Bakıda IV Beynəlxalq Mstislav Rostropoviç Festivalı davam edir
Klassik
musiqi bayramında dünyanın ən yaxşı ifaçıları
iştirak edirlər
Xəbər verildiyi
kimi, dekabrın
12-də Bakıda IV Beynəlxalq
Mstislav Rostropoviç
Festivalına start verilib.
2007-ci ildən ənənəvi olaraq keçirilən festivalın
təşkilatçıları Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondudur.
Mstislav Rostropoviç Fondunun
rəhbəri, maestronun
qızı Olqa Rostropoviç dekabrın
10-da Leopold və Mstislav
Rostopoviçlərin Bakıdakı
ev-muzeyində mətbuat
konfransı keçirərək
festivala hazırlıqla
bağlı fikirlərini
bölüşdü.
Bakıya hər səfərindən
sevinc duyduğunu deyən Olqa Rostropoviç bu şəhərin onun üçün doğma olduğunu vurğuladı.
O, atasının xatirəsinə
həsr olunmuş festivalın hər ötən il
daha geniş auditoriya topladığını
qeyd etdi: “Əvvəlki festivallardan fərqli olaraq, bu il beynəlxalq
layihə daha geniş miqyasda baş tutacaq. IV Beynəlxalq Mstislav
Rostropoviç Festivalı
öncəki festivalların
zirvəsi olacaq.
Çünki budəfəki festivala
dünyanın çox
məşhur musiqiçiləri
qatılacaq. Onların arasında
dünya şöhrətli
dirijor, İsrail Filarmonik Orkestrinin bədii rəhbəri Zubin Meta da var”.
O, məşhur fransız
aktyoru Jerar Depardyenin festival çərçivəsində
Bakıya səfərinin
əlamətdar hadisə
olduğunu nəzərə
çatdırdı. Festivalın daha
bir yüksək qonağı isə dahi rus bəstəkarı
Dmitri Şostakoviçin
həyat yoldaşı
İrina Şostakoviçdir.
Olqa Rostropoviç festivalın
açılışının dekabrın 12-də, Heydər
Əliyevin xatirə günündə keçirilməsinin
də təsadüf olmadığını vurğuladı.
Onun sözlərinə
görə, təşkilatçılar
bununla yaxın dost olmuş iki böyük şəxsiyyətin
xatirəsini birlikdə
yad etmək istəyiblər. O, festivalın
Gənclər Orkestrinin
konserti ilə açılmasının əlamətdar
fakt olduğunu söylədi: “Belə bir orkestrin yaradılması
atamın istəyi olub. Amma orkestr onun vəfatından sonra yaradılıb”.
* * *
Dekabrın 12-də M.Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında IV Beynəlxalq
Mstislav Rostropoviç
Festivalının təntənəli
açılış mərasimi
keçirildi.
Tədbiri giriş
sözü ilə açan mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev festivalın musiqimizin inkişafına böyük təkan olduğunu vurğuladı:
“Azərbaycan Respublikasının
prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə bu beynəlxalq festival hər
il dekabr ayında ölkəmizin paytaxtında əsl musiqi bayramı kimi təşkil edilir. Əvvəlki festivallardan fərqli
olaraq, builki festivalın proqramı daha genişmiqyaslı və rəngarəngdir.
Bir həftə davam edəcək festivalda Rusiya, İsrail, Böyük Britaniya, Almaniyadan dünya şöhrətli
musiqiçilər və
kollektivlər - Yuri Başmet
və “Moskva solistləri” kamera ansamblı, Zubin Meta və İsrail Filarmonik Orkestri, Qalina Vişnevskayanın
Opera Mərkəzi, Maksim
Vengerov, Eliso Virsaladze, Natalya Qutman, Pinkas Sukerman, Rudolf Buxbinder və başqaları iştirak edəcəklər.
İnanıram ki, konsertlərdə bir çox beynəlxalq kollektivlərlə yanaşı,
Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Uşaq-Gənclər
Simfonik Orkestrinin, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışları da
maraqla qarşılanacaq”.
Daha sonra festivalın bədii rəhbəri, Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç atasına, onun sənətinə göstərilən qayğı
və ehtirama görə Azərbaycan xalqına, prezident İlham Əliyev və Heydər Əliyev Fonduna rəhbərlik edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya xüsusi minnətdarlığını bildirdi: “Bizim festivalımız artıq
4-cü dəfə keçirilir
və əminliklə
demək olar ki, musiqi dünyasında
ən böyük hadisələrdən birinə
çevrilib. Onun iştirakçıları
dünya şöhrətli
musiqiçilər və
müxtəlif ölkələrdən
parlaq istedada malik gənclərdir.
Mən fəxr edirəm ki, Mstislav Rostropoviçə
həsr olunmuş ən birinci festival məhz burada, atamın çox sevdiyi və onun üçün əziz olan musiqiçilərin adı
ilə bağlı şəhərdə keçirilib.
Bakıda beynəlxalq
musiqi festivallarının
keçirilməsi atamın
arzusu idi”.
Festivalın ilk günü
dirijor, Xalq artisti Teymur Göyçayevin rəhbərliyi
ilə Azərbaycan Dövlət Uşaq-Gənclər
Simfonik Orkestrinin çıxışı ilə
başladı. Solistlər
Elvin Qəniyev, Toğrul Hüseynli, Ceyla Seyidova və Mustafa Aşurov Ü.Hacıbəyli,
M.Maqomayev, Q. Qarayev,
Niyazi, O.Zülfüqarov,
M.Mirzəyev, A.Vivaldi,
N.Rimski-Korsakovun və
başqa bəstəkarların
əsərlərini ifa
etdilər.
Onu da qeyd edək
ki, Dövlət Filarmoniyasının foyesində
M.Rostropoviçin ulu öndər Heydər Əliyevlə görüşlərini
əks etdirən fotosərgi də qonaqlara nümayiş olundu. Tədbirdə dövlət və hökumət nümayəndələri,
Milli Məclisin deputatları, tanınmış
mədəniyyət xadimləri
və musiqisevərlər
iştirak edirdilər.
Yeganə
Mədəniyyət.-2010.-15 dekabr.-S.4.