Silsilə
romanlar müəllifi
Bu gün Əli Vəliyevin
qələmə aldıqlarını oxuduqca adama elə
gəlir ki, bunlar lap dünən sənin, mənim, onun
başına gələn hadisələrdir...
Xalq yazıçısı
Əli Vəliyevin Azərbaycan ədəbiyyatının
inkişafında, nəsr dilinin
zənginləşməsində özünəməxsus yeri
var. O, bir növ xalqımızın taleyini
öz şəxsi həyatında yaşamış, onun
ağrı-acılarını ürəyində
daşımış, erməni-daşnak zülmünün
hər cür sifətini görmüş, didərginliyin,
qaçqınlığın əzablarını
çəkmiş cəfakeş, fədakar bir
şəxsiyyət olub.
Əli Qara oğlu Vəliyev 1901-ci
ildə Zəngəzur mahalının Ağdü
kəndində anadan olub. İlk təhsilini kənddə
dördillik rus-tatar məktəbində alıb. Qəlbi oxumaq
eşqi ilə alovlanan gənc öz arzularına elə də
asan qovuşmayıb. Onun həyat yolu əzablı
döngələrdən keçib. 1918-ci ildə daşnaklar
Zəngəzura divan tutanda bu qasırğanın
hədəflərindən biri də məhz Ağdü
kəndi olub. Bütün həmkəndliləri kimi Əli
Qara oğlunun da taleyinə didərginliyin ağır
günləri yazılıb. O, bir müddət
Azərbaycanın müxtəlif rayonlarında yaşayıb,
ata-anasını, yaxın qohumlarını itirdikdən sonra
Bakıya gəlib. Gəncliyindən sarsıntılar
içində çabalayan gəncin ömür yolu çox
gərgin keçib.
Əli Vəliyev yazıçı
kimi Azərbaycan ədəbiyyatına böyük
töhfələr verib. “Nənəmin
cəhrəsi”, “Madarın dastanı”, “Qarlı dağlar”,
“Qəhrəman”, “Sovqat”, “Gülşən”,
“Çiçəkli”, “Ürək dostları”, “Zamanın
ulduzları”, “Turaclıya gedən yol”, “Anaqız”, “Bir cüt
ulduz”, “Samovar tüstülənir”, “Durna qatarı”,
“Qarabağda qalan izlər”, “Zəngəzur qartalları”,
“Narahat adam”, “Sənət eşqi”, “İşığa
doğru”, “Cəbhə hekayələri”, “Ərköyün”,
“Ordenli çoban” və başqa kitabların
müəllifidir.
Amma mənim xatirəmdə,
yaddaşımda, ən başlıcası, duyğularımda
iz salan kitabı “Budağın xatirələri”dir. Bu
əsəri mən bir neçə dəfə oxumuşam.
Uşaqlıq illərində, gəncliyimdə və
nəhayət, indi. Hər dəfə də bu
kitabı başa vurduqdan sonra bir müddət özümə
gələ bilməmişəm. 1957-ci ildə
yazılmış və ötən əsrin əvvəllərini,
xüsusilə də erməni daşnaklarının
Zəngəzurda törətdikləri faciələri əks
etdirən bu əsər indi də son dərəcə
aktualdır. Sanki bu faciələr 1918-1920-ci
illərdə deyil, 1988-1990-cı illərdə baş verib.
Çünki namərd qonşularımız ötən
əsrin əvvəlində olduğu kimi, əsrin sonunda da
eyni plan əsasında azərbaycanlıların
yaşadığı kəndlərə hücum edib,
mülklərini, evlərini dağıdıb, insanlara
işgəncələr verərək
qətlə yetirib, soydaşlarımızı öz doğma
ocaqlarından didərgin salıblar. Əli Vəliyev bir
yazıçı ustalığı ilə başına gələnləri,
ermənilərin xalqımızın başına
açdığı min bir müsibəti elə təsirli
qələmə alıb ki, kitabı oxuduqca,
damarlarında qan donur. “Budağın xatirələri”
kitabı bir növ Ağdü kəndinin
bədiiləşmiş obrazıdır. Müəllif
kitabın giriş hissəsində Ağdünü belə
təsvir edir: “Kəndimiz Salvartı dağının
ətəyindədir. Kövşənimizdən üç el
yolu keçir. Camaatımız bunlara Cada deyir. Yazın
45-indən payızın ortalarına qədər bu yollar
boş qalmır. Əriş-arğac kimi
tərəkəmə köçünün ardı-arası
kəsilmir. Mahalın ən böyük kəndində biz
yaşayırıq. Atasından, qardaşından təzə
ayrılıb özünə comalaq tikənləri
nəzərə almasaq, buraya “beş yüz evli
Vüqarlı” deyirlər (Vüqarlı Ağdü
kəndinin romanda obrazıdır - F.X.).
Kitabda həm kəndin təsviri,
həm də ətraf qonşu yaşayış
məskənləri haqqında zəngin məlumatlar var: “Bizim
Kövşənlə Gorusun arası dağlı,
dərəli, təpəli yerlərdir. Buraların
axar-baxarı çox gözəldir. Dərələrdən ətir
qalxır. Təpələr yaşıl dona
bürünüb. El yolunun altı, üstü
çiçəklə bəzənib. Bizim kəndlə Gorus
şəhərinin arasında Arpa, Buğda
təpələri, Göbək daşı, Yantəpə,
Üçtəpə, Soyuqbulaq, Göybulaq, Yeddi bulaq kimi
yerləri görürdüm. Yolum enişli-yoxuşlu,
səfərim uzaq idi”.
Müəllif bu bioqrafik
əsərində mənim anadan olduğum Urud kəndinə
də öz münasibətini bildirib: “Urud kəndinin girəcəyində
İstisu var. Burada həmişə adam olur. Ətraf
kəndlərdən, yaylaqdakı
tərəkəmələrdən buraya gəlir, çimir,
bir müddət qalıb müalicə olunurlar. Bu su
mədə-bağırsaq və yel xəstəliklərinin
dərmanıdır”.
Əli Vəliyev kitabda
Ağdünün qayğılarını, dolanışıq
və məişət çətinliklərini də
bacarıqla qələmə alıb: “Payız gələn
kimi kəndimizin qabağında Tənəzzül
dağını duman bürüyür... Kövşəndən
taxıl qurtarır, xırman qızğın
döyülür, taxıl yuyulub sərilir, dəyirmanlıq
başlanırdı. Ərişdə kəsilib qurudulur,
Naxçıvandan duzla ərik, Həkəri,
Bərgüşaddan düyü ilə maş gətirilir,
qış ehtiyatı görülürdü. Çox
çəkmirdi ki, qış qapını kəsib
gözünü ağardır, camaatın
hazırlığını yoxlayırdı.
Dövlətlilərin qapısında kərmə
qalaqları, evlərin üstündə ot tayaları
ucalır, samanlıqlar ağzına kimi dolurdu. Unluqlar unla,
quyular taxılla, kartofla ləmhaləm olurdu. Bizim yerlərin
qışı bərk gələndə adamlar altı ay
evdə, heyvanlar tövlədə yeyib-yatırlar”.
Kitabı vərəqlədikcə
gözümüz önündə qəribə
mənzərələr açılır. Vaxtilə
yaşadığımız, bəlkə də qədrini
bilmədiyimiz o dilbər yerlərin mənzərələri
pərdə-pərdə dəyişir. Elə bil hər
şey dünən olmuşdu. Biz də müəlliflə
bərabər doğma yurddan harasa çıxıb gedirik.
Yolboyu arxamızca su səpən buludlar, xeyir-dua verən
küləklər nəsə pıçıldayır. Bu
xəyalı səfərlərin içindəcə Əli
Vəliyevin qələmə aldığı xatirələr
bizi təsirləndirir: “Mən Yelli
gədiyə çatıb geri baxdım.
Çökəkdə olan kəndimiz nura
boyanmışdı. Bacalardan və həyətlərdən
çıxan tüstü yuxarı qalxıb
seyrəklənir, çox çəkmədən yoxa
çıxırdı. Qala yerinin döşündə bir
neçə quzu otlayırdı. Qara pirin başında bir
dəstə qız-gəlin pencər
yığırdı... Xatirimdə ikən bir şeyi də
deyim ki, üç ay yaz, bir ay yayda camaatımız çoxlu
pencər yeyərdi. Körpə gicitkanla
quzuqulağını bir yerə qatıb duzla ovmaq,
lavaşın arasına qoyub dürməkləməyin
ləzzəti hələ də damağımdan getməyib.
Qoyunqulaqlı ayran aşı, yarpızlı dovğa,
şomulu kətə, qırxbuğumlu plov, əvəlikli
çəkmə. Güllüqız Yovşanlı
düzdə, Dimdikli daşın altında oturub həzin bir
səslə oxuyurdu:
Mən gəlmişəm sarı
geyib sallanam,
Gəlməmişəm çit-mit
geyib allanam.
Mən gəlmişəm istəkana qənd salam,
Gəlməmişəm ürəyimə dərd salam.
Mən gəlmişəm samovarı cütləyəm,
Gəlməmişəm yetimləri
bitləyəm.
Mən gəlmişəm nimçələrə aş
çəkəm,
Gəlməmişəm qor-qoduğa
baş çəkəm.
Yazıçının
əsərindən ona görə belə çoxlu sitat
gətirirəm ki, Əli Vəliyev həqiqətən bir
rəssam istedadı ilə gördüklərini sözlə
ifadə etməyi, o yerlərin ələdüşməz
təbiətini, gözəlliyini yaratmağı çox
gözəl bacarıb. Hərdən
müəyyən abzasları oxuduqca adamın
ürəyinə sanki köz sıxılır.
Görün, Əli Vəliyev nə yazırdı: “Yeddinovlu
bulağın üstünə gəlib doyunca su içdim. Bir qədər oturub yenə kəndə baxdım.
Alçaq daş hasarla araları kəsilmiş yoncalıqlar,
Qızılqayanın altında, Qalayerinin qabağındakı
meyvə bağları, Ağdüzdən gəlib kəndin
içindən ötən, Yovşanlı düzdən
adlayıb Qarabulağa enən poçt yolu, Gilliklə Ağ
oyuğun arasında güclə birləşmiş enli
yoxuş bir an belə gözlərimdən aralanmırdı. Mən Qoşa oyuğun daşlı
cığırları ilə qalxıb Əkinlər
düzünə çıxdım. Sərin
meh əsirdi. Göz işlədikcə
hər yer səfalı idi. Yaşıl taxıl
zəmiləri, otu biçilməli olan qoruqlar, ətri bir
verstlikdən adamı məst eləyən gül və
çiçəklər, taxılların, örüşlərin
içində qırmızı paltarı ilə göz
qamaşdıran lalələr, bütün bu büsata şadlıq
nəğməsi oxuyan torağaylar, daşdan-daşa
uçan çəkçəkilər, hasardan-hasara qonan bala
sarıköynəklər, yolun ortası ilə gedib,
gözünü daldan çəkməyib addımbaşı
uçub yenə yerə qonan çobanaldadanlar özləri
ilə mənim xəyalımı da aparırdılar... Qara çınqılın başına
dırmaşıb gözüm işləyən yerlərin
hamısına baxdım. Arpa
təpəsinin üstündəki kom-kom tıstıs
kollarına nəzər saldım. Buğda
təpəsinə boylananda Çöplüçuxuru
unutmadım. Qaranlıq Kahaya nəzər salanda
Örəncəni, Ayı Kahasının üstündəki
Kotan yerini görəndə Ağsaqqal çuxuru
gözümdən yayınmadı...”
Misal gətirdiyimiz bu nümunədə
sonsuz bir gözəllik, qeyri-adi mənzərələr var. Fikir
verdinizsə, nə qədər toponim işlədib
müəllif. Orada yad ifadəyə, yad
sözə rast gəlinmir. Bütün
bunlar isə Ağdü kəndinin, ümumiyyətlə,
Zəngəzur mahalının qədimliyindən və onun
məhz türklərə məxsusluğundan xəbər
verir. Əli Vəliyev elə belədən, xala
xətirin qalmasın yazmazdı: “Mahalda müsəlman
kəndləri içərisində bizim kənd ən
böyüyü idi».
Təəssüf ki, bu könül sevindirən
söhbətlərdən sonra müəllif ürək
ağrısı ilə başına gələn
faciələri də dilə gətirib. O atasının
anasına dediyi bir xəbəri belə qələmə alıb:
“Andronik adlı birisi Osmanlı torpağında farağat
oturmadığı üçün hökumət onu tutmaq
istəyib. O da qaçıb gəlib Gorusa. Bu
şəhərdə... daşnaklar çoxdur. Həmin o
daşnaklar Androniki silahlandırıb əlinin altına
çoxlu qoşun veriblər. Məqsəd budur ki,
müsəlmanları qırsınlar”.
Faciə də bununla
başladı. 1918-ci il Zəngəzur mahalına şaxta,
soyuq və qırğınla gəldi. İnsanlar erməni
vəhşiliyinin qurbanı oldular. Doğma yerlərlə
ayrılıq məqamını Əli Vəliyev belə
qələmə alıb: “Zəngəzur mahalından aralanmaq,
torpağımızdan ayrılmaq, suyumuzdan göz
çəkmək ağır idi... Çalbayır
gədiyində dayanıb Mağavız dərəsinə
baxanda dərdim təzələndi. Elə bil bizim yerlər
idi. Düzünə qalsa, İşıqlı
dağı iri bir yorğan, Zəngəzur bu yorğanın
üzü, Mağavız astarı təsvirini
bağışlayırdı. Göz işlədikcə
başı qarlı dağlar, yaşıl təpələr,
göy məxmərli düzlər görünürdü...”.
Bunlardan sonra müəllifin
ağır günləri başlayıb və nəhayət,
uzun illərdən sonra Azərbaycanın məşhur
yazıçısına çevrilib. Dünyasını
vaxtsız dəyişmiş oğlu Məsud istedadlı
tənqidçi idi. Ədəbi tənqiddə sərt və
obyektiv yazı müəllifi kimi nüfuz
qazanmışdı. Nəvəsi Afaq Məsud
tanınmış yazıçı və dramaturqdur.
Əli Vəliyev valideynlərini,
yurdunu itirdikdən sonra doğma vətəni haqqında
irihəcmli əsərlər yazdı, xatirələr
qələmə aldı, jurnalistlik etdi. Həm əsərlərində,
həm də yeri düşdükcə nitqlərində
daşnakları pisləyən, onların iç
üzünü açan yazıçını
ermənilər sevmirdilər. Yadımdadır ki, 1971-ci
ildə Əli Vəliyevin anadan olmasının 70 illiyi ilə
əlaqədar müxtəlif tədbirlər keçirilirdi.
Təbii ki, sovet dövründə yaşadığımız
üçün yazıçının doğulduğu
yerdə də yubiley mərasimi olmalı idi. Həmin ilin
yazında Əli Vəliyev sənət dostları -
tənqidçi Qulu Xəlilov, yazıçı Bayram
Bayramov, şairlər - Famil Mehdi, Məmməd Rahim və
başqaları ilə birlikdə rayona gəlmişdi. Xalq yazıçısını,
o dövrdə SSRİ-də məşhur olan bir qələm
sahibini rayon mərkəzində ermənilər
qarşılamadılar. Amma qonşu
kəndlərdə yaşayan azərbaycanlılar,
eləcə də ağdülülərin özləri,
xüsusilə də Bakıdan gələn
ziyalılarımız Əli Vəliyevi nəinki
Zəngəzurun girəcəyində, Naxçıvanda
qarşılayaraq böyük təntənə ilə
doğulduğu, yeniyetmə ikən zorla tərk etdiyi,
yaşının müdrik çağında
döndüyü doğma Ağdü kəndinə
gətirdilər. Kənd klubunda gözəl bir mərasim
təşkil edildi. İndi də gözlərim
önündən çəkilmir. Əli Vəliyev uşaq
kimi necə kövrəlmişdi?! Səsi titrəyir.
Gözləri dolub-boşalırdı. O axşam kəndi
qarış-qarış gəzdi yazıçı.
...İndi nə o yurd yerləri
var, nə də Əli Vəliyev. Yaxşı ki, yazılanlar
qalıb. Bu gün Əli Vəliyevin qələmə
aldıqlarını oxuduqca adama elə gəlir ki, bunlar lap
dünən sənin, mənim, onun başına gələn
hadisələrdir...
Flora Xəlilzadə
Mədəniyyət.-2010.-15 dekabr.-S.13.