Turizmə həsr
olunan ömür
Ataların gözəl bir məsəli var: «Niyyətin hara, mənzilin də ora». Hələ 9-cu sinifdə oxuyarkən məktəbdə təşkil edilən ekskursiyalarda həvəslə iştirak edir, muzey eksponatlarını diqqətlə öyrənir, bələdçinin məlumatlarına maraqla qulaq asırdı. Ali təhsil alarkən tələbə yoldaşları ilə doğma Azərbaycanın demək olar ki, bütün bölgələrini gəzmişdi. İmkan düşdükcə keçmiş SSRİ şəhərlərinə də səyahətlər edirdi. Tbilisi, Suxumi, Soçi, Tuapse, Tallin, Moskva, İvanovo, Kostroma, Suzdal və s. şəhərlərə səyahətdən sonra təəssüratlarını dostları ilə bölüşməyi çox sevirdi.
İş elə gətirdi ki, 1992-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyasının bir paraqrafı beynəlxalq turizmə həsr olundu. 1993-cü ilin yanvarından isə taleyini tamamilə turizmə bağladı.
Söhbət Azərbaycan Turizm İnstitutunun “Turizm biznesinin təşkili və texnologiyası” kafedrasının müdiri, tarix elmləri namizədi, dosent Bahadur Bilalovdan gedir.
Bahadur Ənvər oğlu Bilalov 11 dekabr 1955-ci ildə Göyçay rayonunun Bığır kəndində anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1980-1993-cü illərdə universitetin “Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi” kafedrasında laborant, baş laborant, müəllim kimi çalışıb.
1993-cü ilin yanvarından 2001-ci ilin sentyabrınadək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında “Turizm və xidmət” şöbəsinin müdiri, qurumun “Azərtur” müəssisəsində “Xarici turizmin təşkili” şöbəsinin rəisi vəzifəsində işləyib. 2001-2003-cü illərdə Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqında aparıcı mütəxəssis kimi fəaliyyət göstərib, Azərbaycanda turizmin inkişafına yönəlmiş bir sıra layihələrin hazırlanmasında iştirak edib.
2002-ci ildən turizm sahəsində bildiklərini gənc nəslə öyrətməklə məşğul olan Bahadur müəllim Bakı Dövlət Universitetində, Mədəniyyət və İncəsənət Universitetində mühazirələr oxuyub, seminarlar aparıb. 2003-cü ildən Bakı Bədən Tərbiyəsi və Turizm Kollecində “Sosial Mədəni sahədə servis” fənn birliyinin sədri, 2006-cı ildən isə kollecin bazasında Azərbaycan Turizm İnstitutu yaradıldıqdan sonra bu təhsil ocağında kafedra müdiri vəzifəsində çalışır.
Bahadur müəllim indiyədək turizmin müxtəlif sahələrini əhatə edən 15 fənn proqramı, eyni zamanda “Turizmin menecmenti”, “Turizm fəaliyyətinin tənzimlənməsi”, “Turizmin tarixi” adlı dərs vəsaitləri hazırlayıb və çap etdirib.
Bahadur müəllim bacarıqlı rəhbər, mehriban və qayğıkeş müəllim kimi həmkarları və tələbələrinin dərin hörmətini qazanıb. 55 illiyini qeyd edən Bahadur müəllimə uzun ömür və yaradıcılıq uğurları arzu edirik.
Cabir Məmmədov,
Bakı Dövlət Universitetinin professoru
Mədəniyyət.- 2010.-
10 dekabr.- S. 7.