Dünyanı
heyran edən istedad
Elvin Qəniyev: “Babam
Sərvər Qəniyev dünya şöhrətli
skripkaçı idi, mən də onun sənət yolunu davam
etdirmək istəyirəm”
“Balaca virtuoz”, “Sehrli
ifaçı”, “Mahir skripkaçı”, “Müdhiş
kamançı”...
Artıq 6-7 ildir ki, həmyerlimiz,
13 yaşlı skripka ifaçısı Elvin Qəniyevin
istedadına heyran qalan Türkiyə və digər xarici
ölkələrin kütləvi informasiya vasitələri
onun musiqi bacarığını bu sözlərlə
ifadə edirlər.
Bu günə qədər
dünyanın ən müxtəlif musiqi
müsabiqələrinin qalibi olub. Məşhur festivalların
açılışı bu istedadlı oğlanın
ifası ilə gerçəkləşib. Türkiyənin
Bilkənd Universitetinin musiqi məktəbində təhsil alan
Elvinin doğma vətənə budəfəki gəlişi
də səbəbsiz deyil.
Dekabrın 12-də Heydər
Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və
Mədəniyyət və Turizm Nazirliyinin
təşkilatçılığı ilə Bakıda IV
Beynəlxalq Mstislav Rostropoviç Festivalının
açılışı mərasiminə E.Qəniyev də
parlaq ifası ilə rəng qatdı. Onun ifasını
dinlədikcə düşünürsən: babası,
məşhur skripkaçı, Azərbaycanın Xalq
artisti, Ankaranın Bilkənd Universitetinin professoru mərhum
Sərvər Qəniyevin sənət yolunu davam etdirən
balaca Elvinin möhtəşəm uğurları hələ irəlidədir.
Bu, dünyada yaşayan hər bir azərbaycanlının
fəxarət duyacağı uğurlardır.
Səhnə üçün doğulmuş istedad
1997-ci ildə Ankarada dünyaya
gələn Elvində musiqiyə maraq heç də
təsadüfən yaranmayıb. Göz açıb
ailəsində peşəkar musiqiçiləri görüb.
Atası Xeyrəddin bəy violençel ifaçısı,
anası Nərminə Qəniyeva piano, dayısı Toğrul
Qənioğlu skripka ifaçısıdır.
Nərminə xanım deyir ki,
ailədə yetərincə musiqiçi olduğundan Elvinin
iqtisadçı və ya həkim olmasını
düşünsələr də, istedad öz işini
görüb. Onun hələ 2 yaşında
ikən dayısı qızı Ceylanın skripkasını
əlinə almağa cəhd etməsi ailədə hər
kəsin təəccübünə səbəb olur:
«Üç yaşında isə ailədə kim məşq
edirdisə, oğlum əlinə aldığı
qələmlə ona “dirijorluq” edirdi. Musiqi
dinləməyə hədsiz marağı vardı.
«Koroğlu» operasında Nigar ariyası ifa ediləndə
isə Elvin musiqinin təsirindən ağlayırdı.
Beləliklə, 5 yaşında atam onunla
məşqlərə başladı. O, həmişə
gülərək deyirdi ki, bu çox qəribə uşaqdır.
Başqaları ilə aylarla məşq edirsən, amma buna bir
dəfə dərs keçmək kifayət edir ki, hər
şeyi başa düşsün».
Artıq 6 yaşında orkestrlə
ifa etməyə başlayan Elvin haqqında Türkiyə
mətbuatı belə yazırdı «Səhnə
üçün doğulmuş istedad».
Türkiyənin müxtəlif
musiqi salonlarında çoxsaylı konsert proqramlarında
çıxış edən Elvin 7 yaşında artıq
Sərvər Qənyevlə eyni səhnəni
bölüşür. Eyni zamanda o, Viktor Pikayzenin ustad
dərslərində iştirak edir və Pikayze onu Vivaldinin
konsertində özü ilə birlikdə iştirak
etməyə dəvət edir.
2005-ci ildə isə o,
məşhur skripkaçı Cihat Aşkının
Türkiyədə ən istedadlı gənc
skripkaçılardan ibarət «Cihat Aşkın və onun
gənc dostları» ansamblına üzv seçilir. Həmin
vaxtdan o, bu ansamblın tərkibində Türkiyənin
müxtəlif şəhərlərində çıxışlar
edir və bu çıxışlar musiqisevərlər
tərəfindən yüksək qiymətləndirilir. Elə
həmin vaxt balaca soydaşımızın musiqi bacarığı
medianın da geniş diqqətini cəlb edir. Elvin
haqqında «Balaca Motsart», «Skripka virtuozu» kimi başlıqlar
altında məqalələr dərc edilməyə
başlayır. İstanbuldakı konsertdən sonra
tanınmış skripkaçı Ayla Erduran Elvinin parlaq
gələcəyini olduğunu bildirərək onu
Boğaziçi (Bosfor) Universitetinə konsert verməyə
dəvət edir.
2006-cı ilin fevralında Elvin
babası Sərvər Qəniyevlə Vivaldi konsertində
Bilkənd Orkestrinin müşayiəti ilə Böyük
Albert Zalında konsert verir. Skripka virtuozu Mintço
Mintçev Elvini dinlədikdən sonra onun musiqi
qabiliyyətinin mükəmməl olduğunu vurğulayır.
Dünyanı özünə cəlb edən
ifaçı
Elvin doğrudan da, öz
üzərində çox çalışır.
Özünün dediyi kimi, gün ərzində skripka və
pianoda 4 saata qədər məşq edir. Bu zəhmətin
bəhrəsi özünü çox gözlətməyib:
Elvin iki böyük müsabiqədə birincilik qazanıb.
2006-cı ilin martında
Moskvanın İppolitov-İvanov İnstitutunda simli
alətlər ifaçılarının «Klassik irs»
beynəlxalq müsabiqəsində Azərbaycanı təmsil
edərək birinci yerə layiq görülür.
Münsiflər heyətində tanınmış
musiqiçilərdən Sergey Kravçenko, əfsanəvi
violençel ifaçısı Nataliya Şavaskaya və
digərlərinin təmsil olunduğu bu müsabiqədə 8
yaşlı Elvinin texniki musiqi qabiliyyəti,
ustalığı yüksək qiymətləndirilir.
Yeniyetmə ifaçı Dmitri Kabalevskinin konsertini və
digər əsərləri məharətlə ifa
edərək, müxtəlif ölkələrin
musiqiçilərindən ibarət münsiflər
heyətinin rəğbətini qazanır. Onun ifası
hətta müsabiqəyə bütün dünyadan
dəvət edilən tanınmış musiqiçilərin
marağına səbəb olur. Gənc həmvətənimiz
öz sərbəstliyi, məharəti və artistizmi ilə
rəğbət qazanır. Elvin Rusiyanın məşhur
skripkaçısı Vladimir Spivakov tərəfindən Moskvada
təhsil almaq üçün təqaüdə də
təqdim olunur. Beləliklə, balaca istedad konsert verdiyi
bütün ölkələrdən - İtaliya, Britaniya,
Rusiya və s. çoxlu dəvətlər alır.
Hazırda Bilkənd Universitetinin
Əhməd Adnan Sayqun adına Musiqi Məktəbində
təhsil alan Elvin məşhur skripka müəllimi Zaxar
Brondan dərs alır. Zaxar Bron Almaniya, İspaniya və
İsveçrə kimi ölkələrin konservatoriyalarında
dərslər verir. Sənətçi ondan dərs almaq
istəyən minlərlə tələbədən ən
yaxşısını seçir. Qəniyev Bronla
Qazaxıstanda, TÜRKSOY-un baş katibi Düsen Kasseinov
tərəfindən təşkil olunmuş skripka
festivalında tanış olub: «Zaxar Bron məni
dinlədikdən sonra özü şəxsən ondan dərs
almağa dəvət etdi. O vaxtdan paralel olaraq babamla yanaşı, ondan da dərs
almışam».
2006-cı ildə dahi bəstəkar
V.A.Motsartın 250 illiyinə həsr edilmiş festivalda Elvin
iki skripka musiqisi ifa edir. Həmin vaxtdan o,
öz yaş qrupuna uyğun müsabiqələrdə
iştirak edir. «Ən böyük arzum Rusiyada
keçiriləcək «Çaykovski müsabiqəsi» və
İtaliyada keçiriləcək «Paqanini
müsabiqəsi»ndə iştirak edib uğur qazanmaqdır», -
deyir.
Səhnəyə çıxarkən
həyəcanlı olub-olmamasına gəlincə, gənc istedad
deyir: «Gün ərzində, ən azı 4 saat məşq
edirəm. Səhnədə heç vaxt
həyəcanlı olmuram. Çünki
babam həmişə bir musiqini mənə
öyrədəndə hansısa yeri xoşlamırdısa,
davamlı olaraq 100 dəfələrlə təkrar etdirirdi.
Ona görə səhnəyə
çıxdıqda özümə çox əmin oluram.
Bir sözlə, səhnədə hər zaman
çox rahatam».
Elvinin London uğuru
2006-cı ilin sentyabrında Londonda konsert
verən Elvini ingilis musiqi ictimaiyyəti «möcüzəli
uşaq» adlandırmışdı. Noyabrda
isə Moskva, Kremlin Aleksandr zalında Vladimir Spivakovun
müşayiəti ilə baş tutan konsertdə “Moskva
virtuozları” orkestri ilə birlikdə çıxış
edir. Həmin konsert həm də
Rusiyanın birinci xanımı Svetlana Medvedevanın
himayədarlığı ilə keçirilirdi.
Davamlı uğurlar əldə edən
Elvin 2006-cı ilin dekabrında Bakıda keçirilən
Birinci Beynəlxalq Mstislav Rostropoviç Festivalında
çıxış edir. 2009-cu ildə
Polşada iki əfsanəvi skripkaçının
Lipinski-Vinyevskinin xatirəsinə həsr olunmuş
müsabiqədə iştirak Elvinə gümüş medal
qazandırır.
Bu il Elvin üçün
xüsusilə əlamətdar olub. O, Türkiyə
Sənətçilər Cəmiyyəti tərəfindən
ən yaxşı klassik musiqi ifaçısı seçilib.
İyunda Elvin Borusan Orkestri ilə birlikdə
İstanbul Musiqi Festivalının
açılışında iştirak edib. Həmçinin Türkiyə və Azərbaycan
orkestri ilə birlikdə Moskva, Praqa, Bakı və Parisdə
çıxışlar edib.
2010-cu il iyunun 3-də həmyerlimizin
musiqi həyatında daha bir mühüm hadisə baş verib.
İstanbul Avropa Mədəniyyətinin Paytaxtı ili çərçivəsində
keçirilən 38-ci beynəlxalq festivalın
açılışı Elvin Qəniyevin ifası ilə
baş tutub. «Atam çox sevinirdi ki, belə bir
festivalın açılışı
azərbaycanlının ifası ilə
gerçəkləşdi», deyə Nərminə Qəniyeva
qeyd edir.
Prezident İlham Əliyevin fərmanı
ilə Elvin Qəniyevin adı Gənc İstedadların
Qızıl Kitabına daxil edilib. Elvin
həm də Prezident təqaüdünə layiq
görülüb.
Dünyanın bütün ölkələrində
azərbaycanlı kimi çıxış edən
soydaşımız üçün Prezident təqaüdçüsü
olmaq böyük məsuliyyətdir: «Babam verdiyi bütün
konsertlərdə mütləq bir azərbaycanlı
bəstəkarın əsərini səsləndirirdi. Çox istəyirdi ki, dünya Azərbaycan musiqisini
tanısın. Mən də onun yolunu davam
etdirməyə çalışıram».
Söhbət əsnasında Elvin gələcək
planlarından da bəhs etdi: «Bu ilin mayında UNESCO-da iki konsert
proqramı ilə çıxış etdim. Azərbaycanın
UNESCO-dakı təmsilçisi Eleonora Hüseynova mənə
müasir musiqi ilə muğamı sintez ifa etməyi təklif
etdi. Mən muğam ifaçısı
Elməddinlə yaxın dostam və onunla bir sintez ifa etmək
istərdim».
Elvin babası ilə bağlı xatirələrini
də dilə gətirdi: «Babam dərs zamanı mənim
üçün müəllim, dərsdən sonra baba idi. Dərsi çox aydın başa salırdı.
Artıq 3 aydır ki, onu itirmişik və indi
mənə çətindir. Babamın yolu
ilə getmək, Azərbaycanda Qəniyevlər nəslinin
sənət yolunu davam etdirmək istəyirəm. Babam dünya şöhrətli skripkaçı idi
və istəyirəm skripkaçı nəsli davam etsin.
Doğma Bakıya gəlməyimə də
hər dəfə sevinirəm. Bu
dəfə paytaxtımız daha da gözəldir».
Mehparə
Mədəniyyət.-2010.-15 dekabr.-S.8.