Səttar məktəbinin töhfələri
Hələ sağ ikən adı
əfsanələşmiş görkəmli fırça
ustası Səttar Bəhlulzadə 15 dekabr 1909-cu il tarixdə
Bakının Əmircan kəndində anadan olub. Balaca vaxtında cansız-çəlimsiz bir
uşaq olsa da, diribaşlığı
ilə tay-tuşlarından
seçilib.
Erkən yaşından yaradıcılıqla
məşğul olur.
Kənddə hamı bu çəlimsiz oğlanın titrək əlləri ilə çəkdiyi rəsmlərə
baxıb təəccüb
edir. Rəssamlıq istedadı onu rahat buraxmır. O, bu sənəti
mükəmməl öyrənmək
məqsədilə Bakı
Rəssamlıq Məktəbinə
daxil olur. 1931-ci ildə məktəbi uğurla başa vurur. 1931-1933-cü illərdə
görkəmli fırça
ustası Əzim Əzimzadə ilə birlikdə “Kommunist“ qəzetində çalışır.
Sonra sənətin sirlərini dərindən öyrənmək
üçün 1933-cü ildə Moskvaya gedir. V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunun
qrafika fakültəsinə
daxil olur. 1935-ci ildə təhsilini rəngkarlıq fakültəsinə
davam etdirməyə başlayır. Professor
Q.M. Şeqalin rəhbərliyi
altında rəssamlığın
incəliklərini, fransız,
rus mənzərə ustalarının ənənələrini
mənimsəyir.
Rəssamlığın
ona məlum olmayan sirlərini öyrənmək əzmində
ikən müharibə
başlayır. Ona görə də Bakıya dönmək məcburiyyətində qalır.
Müharibə illərinin
çətinlikləri onu
sənətindən ayıra
bilmir. O, peşəkarlığını
artırmaq üçün
daha da əzmlə
çalışır. Sənətinin
çoxşaxəli inkişafına
nail olur. 1941-1946-cı
illərdə “Fətəli
xan”, “Xəttat Mirzə“ portretlərini yaradır. Sonra “Atəşfəşanlıq”, “Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol”, “Yaşıl xalı“, “Xəzər üzərində
axşam şəfəqləri”
tablolarını yaradır.
Yaradıcılıq
yollarında o, Abşeronun qumsal dəniz sahillərini, münbit torpağını
çox gəzir. Sonra bir-birindən gözəl sənət əsərlərini ağ
kətan üzərinə
köçürür. Gördüyü
və müşahidə
etdiyi hər bir mənzərənin tipik obrazını yaradır. Sehrli fırçası kətan
üzərində “Xəzər
gözəli“, “Bahar çiçəkləri“, “Bağlar
arasında”, “Yaşıl
xalça“, “Payız küləyi“ , “Qoca ağac“, “Tut ağacı” və digər sənət əsərlərini yaradır.
O, saatlarla oturub güllərə, çiçəklərə tamaşa
edərmiş. Bir gün sənət yoldaşlarından biri ondan soruşub: - Səttar, nə üçün belə edirsən? O, deyib:
- Güllərə
tamaşa etdikcə rənglərin ahəngindən
güc-qüvvət alıram.
Səttar Bəhlulzadənin özünəməxsusluğu
onu digər sənətkarlardan gözlə
görünəcək qədər
fərqləndirir. O, təbiəti
sulu boya ilə kətan üzərində təsvir
etməkdən ötəri,
səhər yuxudan oyanıb çölləri,
yamacları seyr edib. Görünür, tale ona rənglərin
dili ilə cahanı vəsf etmək bacarığı-istedadı
veribmiş. O, həqiqətən
gözlə görünməyən,
əllə hiss edilməyən bir ümman olub. Bu ümman dalğalanıb
çağladıqca onun
möcüzəli tabloları
yaranıb.
Səttar, doğrudan da, məktəb yaradıb. Gələcək nəsillərə
bənzərsiz bir sənət məktəbi
yadigar qoyub gedib. Söz yox ki, əsrlər,
qərinələr ötəcək
bu məktəb min bir tellərlə
vətənə bağlanan
onlarla, yüzlərlə
sənət fədailəri
yetişdirəcək. Onu
da qeyd edim
ki, vətənin dilbər guşəsi Qarabağ onun onlarla tablolarında füsunkar gözəlliyi
ilə tərənnüm
olunub. O, aylarla Qarabağda, eləcə də Şuşada qalaraq xeyli etüd
və mənzərələr
çəkib. Onlardan
“Cıdır düzü
, “Şuşa ətrafında“,
“Yuxarı Daşaltı“
və s. əsərləri ilə bu qədim diyarın
qədim və əbədi sakinləri olduğumuzu bir daha göstərib.
Rəssamın çoxçalarlı yaradıcılığı barədə
dünyanın və Azərbaycanın məşhur
sənətkarları - Anton
Refrejye (ABŞ), Anri Fujeron (Fransa), Vladimir Neçtaylo (Rusiya Federasiyası), Rəsul Rza, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov,
Bəxtiyar Vahabzadə,
Ömər Eldarov, Anar və başqaları
çox qiymətli fikirlər söyləyiblər. Bu baxımdan Xalq şairi Rəsul Rzanın fikri daha dəqiq və əhatəlidir: “O rənglər, o cizgilər mənimlə bir dildə danışır. O rənglərə,
o boyalara, o xallara mən
Səttar aləmində,
Səttar dünyasında
rast gəldim. Bir ölüm olmasın, yüz ölüm olsun, əsil sənətkara ölüm yoxdur, zaval yoxdur”.
Səttar Bəhlulzadə 1974-cü ildə
dünyasını dəyişib.
O, bu gün həyatda olmasa belə, xalqımızın
mədəniyyət tarixində,
eləcə də dünya rəssamlarının
sıralarında olduqca
sadə, mənən çox zəngin bir xalq rəssamı
kimi yaşayır.
Savalan Fərəcov
Mədəniyyət.-2010.-15 dekabr.-S.12.