«Türkdilli
xalqların musiqi alətləri» mövzusunda beynəlxalq simpozium
Dekabrın 16-da Muzey Mərkəzində «Türkdilli xalqların musiqi alətləri» mövzusunda beynəlxalq simpoziumun açılış mərasimi keçirildi. Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkil etdiyi tədbirdə türkdilli ölkələrin, eyni zamanda Amerika, Avropa və Asiyanın bir sıra alim və filosofları iştirak edirdi.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərasimi açaraq simpoziumun keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirdi: «Türk xalqları hər zaman çox böyük və qədim mədəniyyətə malik olub. Musiqi alətləri də həmin mədəniyyətin bir parçasıdır. Türkdilli xalqların musiqi alətlərinin ümumi və fərqli əlamətlərinin müəyyənləşdirilməsi, musiqi alətlərinin texnologiya və akustikası, ikonoqrafiya elementlərinin araşdırılması, bəstəkarlıq yaradıcılığında ənənəvi musiqi alətləri, türk xalqlarının musiqi alətlərinin kolleksiyalarının müəyyən edilməsi, yeni yanaşmalar və qiymətləndirilmələr, qədim musiqi alətlərinin bərpası, mühafizəsi, pedaqogika və ifaçılıq məsələləri simpoziumun müzakirə mözvularıdır”.
Sonra nazir türk xalqlarının, eləcə də Azərbaycan xalqının yaratdığı mədəniyyət nümunələrinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsindən danışdı: «Bu il bizim üçün əlamətdar il oldu. Azərbaycan Xalça sənəti UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edildi. Xalçaçılıq da öz ifadəsinə görə musiqiyə bərabərdir. Biz sevinirik ki, xalçaçılıq da muğamla yanaşı bu siyahıya daxil edilib və dünya onları tanıyır. Deməli, bu gün hər iki sənət nümunəsi dünyaya məxsusdur”.
Nazir türk xalqlarının qədim mədəniyyət nümunələrindən də bəhs etdi: «Türk xalqları tarix boyu böyük mədəniyyət yaradaraq dünyaya dəyərli töhfələr bəxş ediblər. Tarixin heç bir dövründə türk xalqları kiminsə mədəniyyətini mənimsəməyib, çünki malik olduğumuz mədəniyyət bütün dünyanı heyrətə salır. Ancaq tarix boyu türk xalqlarının mədəniyyəti daim başqaları tərəfindən mənimsənilib. Türklər heç kimin mədəniyyətinə göz tikməyib və buna ehtiyacımız yoxdur. Biz öz mədəniyyətimizi, o cümlədən qədim musiqi alətlərimizi qorumalıyıq».
Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov rəhbərlik etdiyi təşkilatın türkdilli xalqların mədəni əməkdaşlığı sahəsində gördükləri işlərdən bəhs etdi: «Biz həyata keçirdiyimiz layihələrimizdə türkdilli xalqların mədəniyyət nümunələrini bütün dünyaya çatdırmaq istəyirik. Məsələn, bu il Novruz bayramı Fransada — Paris və Strasburqda qeyd olundu, gələn isə bu bayramı Nyu-Yorkda qeyd edəcəyik. Qoy, bütün dünya Türk xalqlarının necə zəngin bir mədəniyyətə və ənənələrə malik olduğunu görsün».
“Türkdilli xalqların musiqi alətləri” mövzusuna da toxunan baş direktor, bu alətlərin qorunmasının vacibliyini diqqətə çatdırdı: «Qədim musiqi alətlərimizin bizim mədəni irsimizdir. Onların qorunması, bərpası istiqamətində vacib addımlar atmalıyıq».
Çıxışının sonunda isə Düsen Kaseinov Azərbaycana bu tədbirə ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirdi.
Mərasimdə Əməkdar artist Məcnun Kərimovun rəhbərlik etdiyi Qədim Musiqi Alətləri Ansamblının çıxışı xüsusilə əcnəbi qonaqlar tərəfindən maraqla qarşılandı.
Simpoziumun ikinci hissəsi plenar və bölmə iclasları ilə davam etdirildi.
«Musiqi alətlərinin tarixi və təkamülü» adlı plenar iclasa Azərbaycandan Səadət Abdullayeva və Böyük Britaniyadan Raziyyə Sultanova, «Musiqi alətləri və ifaçılıq sənəti» iclasına isə Fikrət Karakaya (Türkiyə) və Kamilə Dadaşzadə (Azərbaycan) sədrlik edirdilər.
İclasda musiqişünaslar Zemfira Səfərovanın «Səfiəddin Urməvi risalələrində musiqi alətlərinin şərhi, bərpası və inkişafı», Lalə Kazımovanın «Dərviş Əlinin risaləsində musiqi alətləri», Sürayə Ağayevanın “Əbu Nəsr Fərabinin və Əbdülqadir Marağayinin risalələrindəki türk musiqi alətləri və onların araşdırma metodları», Gülnaz Abdullazadənin «Əl-Fərabinin əsərlərində şahrud aləti», Yaponiyadan gəlmiş musiqişünas Gençi Çuqenin «Kənz əl-tuhaf» risaləsində mizmar və qanun musiqi alətlərinin təsviri və onların müasir uyğur alətləri - baliman və qalun ilə müqayisəsi» və digər yerli və xarici musiqiçi və alimlərin məruzələri dinlənildi.
Tədbir öz işini dekabrın 17-də davam etdirəcək.
Mehparə
Mədəniyyət.- 2010.- 17
dekabr.- S. 2.