Bakıda Türk Filmləri Həftəsi
yekunlaşdı
Bakıda sayca 7-ci dəfə keçirilən Türk Filmləri Həftəsi başa çatdı. Dekabrın 13-dən 15-dək Aktyorlar evində gerçəkləşən nümayişlərdə kinosevərlərə beş ekran əsəri təqdim olundu. Sonuncu nümayiş günü iki film - “Nəşəli həyat” və “Əşrəfpaşalılar” filmləri nümayiş olundu.
Rejissor Yılmaz Erdoğanın “Nəşəli həyat” (“Balaca adamın böyük hekayəsi”) filmində baş qəhrəman Rza Şentürk dünyanın ən qayğılı Santa Klausudur. Santa Klausun nə olduğunu bilməsə də Yeni İl ərəfəsində bu qiyafədə insanları şənləndirir. Çiyinlərində “dünyanın yükü”nü daşıyan Rza sonda hər şeyi öyrənir: “Həyat dediyimiz məfhum uşaqların inandığı yalanlardan daha gerçək deyildir”...
Rejissor Hüdaverdi Yavuzun “Əşrəfpaşalılar” filmi isə bir qadını sevən iki əks xarakterli dostdan bəhs edir. Dostlardan biri (Təyyar) mafiya başçısı, digəri (Davud) öz halal zəhməti ilə dolanan kafe sahibidir. Madam Elen Davudu sevsə də, Təyyar ilə evlənmək məcburiyyətində qalır. Hadisələrin ziddiyyətli məqamda düyünə düşməsinə baxmayaraq məhəllə məscidinin imamı süjet xəttini fərqli istiqamətə yönəldir.
Qeyd edək ki, paytaxt kinosevərləri həmçinin türk kinematoqrafçılarının son illər çəkdiyi uğurlu ekran əsərlərindən olan “Bəyaz mələk”, “I love you”, “Nəfəs. Vətən sağ olsun” filmlərinə də baxmaq imkanı qazanmışdılar.
Türk Filmləri Həftəsi Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və bu ölkənin “AY YAPIM” şirkətinin təşkilatçılığı ilə keçirilirdi.
Yeganə
Mədəniyyət.- 2010.- 15 dekabr.- S. 10.