O, hər zaman
xatırlanacaq
Görkəmli yazıçı
Xalidə Hasilovanın 90 illiyinə həsr olunmuş tədbir
keçirildi
Dekabrın 16-da M.F.Axundzadə adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə yazıçı-dramaturq Xalidə Hasilovanın anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi. Kitabxananın konfrans zalında X.Hasilovanın yaradıcılığına həsr olunmuş sərgi də nümayiş olunurdu.
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq görkəmli yazıçı Xalidə Hasilovanın yaradıcılığından söz açdı. Sonra Azərbaycan qadınlarının cəmiyyətdə yeri və rolundan bəhs edən “Heydər Əliyev və qadınlar” adlı qısa film nümayiş etdirildi.
Tədbirin aparıcılığı tanınmış jurnalist Flora Xəlilzadəyə həvalə olundu. O, yazıçının bioqrafiyasına qısa nəzər salaraq qeyd etdi ki, Xalidə Hasilovanın ilk yazısı 1938-ci ildə “Şərq qadını” (indiki “Azərbaycan qadını”) jurnalında çap olunub. 1949-cu ildə isə şeirləri “İnqilab və mədəniyyət” qəzetində işıq üzü görüb. İlk kitabının sevincini isə 1950-ci ildə yaşayıb. “Xalidə xanımın sağlığında 25 kitabı işıq üzü görüb. Bu kitablar sıradan olan kitablar deyil, hər kitabın Azərbaycan ədəbiyyatında, Azərbaycan nəsrində öz yeri var”, - deyən Flora xanım “Azərbaycan qadını” jurnalında ədəbi işçi kimi fəaliyyətə başlayan, “Göyərçin” jurnalının ilk baş redaktoru olan, 70-ci ildən ömrünün sonuna kimi “Azərbaycan qadını” jurnalının baş redaktoru vəzifəsində çalışan Xalidə Hasilovanın dramaturgiya sahəsindəki xidmətlərindən də danışdı. Xatırlatdı ki, Xalidə Hasilovanın 5 pyesi Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulub. Eyni zamanda tanınmış publisist, jurnalist, tərcüməçi olan X.Hasilovanın əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib, “Şərəf Nişanı” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif olunub.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirdi ki, XX əsrdə qadın nəsri deyəndə ilk növbədə Əzizə Cəfərzadə və Xalidə Hasilova yada düşür. X.Hasilovanın həm uşaqlar, həm böyüklər üçün yazdığı əsərlərin ədəbiyyatımızda, nəsr tariximizdə görkəmli yer tutduğunu deyən yazıçı onun ədəbiyyatımız, mədəniyyətimiz qarşısında xidmətlərini yüksək qiymətləndirdi.
Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, tanınmış şair Vaqif Bəhmənli Xalidə Hasilovanı bir yazıçı, bir insan kimi yüksək qiymətləndirdi: “Onun həyatını bir cümlə ilə belə ifadə etmək olar: o səliqə-sahman adamı idi. Yaradıcılığına, hekayələrinə baxanda burda bir təmizlik, paklıq, saflıq görünür”. Vaqif Bəhmənli yazıçının “Azərbaycan qadını” jurnalındakı fəaliyyətindən, yüksək mədəniyyətindən, səmimiyyətindən söz açdı.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, professorlar Qara Namazov, Qəzənfər Paşayev, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Azəri Türk Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı çıxış edərək sadə, səmimi, böyük və qayğıkeş Xalidə Hasilova ilə bağlı səmimi, kövrək xatirələrini dilə gətirdilər.
Tədbirin sonunda Xalidə xanımın qızı Rəna xanım çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara öz təşəkkürünü bildirdi.
Təranə Vahid
Mədəniyyət.- 2010.- 17
dekabr.- S. 3.