Növbəti
yaradıcılıq görüşü
Yevlaxda keçirildi
Dekabrın 8-də Mədəniyyət
və Turizm Nazirliyinin
təşkilatçılığı ilə Yevlax şəhərinin Heydər Əliyev
Sarayında görkəmli incəsənət ustaları və
mədəniyyət xadimlərinin əhali ilə görüşü keçirilib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri, şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu, aktyorlardan Xalq artisti Tariyel Qasımov, Əməkdar artist Əli Nur, rəqqasə, Xalq artisti Cəmilə Bayramova, müğənnilərdən Əməkdar artist Gülüstan Əliyeva, Nəzakət Məmmədova, Şahnaz Əliyeva, Zakir Əliyev, Fəxri Kazım Nicat iştirak ediblər.
Nazirliyin Regionlarla iş sektorunun aparıcı məsləhətçi Oqtay Muxtarovun verdiyi məlumata görə, respublikanın regionlarında görkəmli incəsənət ustaları və mədəniyyət xadimlərinin əhali ilə keçirilən yaradıcılıq görüşləri böyük maraqla qarşılanır: “Bu cür tədbirlər regionlarda mədəniyyətin müxtəlif sahələrinə marağı daha da artırır. Gənc nəslin sənət adamları və yaradıcı şəxslərlə yaxından tanış olması üçün bu görüşlər çox önəmlidir. Bu həm də regionlarda əhalinin asudə vaxtının səmərəli təşkili, bölgələrdə mədəni əlaqələrin möhkəmləndirilməsi üçündür”.
Tədbirə şair, Əməkdar incəsənət xadimi Ç.Əlioğlu aparıcılıq edərək ədəbi-bədii yaradıcılıqdan danışıb. Xalq artisti T.Qasımov teatr və kinoda çalışdığı zaman baş verən maraqlı hadisələrdən söz açıb. Aktyor Ə.Nur ulu öndər Heydər Əliyevə həsr olunan lirik şeirlər oxuyub. Müğənnilər isə vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.
Xatırladaq ki, yaradıcılıq görüşləri bundan öncə, dekabrın 7-də Mingəçevir şəhərində keçirilmişdi. Tədbirlərin keçirilməsində hər iki şəhərin - Mingəçevir şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Tahir Əzizli, Yevlax şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlqar Əhmədov təşkilati işləri nümunəvi şəkildə yerinə yetiriblər.
Qeyd edək ki, yaradıcılıq görüşləri dekabrın 14-15-də Salyan və Neftçala rayonlarında davam etdiriləcək.
İ.Hacılı
Mədəniyyət.-
2010.- 10 dekabr.- S. 4.