“Restavrasiyanın nəzəri və təcrübi əsasları”

 

   İçərişəhərdə beynəlxalq seminar keçirilir

  

   Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Almaniyanın “Remmers” və Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətlərinin birgə təşkilatçılığı ilə “Restavrasiyanın nəzəri və təcrübi əsasları” mövzusunda sayca dördüncü seminar keçirilir. İçərişəhərdəki “Atropat” hotelində keçirilən seminarın məqsədi yerli mütəxəssislərin bərpa və konservasiya işləri sahəsində bilik və bacarıqlarını artırmaqdır.

   AvstriyaAlmaniyadan dəvət edilmiş mütəxəssislər tərəfindən aparılan seminarda İşərişəhərdə həyata keçirilən layihələr haqqında ətraflı söhbət açılıb, iştirakçılara bərpa sahəsindəki elmi yeniliklər və son texniki nailiyyətlər barədə məlumat verilib. Seminarda Bakının qədim keçmişini əks etdirən tarixi məkan, abidələr barədə söz açılıb, 22 hektar ərazini əhatə edən İçərişəhərdə müxtəlif dövrləri əhatə edən 50-dən çox abidənin olduğu bildirilib. Qeyd olunub ki, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu ərazinin dövlət tarix-memarlıq qoruğu elan edilməsi İçərişəhərin mövcud abidələrinin qorunması və bərpasında mühüm mərhələ olub.

   Xatırladaq ki, hazırda AvstriyaAlmaniyadan dəvət edilmiş mütəxəssislər tərəfindən dünya əhəmiyyətli XI əsr abidəsi olan Məhəmməd məscidi və minarəsi konservasiya olunur. Məscidin və minarənin fasadında konservasiya və bərpa işləri başa çatdırılmışdır. Məscidin daxili ərazilərində isə tamamlanma işləri gedir.

   Tədbirdə yerli mütəxəssislərlə yanaşı, Memarlıq və İnşaat Universitetinin bir qrup tələbəsi də iştirak edir. Seminar dekabrın 10-da yekunlaşacaq.

 

Mədəniyyət.- 2010.-10 dekabr.- S. 6.