Qara Qarayev adına beynəlxalq
elmi-ifaçılıq
müsabiqəsi başa çatdı
Xəbər verdiyimiz kimi, dekabrın 6-dan 10-dək
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında
(BMA) “Fortepiano Qara Qarayev yaradıcılığında” I
Beynəlxalq elmi-ifaçılıq konfransı və Qara
Qarayev adına Pianoçuların Birinci Beynəlxalq
elmi-ifaçılıq müsabiqəsi keçirilib.
Konfransda böyük bəstəkarın əsərlərinin
elmi təhlilinə həsr edilmiş bir çox elmi məqalələr dinlənilib. Bildirilib ki, Azərbaycan musiqisinə dünya şöhrəti gətirən
sənətkarlar arasında
Qara Qarayev xüsusi yer tutur. Böyük bəstəkar, pedaqoq və ictimai xadim Q.Qarayev sənətdə daim yeni axtarışlar sorağında olub. Onun Nizaminin “Yeddi gözəl” poemasından
bəhrələnərək yazdığı “Yeddi gözəl” və Cənubi Afrika Respublikası yazıçısı
Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı
yollarla” baletləri dünyanın bir sıra ölkələrində
uğurla göstərilib.
Onun “Birinci
simfoniya”sı Azərbaycanın
ilk simfoniyalarından sayılır. Kamera orkestri üçün yazdığı “Üçüncü
simfoniya” isə Azərbaycan musiqisinə dodekfoniya yazı üsulunun gətirilməsi
ilə əlamətdardır.
“Don Kixot” simfonik qravürləri (ispan yazıçısı
Servantesin əsəri
əsasında), “Leyli
və Məcnun” (Nizaminin poeması əsasında), “Vyetnam süitası” əsərləri
Q.Qarayevin yaradıcılığının
dəyərli səhifələridir.
Natiqlər bəstəkarın
musiqi əsərlərini
hərtərəfli təhlil
edərək onun yaradıcılığının bənzərsizliyindən, orijinallığından,
özünəməxsusluğundan danışıblar.
Dekabrın 10-da konfrans
və müsabiqəyə
yekun vurulub.
BMA-nın rektoru, professor,
Xalq artisti Fərhad Bədəlbəyli
mərasimdə çıxış
edərək 2010-cu ili
“Mədəniyyətlərin beynəlxalq yaxınlaşması
ili” elan edən UNESCO-nun himayəsi altında keçirilən müsabiqədə
iştirakçıların Qara Qarayevin əsərləri ilə yanaşı, öz ölkələrinin sənət
nümunələrini də
ifa etdiklərini bildirib. İştirakçılar
arasında beynəlxalq
müsabiqələrin qaliblərinin
və milli mükafatların sahiblərinin
olması tədbirin yüksək səviyyədə
keçirilməsinə təkan
verib.
Müsabiqədə Azərbaycanla
yanaşı, ABŞ, Rusiya,
Gürcüstan, Türkiyə,
Qırğızıstan, Küveyt,
Tatarıstan, Özbəkistan
və Türkmənistandan
olan pianoçular iştirak ediblər.
Birinci qrup iştirakçılar üçün
10-16 yaş həddi, ikinci qrup üçün
17-30 yaş həddi müəyyən olunub.
Münsiflər heyətinin
yekdil qərarı ilə müsabiqənin “Qran-pri” mükafatını
rusiyalı Varvara Nepomnyaşaya qazanıb.
Birinci qrup iştirakçılar arasında
birinci yerə Azərbaycan təmsilçiləri
Fuad Əlizadə və Murad Abbasov
layiq görülüblər.
İkinci yaş qrupunda isə qalib adını azərbaycanlı Fəqan
Həsənli və tatarıstanlı Liliya Xusnullina qazanıblar.
Qaliblərə diplom,
pul mükafatı və xüsusi hədiyyələr təqdim
edilib
Mədəniyyət.-2010.-15
dekabr.-S.6.