40 il ərzində həll olunmayan bina məsələsi köklü şəkildə həll olundu, teatrın bu gün artıq öz ünvanı və binası var. İrəvan Dövlət Azərbaycan Dram Teatrının uzun illərdən bəri binasızlıq şəraitində davam edən qaçqınlıq həyatına son qoyuldu və Dövlət Neft Şirkəti unikal bir binanı teatra verdi. Lap bu günlərdə Şuşa teatrının bina məsələsi həll olundu. Füzuli teatrı müvafiq bina ilə təmin olundu. Güman edirəm ki, gələn il Ağdam teatrının binasının, həm də Musiqili Komediya Teatrının binasının açılışında iştirak edəcəyik. Opera və Balet Teatrı əsaslı şəkildə yenidən qurulmaq üçün layihə-smeta sənədlərinin hazırlıq prosesini yaşayır.
İslahatlar qaçılmazdır
Nazir müavini teatrlardakı kadr islahatlarından, qarşıda duran daha böyük islahatlardan da söz açdı: “Teatr tarixində ilk dəfə olaraq Akademik Milli Dram Teatrının bütövlüklə truppası buraxıldı. Cənab nazirin imzaladığı əmrə əsasən, dekabr ayının 30-dan Akademik Milli Dram Teatrında müsabiqə yolu ilə işə qəbul aparılacaq. Müsabiqədə digər teatrların aktyorları, sənət adamları da iştirak edə bilərlər. Milli Dram Teatrında işləmiş hər bir kəsin mütləq yenidən burada işlə təmin olunması məsələsi gündəlikdə durmur. Biz yaxın gələcəkdə rejissorların, müasir dünyada olduğu kimi, güzəranlarını yaxşılaşdırmaq məqsədi ilə yeni qonorar sisteminə keçəcəyik”.
Nazir müavini çıxışında xatırlatdı ki, il ərzində Azərbaycan teatrları 20-dən çox xarici ölkədə qastrol səfərində olublar. Dünyanın müxtəlif ölkələrindən 13 teatr Azərbaycana qastrol səfərinə gəlib.
- Son beş ildə 366 nəfər sənət adamı ölkə başçısının sərəncamı ilə yüksək fəxri adlara layiq görülüb. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Bu müddət ərzində 28 nəfərə orden verilib. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunub. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidməti olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.
Nazir müavini teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə görülən işlərdən, görkəmli teatrşünasların, teatr sənəti ilə məşğul olan alimlərin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən kitablarından, qarşıdakı böyük tədbir və yubileylərdən də söz açdı: “Böyük sənətkarların bir neçəsinin yubileyi keçirilməyib. Adil İsgəndərov, Ələsgər Ələkbərov Akademik Dram Teatrı ilə bağlı şəxslər olub, biz bu teatrın yenidən fəaliyyətə başlamasını gözləyirik və bu proses davam edəcək. Dekabr ayının sonunda Rus Dram Teatrının yubileyi, daha sonra digər teatrların yubileyləri keçiriləcək”.
“100 pyes 100 uğurlu tamaşa demək
deyil”
Ədalət Vəliyev
çıxışında bildirdi ki, dövlət sifarişləri
ilə hazırlanan tamaşaların sayı artıb. Bu il 27 dövlət teatrında 68 tamaşa
dövlət sifarişi ilə hazırlanıb. İlin sonunadək bu rəqəm 75-ə
çatacaq.
- Güman edirəm ki, gələn
il tamaşaların sayı 100-ə
çatacaq. Şübhəsiz, bunun
hamısı uğurlu deyil. Ola da bilməz.
100 pyes 100 uğurlu tamaşa demək deyil.
Hətta dünyanın ən inkişaf etmiş
və min illik teatr tarixi olan ölkələrində də belə
deyil. İngiltərədə hətta
Şekspirlə bağlı hazırlanan bütün
tamaşalar ingilislərin və tamaşaçıların
yaddaşında qalmır. Tamaşanın
araya-ərsəyə gəlməsi ilə onun uğurlu
olması, ölkənin daxilində, daha sonra xaricdə, daha
sonra dünyada tanıdılması özü böyük bir
elmdir, böyük bir ömürdür, böyük bir sənətdir.
Əslində son 10-15 il ərzində
teatrımızın keçdiyi ömür yolu min illik teatr
tarixi olan müəyyən ölkələrin teatr yoluna bərabərdir.
Əgər biz tərəzinin bir gözünə onların
son 50 ildə əldə etdikləri uğurları, digər
gözünə bizim son beş ildə əldə
etdiyimiz nailiyyətləri qoysaq, Azərbaycan tərəfi
xeyli ağır gələcək. Mən bunu
tam səmimiyyətlə və məsuliyyətlə deyirəm.
Noyabr ayında
Bakıda böyük uğurla həyata keçirdiyimiz I Beynəlxalq
Teatr Forumu yəqin çoxlarınızın xatirindədir.
“Mədəniyyət” qəzetində, “525-ci qəzet”də
Bakı Teatr Forumunda iştirak etmiş qonaqların ürək
sözləri dərc olunub. Son dərəcə
isti, Azərbaycana çox böyük bir sevgi ilə, heyrət
ilə yoğrulmuş sözlərdir.
Bu günlərdə
mənə bir sənəd verdilər. Bakı
Teatr Forumunda iştirak etmiş İngiltərədən
Çinə qədər sənətlə məşğul
olan 16 nəfər bizə tək rəsmi qaydada təşəkkür
yox, konkret təkliflər göndəriblər. Teatrlarımızda tamaşa qoymaq istəyirlər,
teatrlarımızı xaricə dəvət etmək istəyirlər.
İnsan bunları oxuduqda, gördükdə
qürur duyur, sevinir. Deməli, biz düz
yoldayıq. Əminəm ki, Azərbaycan
teatr bayrağının Avropa bayraqları sırasında
dalğalanacağı gün uzaqda deyil.
“Teatr təmizlənmə
qarşısındadır”
Nazir müavini
çıxışında dramaturgiya sahəsindən də
söz açdı. Bu sahədə
boşluq olduğunu, gənclərin bu sahəyə cəlb
olunması istiqamətində daha vacib addımların
atılmasını nəzərdə tutduqlarını qeyd
etdi.
- Hər halda teatrlar tək azərbaycanlı
müəlliflər üçün deyil, dünya
dramaturgiyasının incilərinə açıq
olmalıdır və teatr bu gün rus ədəbiyyatının,
dünya ədəbiyyatının, MDB məkanında
yaşayan xalqların ədəbiyyatının ən parlaq
nümunələrini tərcümə edib səhnələşdirməlidir.
Bir necə müddət əvvəl Milli Dram
Teatrında söylədiyim fikri bir də təkrarlamaq istəyirəm.
Teatr özü bu saat təmizləmə prosesinə
başlayıb. Teatr özü zaman
sıxlığında bu proseslə mübarizə aparmaq
zorunda qalacaq. Sənətə aidiyyati
olmayan adamlar, istedadsızlar bu zaman girdabında teatrdan
uzaqlaşacaqlar. Teatrın başqa yolu
yoxdur. Tarixən də belə olub. Teatrı istedadlı şəxslər saxlayıb, o
istedadın üstünə çoxlu sayda istedadsız
insanlar cəmləşib, teatr ağırlaşıb,
dayanıb, bataqlığın astanasında olanda o qorxu
qarşısında silkələnib, təmizlənmə
prosesinə başlayıb. Artıq
yükdən təmizlənə-təmizlənə
özünün ilkin, təmiz, istedadlar üzərində
qurulmuş formasına qayıdıb. Mən
hesab edirəm ki, dövlətin bu gün Azərbaycan
teatrına göstərdiyi diqqət və qayğının
nəticəsində teatr yenidən bu cür təmizlənmə
qarşısındadır. Bəlkə ilk
addımlar atılıbdır. Çox
optimistəm bu barədə, əminəm ki, zaman Azərbaycan
teatrının xeyrinə işləyir.
Ədalət Vəliyev
çıxışını bu sözlərlə bitirdi:
- Fevral ayında
açılışını etdiyimiz Milli Teatr
Festivalına yekun vururuq. 2011-ci ildə Azərbaycanda Kukla
Teatrlarının Beynəlxalq Festivalı keçiriləcək,
2012-ci ildə Azərbaycanda Beynəlxalq Teatr Festivalını
keçirəcəyik və fikrimiz var ki, bu festivalı
ardıcıl olaraq iki ildən bir keçirək ki, Azərbaycan
festival keçirən mərkəzlərdən birinə
çevrilsin.
Mən bütün
teatr ictimaiyyətinin, ziyalıların, sənət
adamlarının, aktyorların, rejissorların, rəssamların,
bu sahədə çalışan çox böyük insan
ordusunun qarşıda gözləyən sənət
imtahanlarından uğurla çıxmalarını
arzulayıram.
Teatr teatr üçün olaraq
qala bilməz
Mərasimdə
yazıçı-dramaturq Əli Əmirli
çıxış edərək bildirdi ki, Milli Teatr
Festivalı Azərbaycan teatrının ümumi mənzərəsini
əyani şəkildə canlandıra bildi. Festivalda həm sevindirici, həm kədərləndirici
anlar olduğunu qeyd edən dramaturq arzularını da dilə
gətirdi. “Mən bir şeyi
düşündüm, bir şeyi arzuladım ki,
teatrımız elə bir səviyyəyə gəlsin ki, biz hər
tamaşaya baxandan sonra ürəkdən sevinməyi və
tamaşa haqqında ürəkdən danışmağı
bacaraq”.
Festival marafonunun ən aktiv və
daimi iştirakçılarından biri - teatrşünas
Aydın Talıbzadə ürək sözlərini teatr
ictimaiyyəti ilə bölüşdü:
- Dəfələrlə mənə
müraciət elədilər ki, bu festivalın mənası,
məramı, məqsədi nədir? Mən onlara cavab verirdim:
Məna, məqsəd, məram ondan ibarətdir ki,
bütün qüvvələrimizlə cəmiyyətə bəyan
eləyək - biz varıq və biz yaşayırıq. Mənə elə gəlir ki, biz buna nail olduq. Mənim də bir teatrşünas kimi festivalla
bağlı bir neçə qənaətim var. Birinci, mən
ilk dəfə olaraq Azərbaycan teatrının mənzərəsini
bütövlükdə təsəvvür eləyə bildim.
Fikirləşirəm ki, Azərbaycan teatrı
üçün islahatlar qaçılmazıdır. Ümumiyyətlə müasir insan və cəmiyyət
problemini ortaya gətirə biləcək bir teatr
olmalıdır. Elə teatr ki, müasir
insanın anladığı və bəyəndiyi dildə
danışa bilsin. Mənim bu festivalda gəldiyim
ikinci qənaətim ondan ibarətdir ki, teatr yalnız
seyrçi üçündür. Teatr
teatr üçün olaraq qala bilməz. Yalnız
teatr laboratoriyası teatr üçün işləyə bilər.
Bu günlərdə Bakıda keçirilən
Çexov Teatr Festivalında gördüyüm tamaşalar da,
bu festivalda gördüyüm tamaşalar da bir daha sübut elədi
ki, seyrçi özəl nə varsa onu qiymətləndirməyi
və onu ayaq üstündə alqışlamağı
bacarır. Mən elə güman edirəm
XXI əsrdə Azərbaycan teatrının liderləri - lider
rejissorları, aktyorları o adamlar olacaqlar ki, öz
seyrçiləri ilə dil tapa biləcəklər.
Rəylər, təəssüratlar
Naidə İsmayılzadə, Mədəniyyət
və Turizm Nazirliyi İncəsənət şöbəsinin
Teatr sektorunun müdiri:
- 2010-cu il
çox böyük və möhtəşəm tədbirlərin
keçirilməsi baxımından bizim üçün
çox önəmli oldu. Milli Teatr Festivalı
da belə tədbirlər sırasındadır. Festival
bir il ərzində davam etdi və
teatrlarımızın hər biri iki tamaşa ilə
Bakıda və Sumqayıt şəhərində
çıxış etdilər. Tanınmış
yazıçı-dramaturqların, teatrşünasların
daxil olduğu münsiflər heyəti hər tamaşadan sonra
müzakirələr keçirərək, kollektivlərə
iradlarını, təkliflərini bildirdilər. Bu respublika teatrlarının fəaliyyətinə
bir baxış oldu. Əsasən dövlət
sifarişi ilə hazırlanmış tamaşalara
baxış keçirdik. Belə nəticə
əldə etdik ki, teatrlarımız fəaliyyət göstərirlər.
Əlbəttə daha çox işləməlidirlər,
daha maraqlı, daha gözəl tamaşalar
hazırlamalıdırlar. Çünki
artıq respublikamızda Çexov festivalı kimi mötəbər
teatr festivalları keçirilir və burada nümayiş
olunan tamaşalar dünya miqyasında çox məşhur
tamaşalardır. Əsr, zaman dəyişir,
tamaşalara baxış da dəyişilməlidir,
tamaşaların ifadə tərzi də həmçinin.
Teatrların fəaliyyətini
dəstəkləmək məqsədilə müntəzəm
olaraq hətta bölgələrimizdə belə tədbirlər
keçiririk. Yay aylarında Gəncədə
«Yeni teatr» festivalını keçirdik. Daha
sonra Qaxda Kukla Teatrları həftəsi oldu. Beləliklə, teatrların fəaliyyətini,
yaradıcılığını müntəzəm sürətdə
analiz etmək imkanı qazanırıq. İndi
teatrlarımızın ən böyük problemi
tamaşaçı problemidir. Bunu yerlərdə
olduğumuz zaman görürük. Həmçinin
kadr kasadlığı da var. Çünki bölgələrə
ezam olunan sənətçilər azdır. Mədəniyyət
və Turizm Nazirliyi bununla bağlı bəzi layihələr
hazırlayıb və bölgə teatrlarının fəaliyyətinin
canlandırılmasına nail olmaq istəyirik.
Firudin Məhərrəmov, H.Ərəblinski
adına Sumqayıt Musiqili Dövlət
Dram Teatrının baş rejissoru:
- Əvvəla onu deyim ki, çox müxtəlif formatlı festivallar keçirilir -bəzilərində nələrsə üzə çıxarılır, hər hansı şərtlər qoyulur. Milli Teatr Festivalının da özünəməxsus cəhətləri var. Buna qədər hələ belə uzunmüddətli festival keçirilməmişdi. Artıq bir ildir ki, davam edirdi. Üstəlik, digər festivallara 5-10 teatr dəvət olunurdusa, bu dəfə bütün Azərbaycan teatrları iştirak edirdi. Üstəlik, bütün teatrlar bir deyil, bir neçə tamaşa oynadılar. Bir müsbət cəhət də ondan ibarətdir ki, festival ölkəmizin digər şəhərlərini də əhatə etdi. Bu, bütün teatr ictimaiyyətinin diqqətini teatrlara, tamaşalara yönəltmək baxımından çox önəmlidir.
Vaqif Vəliyev, Füzuli Dövlət Dram Teatrının direktoru:
- Festivalın keçirilməsinə çox şadıq. Milli Teatr Festivalı Azərbaycan teatrı üçün çox önəmli məna daşıyır. Belə ki, biz əyalət teatrı olaraq bu festivalda böyük uğur və məhəbbətlə iştirak etdik. Sanki Bakı tamaşaçıları qarşısında hesabat tamaşası verirdik. Belə festivalların tez-tez keçirilməsini arzulayırıq. İnanırıq ki, torpaqlarımız işğaldan azad olunacaq və bu cür festivallar işğaldan azad olmuş Qarabağ torpaqlarında keçiriləcək.
Hər bölgənin öz dəsti-xətt, öz teatr üslubu var. Bütünlükdə bunlar hamısı Azərbaycan teatrına xidmət edir. Biz də bir əyalət teatrı olaraq böyük uğurla bu festivalda çıxış etdik. Amma son sözü, əlbəttə ki, münsiflər heyəti dedi. İş olan yerdə çatışmazlıqlar da olur. Bizə deyilən hər nöqsanı qəbul edirik. Çalışacağıq ki, gələcəkdə bu nöqsanları aradan qaldıraraq, yeni tamaşalarla yeni-yeni festivallara gələk.
* * *
Milli Teatr Festivalı başa çatdı, eyni zamanda Milli Teatr Festivalı Azərbaycan teatr tarixində yaşamaq hüququ qazandı.
Mərasimdən sonra Akademik Milli Dram Teatrında səhnələşdirilən M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası nümayiş olundu.
Təranə Vahid
Mədəniyyət.-
2010.- 10 dekabr.- S. 8-9.