Cansız əşya yaddaşa çevriləndə...

 

II yazı

 

(I yazı qəzetin 8 sentyabr tarixli sayında dərc olunub)

  

   Ədəbi-xatirə muzeylərinin fondlarında saxlanılan, yaxud ekspozisiyada nümayiş etdirilən əşyalar adətən bu şəkildə qruplaşdırılır: xatirə əşyaları və şəxsi əşyalar, yazıçının yaşadığı dövrə aid əsli materiallar, əlyazmaları, kitablar, qəzet və jurnallar, təsviri materiallar, fotomateriallar, sənədlər, kino və fonomateriallar.

  

   Bununla yanaşı, şəxsi olmayan əşya da xatirə əşyası ola bilər. Məsələn, istifadə üçün kitabxanadan alınmış kitab, başqasının, dost-tanışın hədiyyəsi və s. Əsli materiallar ekspozisiyaya elmi xarakter verir, onu daha da məzmunlu edir, yazıçının həyatı və fəaliyyətinin məlum olmayan məqamları ilə tanış olmağa imkan yaradır.

   Yazıçının əlyazmaları da onun xatirə əşyaları sırasına daxildir. Məşhurların əlyazmaları həm də milli sərvət hesab olunur. Müəllifin əlyazması müddətindən asılı olmayaraq gərgin əməyin məhsuludur. Ona görə ki, əsər əvvəlcə əlyazma şəklində meydana gəlir. Daha sonra isə janrından asılı olaraq tamaşaya, kinofilmə, mahnıya çevrilir, kitab şəklində oxucuya təqdim olunur. Bütün bunlarla birlikdə əlyazmalar yazıçının yuxusuz gecələrinin (aylarının) şahidi kimi təqdim olunur, ilkin məxəz olaraq ayrı-ayrı obrazları göz önünə gətirir, hadisələri çözələyir, seyrçini yazıçının mənəvi aləminə aparır, onun ustalığı, sözə münasibəti, dilimizə məhəbbəti ilə tanış edir.

   Yazıçının məktub, qeyd, xatirə, məqalə və çıxışlarının əlyazmaları da xüsusi muzey əhəmiyyəti kəsb edir. Səməd Vurğunun ev-muzeyində təsadüf etdiyimiz bir məktub bu baxımdan diqqətimizi çəkdi. Şair məktubu 1955-ci ilin iyulunda İstisudan həyat yoldaşı Xavər xanıma yazıb. Bütün yaradıcılığı boyu Azərbaycan təbiətinin gözəlliklərini, onun təbii sərvətlərini milli qürur hissi ilə tərənnüm etmiş Səməd Vurğunun məktubu da bu ruhdadır.

   Şair yazır: «Əzizim Xavər! İstisu mənə çox kömək eləyir. Bütün ömrümdə bu qədər təsirli su, təmiz hava görməmişəm...». Əlbəttə, Səməd Vurğun dünyanın bir çox ölkələrində olmuşdu, dünyanın bir çox istirahət yerləri, müalicəvi suları barədə məlumatı vardı. Lakin vətənpərvər şairin fikrincə, min bir dərdin dərmanı, həyatın mənbəyi məhz doğma yurddadır, onun təbiətindədir.

  

   * * *

   Cəfər Cabbarlının ev-muzeyində saxlanılan məşhur məktubun əlyazması. Bir bənddən ibarət şeirlə yazılmış bu məktubu Cəfər bağda olarkən həyat yoldaşı Sona xanıma ünvanlayıb:

  

   «Ay Sonası, çay gətir mənimçün,

   Qələmdaram, pay gətir mənimçün.

   Bağ yeridir, qəndi çox işlətmərəm,

   İstəyirsən, say gətir mənimçün

  

   Əlyazmaları həm də mühüm elmi əhəmiyyətə malikdir. Bu materiallardan elmi-tədqiqat işində çox vacib bir mənbə kimi yararlanmaq olar. Əlyazma üzərində aparılan iş əsərin düzgün variantının müəyyənləşməsinə xidmət edir. Bu isə öz növbəsində yazıçının yaradıcılığı ilə bağlı yeni və daha dəqiq faktların üzə çıxmasına, bəzi hallarda isə bu və ya digər tədqiqatın yönünün formalaşmasına səbəb olur. Əlyazmalarının toplanılması və tədqiqata cəlb edilməsi müəllifin məlum olmayan əsərlərinin, o cümlədən bədii əsər, məqalə, xatirə, çıxış, məktub və s. meydana çıxması ilə nəticələnir. Yazıçının seçilmiş əsərlərinin nəşrində də məhz əlyazmasından istifadə edilir.

   Ədəbi-xatirə muzeylərində yazıçının öz kitabları xüsusi maraq doğurur. Bunları da iki yerə ayırmaq olar: müəllifin sağlığında nəşr olunmuş kitabları, onun vəfatından sonra işıq üzü görən kitabları. Təbii ki, müəllifin sağlığında nəşr olunmuş kitabları muzey işində xüsusi önəm kəsb edir. Ona görə ki, hər bir yeni kitab yazıçının həyatında mühüm hadisə olub, şirin, bəzən acı xatirələrlə yaddaşlarda qalıb, öz dövrünün ədəbi tənqidinin və oxucuların münasibəti ilə müşayiət edilib. Yazıçıların öz sağlıqlarında nəşrini görə bilmədiyi əsərləri də var. Cəfər Cabbarlının bir sıra əsərləri o dövrün ab-havasını əks etdirmədiyinə görə dramaturqun ev-muzeyinin əməkdaşlarının, tədqiqatçıların, xeyirxah insanların əməyi sayəsində yalnız bizim günlərdə işıq üzü görüb.

   Kitab hər bir yazıçının dostu və məsləhətçisi, onun bilgi mənbəyi olub. Yazıçının şəxsi kitabxanası vasitəsilə onun yaradıcılığına hansı müəllifin və hansı əsərin bu və ya digər dərəcədə təsir göstərdiyini müəyyənləşdirmək olar. Bu kitablar sırasında klassiklərin əsərlərinə, habelə yazıçının öz müasirlərinin kitablarına rast gəlirik. Burada elə kitablar da var ki, həmin yazıçı ilə yanaşı başqa bir sənətkarın xatirəsini də özündə yaşadır. Bunlar müasirlərinin öz avtoqrafları ilə yazıçıya bağışladıqları kitablardır. Əlbəttə, yazıçı bu kitabların əksəriyyətini oxuyub, elə burada öz qeydlərini aparıb.

   Səməd Vurğunun ev-muzeyində mühafizə olunan çoxsaylı avtoqraflı kitablar arasında görkəmli rus şairi Pavel Antokolskinin bağışladığı iki kitab - «Şeirlər və poemalar» və «On il» kitabları maraq doğurur. Hər iki kitabda Səməd Vurğunun qeydləri yer alıb. Şair kitabları mütaliə edərkən ona yaxşı təsir bağışlamış şeirlərin sərlövhəsi yanında nida işarəsi qoyub, bəzi misraların altından xətt çəkib. Bəzi yerlərdə sual işarəsi var. Bu cür qeydlər «Oğul» poemasının mütaliəsi zamanı daha çox edilib.

   Şairin bu qeydləri onun Yazıçıların II Ümumittifaq qurultayında poeziya haqqında etdiyi məruzədə öz əksini tapıb. Pavel Antokolskinin yaradıcılığı barədə xoş sözlər söyləyən Səməd Vurğun «öz dramatizmi və yüksək üslubu olan» «Oğul» poemasında «Vətən uğrunda, haqq işi uğrunda mübarizə aparmış gənc nəslin obrazının qüvvətli verildiyini» xüsusi qeyd edib.

   Cəlil Məmmədquluzadə 1905-ci ildə Tiflisdə Ömər Faiq Nemanzadə və Məşədi Ələsgər Bağırovla birlikdə «Qeyrət» adlı mətbəə-nəşriyyat açmış, burada ilk əvvəllər Firdovsinin, Namiq Kamalın, Əbdürrəhim bəy Haqverdiyevin, digər yazıçıların kitablarını nəşr etmişdi. Onun «İranda hürriyyət», «Usta Zeynal», «Qurbanəli bəy» kimi məşhur hekayələri də ilk dəfə kitabça şəklində bu mətbəədə işıq üzü görüb. İndi bu kitablar böyük yazıçının bir naşir kimi fəaliyyətinin ilk dövrünün əyani göstəricisi, həm də qiymətli muzey əşyalarıdır.

   Abdulla Şaiqin mənzil-muzeyində «Talıbzadə Abdulla Şaiq» adlı bir kitabça nümayiş etdirilir. 1923-cü ildə buraxılmış bu nəşr özündə maraqlı bir tarix, habelə bir sıra görkəmli sənətkarların xatirəsini yaşadır. Qeyd edək ki, həmin ildə Şaiqin ədəbi-pedaqoji fəaliyyətinin 20 illiyinə həsr olunmuş təntənəli gecə keçirilmiş və bu təntənə «Şaiq gecəsi» adlandırılmışdı. Ədibin oğlu Kamal Talıbzadənin yazdığına görə, Şaiq bu gecəni ömrü boyu xatırlayıb.

   Kitabda toplanan xatirə, məqalə və bədii yazılarda Şaiqin ədəbi, elmi və pedaqoji fəaliyyətinə qısa nəzər salınıb, bir vətəndaş və şəxsiyyət kimi insani keyfiyyətlərindən söz açılıb. Bu yazıların müəllifləri dövrünün görkəmli ziyalıları -yazıçılar, müəllimlər, dövlət xadimləridir. Onların sırasında Hüseyn Cavid, Seyid Hüseyn, Qantəmir, Əli Rağib, Tağı Şahbazi, Adil Nəcdət, Məmməd Süad, Bədrəddin Seyidzadə, Hüseyn Nəcdət və başqaları var.

   Ötən illərin qəzet və jurnalları da yazıçının həyat və yaradıcılığı ilə bağlı müəyyən məqamların öyrənilməsi baxımından əhəmiyyətlidir. Adətən yazıçının əsərlərinin ilk variantı, onun yaradıcılığı barədə məqalələr burada dərc edilir.

   Məlumdur ki, böyük yazıçımız Cəlil Məmmədquluzadə, eyni zamanda, Yaxın Şərqdə ilk satirik jurnalın - «Molla Nəsrəddin»in baş mühərriri olub. Onun Ömər Faiq Nemanzadə və Məşədi Ələsgər Bağırovla birlikdə təsis etdiyi bu jurnalın ilk sayı 1906-cı ildə ərsəyə gəlib, müəyyən fasilələrlə Tiflis (1906-1918), Təbriz (1920-1921) və Bakı (1922-1932) şəhərlərində 25 il müddətində nəşr olunub. Jurnalın 1906-cı il aprelin 7-də işıq üzü görmüş ilk sayı «Molla Nəsrəddin»in məşhur «Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım müraciəti ilə başlanırdı. Jurnal tez bir zamanda Yaxın və Orta Şərqdə şöhrətləndi, çoxlu dostlar qazandı, eyni zamanda, onun düşmənləri də meydana gəldi. Təbii ki, «Molla Nəsrəddin»in bu uğurlarında Cəlil Məmmədquluzadə ilə birlikdə jurnalın fəal müəlliflərindən Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Ömər Faiq, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi və başqalarının, rəssamlardan O.Şmerlinq, İ.Rotter və Əzim Əzimzadənin də böyük əməyi olub. Jurnalın ədibin xatirə muzeyində nümayiş etdirilən nüsxələri seyrçini bu barədə məlumatlandırır, ədibin özü və müasirləri barədə yeni bilgilər verir.

   «Molla Nəsrəddin» Bakıda nəşr olunarkən onun redaksiyası və mətbəəsi Cəlil Məmmədquluzadənin indi muzey olan bu mənzilində yerləşib. Bu barədə ekspozisiyada yer alan məlumat seyrçiyə daha güclü emosional təsir bağışlayır.

   

   Adilxan Bayramov

 

Mədəniyyət.- 2010.- 17 dekabr.- S. 12.