«Braziliya da, Azərbaycan kimi müxtəlif mədəniyyətlər ölkəsidir»
Paulo Antonio Pereyra Pinto: «Mədəni əməkdaşlığımızın geniş perspektivləri var»
Azərbaycanla Braziliya
arasında diplomatik münasibətlər
1993-cü ildə qurulub. Bu
ölkənin Azərbaycandakı səfirliyi isə 2009-cu ilin iyununda
açılıb. Səfir Paulo Antonio Pereyra Pinto qəzetimizə müsahibəsində iki ölkə arasında əlaqələrin bu günü və perspektivləri
barədə danışdı.
- Cənab səfir, Azərbaycanla Braziliya arasında əlaqələrin hazırkı səviyyəsini necə dəyərləndirmək olar? Braziliyanın Azərbaycanla əməkdaşlıqda əsas prioritetləri nələrdir?
- Əvvəlcə qeyd edim ki, Braziliya həm siyasi, həm də iqtisadi baxımdan dünya arenasında daha mühüm oyunçuya çevrilir. Odur ki, dünyanın mühüm bir regionunda strateji yeri olan Azərbaycanda səfirliyin fəaliyyət göstərməsi bizim üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan dünyanın tarixi İpək Yolu kimi tanınan önəmli coğrafiyasında yerləşir. İpək Yolu təkcə ticarətlə bağlı deyil. Biz İpək Yolu dedikdə mədəniyyətlər, dinlər, ideyalar arasında mübadiləni də nəzərdə tuturuq. Braziliya da, Azərbaycan kimi mədəniyyət, etnos və dini müxtəlifliyə malik ölkədir. Odur ki, biz Azərbaycanla dialoqu gücləndirməyi, Braziliyanın bu regionda fəal iştirakını mühüm hesab edirik.
- Azərbaycana səfir təyinatını necə qarşıladınız?
- Mən Azərbaycanda səfir kimi çalışmağı özüm istəmişdim. Bundan öncə Hindistanın Mumbay əyalətində Braziliyanın baş konsulu işləmişəm. Yəni buraya gələnə qədər Şərqi Asiyada olmuşdum və Azərbaycanla da bağlı bəzi bilgilərə malik idim. Dediyim kimi, ölkənizin Böyük İpək Yolu üzərində yerləşməsi, bəzi tarixi məqamlar mənə bəlli idi. Mən bilirdim ki, Böyük İpək Yolunun mövcudluğu mədəni mübadilədə böyük rol oynayıb. Müxtəlif mədəniyyətlər tarixən məhz bu coğrafiya vasitəsilə qarşılıqlı təmasda olub, Azərbaycanda müxtəlif mədəniyyətlərin, sivilizasiyaların izləri qalıb. Qeyd etdiyim kimi, Braziliya da bu baxımdan zəngin ölkədir, zaman-zaman fərqli mədəniyyətlərin, müxtəlif sivilizasiyaların dəyərlərini “canına” çəkib. Ona görə də mənim bu ölkəyə marağım artdı və səfir kimi Azərbaycanda fəaliyyət göstərmək istədim.
- Mədəniyyət və mədəniyyətlərarası dialoq hər zaman xalqları birləşdirən güclü amildir. Dünyanın bir hissəsində yerləşən uzaq Braziliya və burada qədim Şərq ölkəsi Azərbaycan. Siz iki ölkə mədəniyyətinin bir-birinə yaxınlaşmasını, mədəni əməkdaşlığı necə görürsünüz?
- İstər Braziliya, istərsə də Azərbaycan qloballaşmanın təsirindən öz mədəniyyətlərini qoruyurlar. Düşünürəm ki, hər iki ölkə bu istiqamətdə səylərini gücləndirməlidirlər. Ölkələrimiz arasında dialoq daima davam etdiriləcək. Bu baxımdan mədəni əməkdaşlığımızın geniş perspektivləri var. Bildiyimiz kimi, BMT Baş Assambleyası Novruz bayramını beynəlxalq gün elan edib ki, bu da Azərbaycan hökumətinin sizin ölkədə qeyd olunan mədəni müxtəlifliyin bayram günü kimi tanınması üzrə səylərinin nəticəsidir. Braziliya həmçinin mədəni müxtəlifliyə böyük önəm verir. Gələn ilin mayında Braziliyada Sivilizasiyalar Alyansının görüşü keçiriləcək. Ötən il bu görüş Türkiyədə, ondan əvvəl isə İspaniyada keçirilib. Azərbaycanın bəzi rəsmi şəxsləri bu tədbirə dəvət olunublar. Bundan əlavə, bir qədər əvvəl Azərbaycan nümayəndə heyəti Braziliyada təhsilin innovasiya formaları haqqında daha çox məlumat əldə etmək üçün ölkəmizə səfər edib.
- Cənab səfir, iki ölkə arasında ədəbi əlaqələrin inkişafını, məsələn, Azərbaycan və Braziliya yazıçı-şairlərinin əsərlərinin qarşılıqlı tərcüməsi, nəşri imkanlarını necə görürsünüz?
- Ölkələrimiz arasında məsafənin çox olmasına baxmayaraq, çox şadam ki, Braziliya yazıçısı Jorji Amadunun kitabını Azərbaycan dilində çap etmişik. Kitabda yazıçının «Möcüzələr dükanı», «Qumsallığın kapitanları» romanları, povest və hekayələri yer alıb. Həmçinin azərbaycanlı müəllif Kamal Abdullanın «Yarımçıq əlyazma» əsəri portuqal dilinə tərcümə olunaraq, Braziliyada nəşr edilib. Bunlar hələ ilk addımlardır.
Aramızdakı fərqlərə diqqət yetirmək çox asandır. Amma bizi birləşdirən nə varsa, onu tapmaq olduqca çətindir. Bu baxımdan bir-birimizi daha yaxından tanımaq üçün xüsusi layihə - səfirliyin dəstəyi ilə "Braziliyanın müstəqilliyi" kitabının nəşrini planlaşdırırıq. Kitabın tərtibatında azərbaycanlı rəssamlar da iştirak edəcəklər ki, bu da Braziliyanın tarixinə Azərbaycan rakursundan baxmağa imkan yaradacaq.
«Braziliyanın müstəqilliyi»ni Azərbaycan dilində nəşr etməklə ortaq dəyərlərimiz anlamında irəliyə doğru addım atırıq.
Azərbaycan və Braziliya xalqlarını nəyin birləşdirdiyini başa düşmək mədəni müxtəlifliyə malik ölkə olan Braziliya ilə siyasi dialoqu da asanlaşdıracaq. Belə layihəni Hindistanla əməkdaşlıqda həyata keçirmişik. Həmçinin vaxtilə Portuqaliyanın müstəmləkəsi olan Hindistanın Qoa şəhərində Braziliya karnavalı keçirmişik. Bakıda hələlik karnaval barədə konkret fikrimiz yoxdur, amma burada da mədəni layihələrə böyük diqqət ayırırıq. Azərbaycana Braziliya musiqisi altında özündə akrobatika, oyun və rəqs elementlərini birləşdirən döyüş sənəti müəllimlərini gətirməyə çalışırıq: həmçinin Braziliyanın samba, markatu və aşe rəqsləri üzrə iki müəllimin Bakıya dəvət olunmasını istəyirik.
Bu yaxınlarda Braziliyadan dəvət etdiyimiz rəqs müəllimləri Azərbaycanda treninqlər keçdilər. Onlar Azərbaycanda 45 gün oldular və yerli rəqqasələrə Braziliya rəqslərini öyrətdilər. Treninqin nəticələrini isə noyabrın 25-də Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində göstərdilər. Məsələn, elə bunun özü mədəni əməkdaşlıq istiqamətində həyata keçirilən yeni bir layihədir. Bu ilin sentyabrında Braziliya özünün müstəqillik gününü qeyd etdi. Tədbirdə Azərbaycan orkestri Braziliya musiqisini ifa etdi. Bunlar ilk addımlar və davam edən proseslərdir. İstərdik ki, mədəni əməkdaşlığın inkişafında belə proyektlərin sayı çox olsun.
- Ölkələrimiz arasında turizm əlaqələri haqqında nə deyə bilərsiniz?
- Mədəni əlaqələr fonunda Azərbaycana çoxlu turist gətirmək istərdik. İstərdik ki, çoxlu braziliyalı turist Azərbaycana, çoxlu azərbaycanlı turist Braziliyaya getsin. Lakin Braziliya turistini Azərbaycana gətirmək çox çətindir. Çünki braziliyalıların ölkənizə marağı böyük olsa da, viza sistemində bir az çətinliklər mövcuddur.
- Cənab səfir, Braziliya serialları təkcə Azərbaycanda deyil, bütün dünyada məşhurdur. Bu sahədə ölkəmizlə əməkdaşlıq gözlənilirmi?
- Bilirsiniz, əvvəlcə deyim ki, xalqlar müəyyən ümumi oxşarlığa malikdir. Məsələn, Bakıda nümayiş etdirilən Braziliya rəqslərində ola bilsin ki, insanlar nə isə ümumi bir xüsusiyyət, oxşarlıq tapsın. Əlbəttə, bu oxşarlığın tapılması gələcəkdə mədəniyyətin bütün sahələrində, kino sahəsində də əməkdaşlığı asanlaşdıracaq. Bu rəqslərin özü həm də ölkələrimiz arasında digər mədəni prosesləri inkişaf etdirəcək, əməkdaşlığa, mədəni mübadiləyə gətirib çıxaracaq. Burada söhbət təkcə kinodan getmir, həm də televiziya şoularından gedir.
- Maraqlıdır, Azərbaycanda olduğunuz müddətdə insanlarımız arasında hansı fərqli və oxşar xüsusiyyətləri tapa bilmisiniz?
- Əgər mən Bakıya gəlmişəmsə, bu həm də, aramızda olan ümumi xüsusiyyətlərin tapılması deməkdir. Aramızda ümumi olan nələr var, ümumi nələrə malikik? Bu suala cavab tapmaq lazımdır. Təkrarən Braziliya rəqs müəllimlərindən danışmaq istərdim. Məlum oldu ki, həm braziliyalılar, həm də azərbaycanlılar musiqiyə, rəqsə böyük maraq göstərirlər. Bu proses, bu əməkdaşlıq bizə xalqlarımız arasında ümumi olanı təyin etməyə imkan verir. Bu baxımdan aramızda hansı fərqlərin olmasının əhəmiyyəti yoxdur. Siz öz bayramlarınızı, xüsusilə də Novruzu necə qeyd edirsiniz? Biz braziliyalılar karnavalı necə qeyd edirik? Bunların özü də ümumi cəhətlərimizi aşkar etməyə imkan verir. Əlbəttə bütün bunlar davamlı proseslərdir və mən hələ ki, bu məsələlərdə müəyyən nəticəyə gəlməmişəm.
- Yeri gəlmişkən, Novruz bayramı ilə Braziliya karnavalı arasında oxşar xüsusiyyətlər varmı?
- Bu bayramlar arasında ümumi cəhətlər çoxdur. İlk növbədə, bu, həyat və mədəni müxtəliflik bayramıdır. Bildiyim kimi, Novruz bayramı ilk olaraq atəşpərəstlər tərəfindən qeyd olunub. Bayramın keçirilməsində əsas diqqət müxtəlif mədəniyyətə mənsub insanların bir yerdə necə yaşamalarına yönəlib. Ümumiyyətlə, bu bayramlar tolerantlıq, dostluq əlamətidir.
- Ölkəmizdə olduğunuz müddətdə regionlarımıza necə, səfər etmək imkanınız olubmu?
- Hələlik Azərbaycanın cənub bölgəsində olmuşam. Lənkəran xoşuma gəlib. Orada çox gözəl yerlər var. Bakıya gəlincə, Dənizkənarı bulvara getməyi çox xoşlayıram. Xəzər dənizi və bulvar mənə Braziliyanın okean sahillərini xatırladır.
- Azərbaycanın milli mətbəxi ilə aranız necədir?
- Braziliyada çoxlu türk yaşayır və onlar Braziliya milli mətbəxinə çox təsir ediblər. Ona görə də, Azərbaycandakı yeməklər mənə tanışdır. Kababı xoşlayıram və o Braziliyada da məşhurdur. Bu yemək Bakıda mənə daha çox dadlı gəldi.
Mehparə
Mədəniyyət.-
2010.- 10 dekabr.- S. 5.