“Başlıca məqsədimiz tədrisin

 keyfiyyətinin artırılmasıdır”

 

   Cəfər Cəfərov: “Ötən tədris ilində diplom ala bilməyənlərdən nəticə çıxaranlar çoxdur”

  

   Onunla rəhbərlik etdiyi ali təhsil ocağında bir neçə dəfə görüşüb müsahibə almışdıq. Bu dəfə isə redaksiyamıza dəvət etdik və o, təklifimizi məmnuniyyətlə qəbul etdi. Beləliklə, müsahibimiz Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərovdur.

  

   - Ötən il bu vaxt sizinlə söhbət edərkən ATİ-də Bolonya təhsil sisteminin tətbiqindən danışaraq bildirmişdiniz ki, məzunların heç də hamısı diplom ala bilməyəcək. Doğrudan da institutun 123 məzunundan 74 nəfəri diplom ala bildi. Hazırkı tədris ilində vəziyyət necədir?

   - Təbii ki, biz istərdik tələbələrimizin hamısı diplom alsın. Amma bunun üçün onlar təhsili müvəffəqiyyətlə başa vurmalıdırlar. ATİ-nin ilk buraxılışında diplom almış 74 nəfərə gəlincə isə, onların bilik və bacarıqlarına əminik. Yeri gəlmişkən, onlardan bir neçəsi hazırda institutda işləyir. O ki qaldı diplom ala bilməyənlərə, onların gəlib öz təhsillərini davam etdirmək və diplom almaq şansları qalır. Bu bir reallıqdır. Azərbaycan artıq bu yolla gedir. Təkcə təhsil sahəsində yox, digər sahələrdə də yalnız keyfiyyətə üstünlük verilir. Təbii ki, tələbələr də digər vasitələrlə diplom ala bilməyəcəklərini görüb oxumağa üstünlük verəcəklər.

   Bizim institutda qaydalar çox ciddidir. Sessiya imtahanlarında bir nəfər də əlavə yazılı məlumatdan istifadə edə bilməz. Çünki tələbələr artıq institutun qaydalarına adət ediblər, öyrəniblər. Onsuz da maksimum dərəcədə çalışırıq ki, tələbələrə özlərini doğrultmaq üçün şərait yaradaq. İndiyə qədər heç bir tələbəni kəsiri olduğuna görə xaric etməmişik. Düzdür, bu məsələ artıq Elmi Şurada müzakirə edilir. Yəqin ki, yaxın günlərdə bununla bağlı bəzi qaydalar dəyişdiriləcək.

   - 2010-2011-ci tədris ilində institutun neçə nəfər məzunu olacaq və neçə nəfərin diplom almaq şansı var?

   - Bu dərs ilinin sonunda qiyabi təhsil alanlarla birlikdə təxminən 250 nəfərə yaxın məzunumuz olacaq. Onlardan neçəsinin diplom alacağını isə zaman göstərəcək. Onu da deyim ki, ötən dərs ilində diplom almayanlardan nəticə çıxaranlar çoxdur. Çalışırlar ki, kəsirlərini versinlər.

   - Məlum olduğu kimi, ölkəmizin turizm sektorunda mövcud olan kadr çatışmazlığı problemini həll etmək üçün Turizm İnstitutunun nəzdində peşə kursları fəaliyyətə başlayacaq. Sizcə, bu sahədəki boşluğu doldurmaq mümkün olacaqmı?

   - Biz kursların başlaması üçün öz tərəfimizdən lazım olan bütün hazırlıq işlərini görmüşük. Turizmin bir istiqaməti də hotel biznesidir. Hoteldə işləyən insanların uzağı 20 faizi ali təhsilli insanlardır. Yerdə qalan 80 faiz üçün peşə təhsilli olmaq kifayətdir. Peşə təhsili ilə bağlı məsələ indiyə qədər diqqətdən kənarda qalıb. Amma bu ildən ölkə başçısı tərəfindən imzalanan «2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı»nın tələblərinə uyğun olaraq, bu istiqamətdə müəyyən işlər görülür. Bunun bütün ölkə ərazisində şəbəkə formasında həyata keçirilməsinə ehtiyac var. Məqsəd isə turizmi ölkəmizdə qeyri-neft sektorunda aparıcı sahələrdən birinə çevirməkdir. Əgər keyfiyyətli kadr yoxdursa, səviyyəli turizmdən danışmağa dəyməz. ATİ-də bu istiqamətdə müəyyən işlər görülür. Bunlardan birincisi odur ki, bu il institutumuzda magistraturaya ilk qəbul oldu. Gələn ildən turizm sahəsində elmi araşdırmaları davam etdirmək üçün doktorantura mərhələsi başlayacaq. Eyni zamanda, qeyd etdiyiniz kimi, biz artıq peşə təhsili ilə bağlı işlərə başlamışıq. Sadəcə kursların başlaması üçün Nazirlər Kabinetinin qərarını gözləyirik. Əslində ATİ yeni yaradılanda qısamüddətli kurslara başlamışdıq. Hətta hotel xidmətçiləri ilə bağlı bir neçə treninq də keçirdik. Sonradan bunu layihələr çərçivəsində respublikamızın müxtəlif bölgələrində də reallaşdırdıq. Amma bu bir qədər çətindir. Normal kursların keçirilməsi üçün təlim restoranının, mətbəxlərinin və s. olmasına ehtiyac var. Çünki nəzəri bilik işin ilk mərhələsidir. Gündəlik öyrəndiklərini praktikada tətbiq etməlisən. Bu səbəbdən də biz çox əhəmiyyətli bir işə başlamışıq.

   Məlum olduğu kimi, Azərbaycanın şimal bölgəsində Şahdağ qış-yay turizm kompleksi inşa edilir. Burada bütün işlər başa çatdıqdan sonra 10 min nəfər qonağın qarşılanması üçün təxminən 5 min insanın işləməsi nəzərdə tutulur. Üstəlik ölkə ərazisində 35-40 yeni mehmanxana və mehmanxana tipli turizm obyekti tikilir. Bu obyektlərdə işləmək üçün peşəkar kadrlara ehtiyac var.

   - Deyirsiniz ki, tam peşə təhsili vermək üçün lazımi şərait lazımdır. Reallaşdırmaq istədiyiniz peşə kurslarında lazım olan səviyyədə kadr hazırlamağa imkanlar varmı?

   - Turizmin özündə olduğu kimi, təhsildə də bir nömrəli məsələ kadr məsələsidir. O cümlədən keyfiyyətli tədrisi aparacaq kadrlar lazımdır. Ayrı-ayrı sahələr üzrə yaxşı mütəxəssislər var. Yerli kadrlar cəlb olunacaq, eyni zamanda da xaricdən mütəxəssislərin dəvət edilməsi nəzərdə tutulur. Başlanğıcda 5-6 istiqamət üzrə hazırlıqlar olacaq. Eyni zamanda yaxın vaxtlarda ali təhsilli, xarici dil bilən insanlar arasından qısamüddətli kurslarla turizm bələdçisinin hazırlanmasına da start veriləcək. Bu yaxınlarda Gürcüstandan bələdçi assosiasiyasının nümayəndələri gəlmişdilər. Bələdçilərlə bağlı layihə həyata keçirirdilər. Bir neçə gün əvvəl Batumidə onların toplantısı oldu. Bizdən də həmin tədbirdə iştirak edənlər vardı. Bizdə belə bir assosiasiya yoxdur. Belə assosiasiyanın yaradılması bu yöndə beynəlxalq layihələrdə də iştirak etmək imkanı verir. Bizdə peşəkar bələdçilər azdır. Ona görə də bələdçilərin hazırlanması ilə bağlı qısamüddətli kurslar təşkil edəcəyik.

   - Bu günlərdə daha bir xarici ali təhsil ocağı - Almaniyanın Yade Universiteti ilə əməkdaşlıq haqqında razılıq əldə etmisiniz və ikili diplomla bağlı müqavilə imzalamısınız...

   - Almaniyanın by universiteti ilə əlaqələrimiz daha öncə də vardı. ATİ-nin Tədqiqat və İnkişaf Mərkəzi ilə həmin ali təhsil ocağı bir neçə layihə həyata keçirib. Sonra bizim iki tələbəmiz bir semestr orada oxuyub qayıtdı. Bir nəfər müəllimimiz isə təcrübə keçdi. İndi iki tələbəmiz yenə də oradadır. Bütün bunlar ilkin əməkdaşlıq formasıdır. Ancaq biz bunu ikili diplom səviyyəsinə çatdırmaq istəyirik. Bu məsələ ilə bağlı danışıqlar gedir. Bu yöndə əməkdaşlıq edəcəyimiz daha bir universitet də var. Bu da Şimali Kiprin Doğu Akdeniz Universitetidir. İkili diplomun müxtəlif formaları var. Akdeniz Universiteti ilə isə belə olacaq ki, bizim iki tələbəmiz iki il müddətinə orada, onların iki tələbəsi isə həmin müddətdə bizdə təhsil alacaq.

   - Dünyanın tanınmış ali məktəblərinin sırasında dayanmaq üçün gələcəkdə hansı işləri görməyi planlaşdırırsınız?

   - Düşünürəm ki, ali məktəblər təkcə mütəxəssis hazırlığı ilə məşğul olmaqla kifayətlənməməlidir. Onlar özləri müəyyən təkliflərlə çıxış etməlidir və bu yolla da cəmiyyətin aparıcı qüvvələrindən birinə çevrilməlidir. Bunun üçün də onun potensialı olmalıdır. Potensial isə tələbələrdən, müəllimlərdən gəlir. Bu potensiallar da birləşib ölkənin gücünün artırılmasına xidmət edir.

   Gələcəkdə tələbələrimizin müxtəlif klublara üzv olmasına da şərait yaratmaq istəyirik. Bununla onların sosial fəaliyyətlərini qurmasına, mənalı tələbə həyatı yaşamalarına nail olmaq niyyətindəyik. İnstitut strukturunun Avropada olduğu kimi, departamentlər əsasında qurulmasını istəyirik. Bunu etmək üçün fənlərin oturuşmasına ehtiyac var. Artıq 5 ildir fəaliyyət göstərməyimizə baxmayaraq, hələ də kurrikulumları yenidən nəzərdən keçiririk, müxtəlif dəyişikliklər edirik. Yəni hər şey yoluna qoyulduqdan sonra kafedra prinsipindən departament prinsipinə keçmək istəyirik. Müasir, operativ, daha effektiv struktura keçmək üçün gərək nəyisə yaradasan.

   Bundan əlavə, tutorlar sisteminin tətbiqini düşünürük. Tutor nə deməkdir? 100 nəfər tələbənin rəhbəri. Onların bütün problemlərini həll edəcək, yol göstərəcək. Tutor fəaliyyəti ilə bağlı çoxlu sayda işlər var. Bunlar olduqdan sonra tutaq ki, fakültə rəhbərliyi daha strateji işlərlə məşğul olmaq imkanı qazanır. Kafedra sahə üzrə aparıcı müəssisəyə çevrilməlidir. İnzibati vahid olaraq əksər işlərlə özü məşğul olmalıdır. Turizm İnstitutu turizm sahəsində bütün istiqamətlər üzrə doktorantura səviyyəsinə qədər təhsili olacaq mütəxəssislər hazırlayacaq.

   Planlarımız çoxdur. İstəyirik gələcəkdə təkcə turizm yox, xidmətin digər sahələrini də əhatə edək. İnstitut fəaliyyətə başlayanda birinci il bizim üç ixtisasımız var idi. İndi 11 ixtisas üzrə tələbə qəbul edirik. Onlardan yalnız menecment və marketinqlə bağlı tədris mərhələsi başa çatıb. Yerdə qalan ixtisasların hamısının mərhələsinin başa çatmasına ehtiyac var. Digər tərəfdən, ATİ-də hələ strukturlaşma prosesi davam edir. Birinci il işə iki kafedra ilə başlamışdıq, indi 7 kafedramız var. Bəzi kafedralar hələ yeni yaradılıb. Bundan sonra hələ ki ixtisasların sayını artırmaq fikrimiz yoxdur. Bütün bunların arasında da təbii ki, strateji xətt keyfiyyətin artırılmasıdır. Biz təhsil xidmətini təklif edənik, tələbə isə onu alandır. Əgər keyfiyyətli xidməti təklif edə bilsək, təbii ki, institutumuzu seçənlərin sayı da çox olacaq.

  

   Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.-2010.-15 dekabr.-S.5.