Böyük alim adam - Xudu Məmmədov

 

   Başlıqdakı son sözü - «adam» ifadəsini qəribçiliyə salmamalı; axı, xalq «Alim olmaq asandır, adam olmaq çətin!» deyir.

  

   Dostları ona «Sirri-Xuda» deyiblər. Şairlər onu «ömür karvanının sənət yükünə» qeyrətli sözlər, əməllər yükləyən, «Sən dənizsən, biz - tərs axan çayların» kimi misralarla öyüblər. Dünyanın elm nəhəngi Con Bernal (İngiltərə) Moskvada keçirilən (1953) elmi konfransda öz «dahi tələbəsi» haqda guya söz tapa bilməyən akademik Sıçevin fikrinə belə qüvvət verib: «Bizdəki (Britaniya) sizdəki (SSRİ) «pensioner» kristalloqrafların həll edə bilmədiklərini Sizin 25 yaşlı «pioner»-tələbəniz - cənab Xudu Məmmədov həll etmişdir

   Belə. 1927-ci il dekabrın 14-də doğulub Xudu adını alan Məmmədova 25 yaşında böyük alim titulu verdilər...

  

   Özü isə...

  

   Onun özü isə özü haqda heç deməmiş, heç fikirləşməmiş, heç yazmamışdır. Məclislərdə «Ev üçün, ailə üçün işləyərkən yorulmamaq üçün el üçün çalışmaq gərəkdirdemişdir. Ətrafa, xalqa, millətə qarşı laqeydlik haqda «Heç kəs eşitmək istəməyən adam qədər kar ola bilməz», ötəri uğursuzluqlar barədə «Həyatın böyük çətinlikləri səni böyük məqsədlərdən yayındırırsa, uğurlar uğrunda çəkdiyin əzablar səni üzürsə, Füzulini oxu, ölməz «Koroğlu»nun uvertürasına qulaq as, muğamlarımızı, saz havalarımızı dinlə; sənə yenidən qalxıb irəli getmək həvəsi gələcək» yazmışdır.

  

   Adam var ki...

  

   Bu bir deyimdir. İkinci tərəfi yaxşı səslənmədiyi üçün (mənası çox ləzzətli olsa belə) yazmıram. Amma Xudu müəllim doğrudan da adamların, adamlığın naxışı idi. Elmi yaradıcılığına imkanım daxilində, intellektinə, obrazlı təfəkkürünə, ədəbi-bədii zövqünə, sənət aşiqliyinə, mədəniyyət kompleksinə, dahiyanə səmimiyyətinə, dostluq istedadına isə kifayət qədər bələd olduğum Xudu müəllim haqda fikirləşib, dünyanın ən uzun, ən irihəcmli «xatirə»sini yazmaq imkansızlığı mümkünsüzlüyü ilə üzləşəndə həmişə dadıma bu ikicə kəlmə çatıb: «Doyulmaz İnsan»...

   Adamların dərini olur, dayazı olur, yaxşısı, pisi, daha neçə-neçə sifəti, təyintamamlığı» olanları olur. «Çətin adam» ifadəsini tez-tez eşidirik. Bunun antonimini - tərsini isə, məncə, hələ işlədən olmayıb.

   Bəli, Xudu müəllim dünyanın ən asan adamı idi. Seçdiyi elm sahəsindən tutmuş bütün fərdi-ictimai münasibətlərə qədər - cəfalı dolanışıq səbri, dönməz vətəndaşlıq, susmaz ziyalılıq, xalsız paklıq, «mənəm-mənəm»likdən tam xali təvazökarlıq, milli düşüncə davaları istisna edilməklə, həyatın ən çətin imtahanlarını seçmiş ən asan insan!

   Xudu Məmmədov sadə xalqla mürəkkəb elm arasında get-gəlli körpü salan alim-ziyalılardan idi. Bu məqamda onunla söhbətlərimizdən birini xatırladım. Doğma yurdunda - Ağdamın Mərzili kəndində - orijinallığı ilə adamı heyran edən (büsbütün öz layihəsi ilə tikdirdiyi) evində gecənin gec vədəsində ortaya atdığım suallarla (xüsusən «... bəşəriyyət niyə belə ədalətsizdir: olanları yaradan şairə, sənətçiyə heykəl qoyur, olmayanları ixtira edən alimlərə yox?) onu səhərə qədər yuxusuz qoydum. Hər birinin arxasında «məntiq valyutası» dayanan fikirlər söyləyib geniş şərhlər versə , «xatircəm» qalıb-qalmayacağımdan narahat olan bu həssas insan əlavə etdi ki, bu dünyada bir elm evi var; alimlər zaman-zaman gəlib ona - az ya çox, pis ya yaxşı - suvaq çəkib gedirlər. Sənətkarların isə hər birinin ayrıca evi olur...

   Xudu Məmmədov - təhsilcə geoloq, ixtisasca kristalloqraf-kimyaçı olan bu alim qədər elm adamı idisə, bir o qədər el adamı idi. Tarixən yalnız əkin-biçinə məhkum edilmiş xalqımızın bir parası onun kristalloqrafik ornamentlər yaradıcılığından, «Sənət təbiətin öyrənilməsində strategiya, elm isə taktikadır» kimi hikmətlərindən, «Cansızlardan canlı aləmə körpü atmasından» (C. Bernal) o qədər asan baş aça bilmirdi. Ancaq onlar onun özüylə beş-on kəlmə kəsəndən, məclis-mərəkədə, efir-ekranda söhbətlərini dinləyəndən sonra ayılırdılar ki, yox, bu anlaşılmazlıqların təqsiri alimdə deyil, aləmdədir... 

 

   Canlı məktəb

  

   Xudu müəllimdə hamıya çatdıq mənəvi pay, ziya vardı. O, mükəmməl incəsənət timsallı bir varlıq idi - aydın gözəl musiqi, füsunkar tablo, monumental heykəltəraşlıq nümunəsi, memarlıq abidəsi kimi hamıya çatırdı.

   Xudu müəllimin el-oba sevgisində bir Leyli-Məcnunluq vardı. Hər dəfə səfərdən fəlsəfi qənaətlərlə qayıdardı. 70-ci illərin axırlarında ucqar rayonların birindən qayıdıb, orada gördüyü müsbət yeniliklərlə bərabər, bir az şimaldan, bir az qərbdəngötürmə «modernizm»ə eyhamla: «Kənd görmək istəyirsinizsə, tələsin, kənd qurtarır...» - dedi.

   Onun dostlarının hamısı, tələbələrinin əksəriyyəti milli keyfiyyət daşıyıcıları idi. Bu, onun həyati baxışları, xarakter naxışları ilə bağlıydı. Həm axı, elm millət azarından savayı heç nəyi, hətta kiməsə bir çay qonaqlığı vermək imkanı olmayan bu kristal kristalloqrafın yanında qeyri-millilərin işi vardı?...

   Onun dostları arasında ad-sanları bütün dünyaya bəlli Çingiz Aytmatov, Cavad Heyət, Bəxtiyar Vahabzadə, Nurəddin Rza, vətəndaşlıq məramları bütün Azərbaycana məlum Şahmar Əkbərzadə, Zeynal Məmmədov vardı.

   ...1980-ci ilin yayı. Qarabağın Arazqırağı kəndlərindən birində toydur. DTK-nın rayon şöbəsinin sədri o vaxtlar üçün misilsiz bir cəsarətlə Xudu müəllimlə Şahmar Əkbərzadəni gecəyarısı «Araz-stroy» körpüsündən o taya - Güney Azərbaycana keçirir. O on-on beş dəqiqəlik «oğrun Vətən görüşündə» Xudu müəllim nələr çəkmir, nələr etmir?! Diz çöküb öpdüyü torpaqda çəmən qoxlayır, çiçək axtarır, həsrət otları yolur.

   Ertəsi gün onu həmişəkindən daha şad-xürrəm görən toy adamları (bu kənddə üçüncü oluşuydu) sualı suala caladılar, ötəkilərdən daha yaxın pərvanələşdilər. Kənd xəstəxanasının baş həkimi «mənalarınıza can verim», «qədəmlərinizə üz qoyum» deyənlərdən bir istək boy verib, «Sizə fəda olum, ay Xudu müəllim, hər şey gözəldir, amma heyf ki, içmirsiz, sağlığınıza qaldırdığımız badələrə bir avtoqraf-badə toxundurmursuz...» - dedi. Xudu müəllim isə özünəməxsus təbəssümüylə bu kəndin qonaqpərvərliyindən, əsrin əvvəllərindəki qaçaq-qoçaqlığından bir xeyli danışıb, ürəyinin gizlinində çiçək çırtladan ötən gecəki olayın eşqi ilə söhbətini belə yekunlaşdırdı: «Mənim içib-içməməyimi neynirsiz, siz məndən dəmlik istəyin. Mən dəməm...».

   Sabahısı onu öz rayonundan qatarla yola salırdıq. «Sərnişinlərdən xahiş olunur...» elanından sonra o, yarıkönül vaqona qalxdı əlbəəl qayıdıb yerə düşdü. «Ay Zeynal müəllim, - dedi - sən Allah, vaxt elə, sabahda-birigündə Bakıya gəl. Srağagün gecə o tayımızda gördüklərimi, lətifəsi insanlardan uzaq, gövşəyib qurtara bilmirəm! Gəl, bir əməlli-başlı paylaşaq...»

   Bütün şüurlu ömrü uzunu canında-qanında, sözündə-söhbətində milli azadlıq, müstəqillik arzusu mücadiləsi aparan bu insan, təəssüf ki, öz ana arzusunun mənzil başına üç il qalmış - 1988-ci ildə dünyasını dəyişdi. Özü bu sevgili mücadilənin ilkin ritmi üstdə - Qarabağ yanğısının əlimyandı məqamında. Dünyadəyişmə məkan-mənzili isə bir Tanrı peşkəşi idi; canından artıq, milləti qədər sevdiyi Üzeyir bəyin ev-muzeyi...

  

   Tahir Abbaslı  

 

Mədəniyyət.-2010.-15 dekabr.-S.11.