Pəhləvanlar
həmişə xalqın sevimlisi olub
Ənənələrimiz
“Avtomaşınları dişi ilə yerindən oynadan Nəsimi təyyarə dartmağa hazırlaşır”
Azərbaycanda pəhləvanlığın qədim kökləri, bənzərsiz ənənələri mövcuddur. Bu, əzəli-əbədi döyüşkənliyimizin ifadəsi olmaqla yanaşı, həm də xalq ruhunun ayrı-ayrı fərdlərdə yaşamasının bariz nümunəsidir. Azərbaycanda dünya şöhrətli pəhləvanlar çox olub.
XVIII əsrin sonlarında Çin, Hindistan, İran və Misirdə şöhrət tapmış maştağalı Hüseynqulu Hacı Mürsəloğlu, onun yetirməsi, "altıaylıq pəhləvan" adı ilə məşhur olan Əbdüləli Axundov, yenilməz meydan pəhləvanı abşeronlu Hüseynqulu Mirzə Haşım oğlu, balaxanılı Sap Pənci, bakılı Abdulla Şobı oğlu, Məmməd Əhmədli, Atababa kimi pəhləvanlarımız barədə bu gün də ağızdolusu danışılır, maraqlı xatirə yazıları dərc olunur.
Azərbaycanın ayrı-ayrı bölgələrində, xüsusilə də Qarabağda, Şuşada xüsusi pəhləvanlıq məktəbləri fəaliyyət göstərib. XIX əsrin sonunda, XX əsrdə Azərbaycanda Sali Süleyman və Rəşid Yusifov kimi məşhur pəhləvanlar geniş el hörməti qazanmışdılar.
Kəndlərdə zorxana meydanlarını çöl-çəmən əvəz edərdi. Zurnaçı dəstəsi "Cəngi" çalar, kənd cavanları qurşaq tutardılar. Xalq mərasimlərinin, meydan tamaşalarının tərkib hissəsi kimi bu gün də öz formasını qoruyub-saxlayan güc sınamaq, daş oynatmaq, kərən sındırmaq, buğa boynu əymək, kəndirbazlıq etmək oğuz-türk xalqlarının əsas dinamik-dramatik oyunları olub. Zorxana, pəhləvanlıq sonrakı inkişaf mərhələlərində ayrıca tamaşa növünə, peşəyə çevrilib.
Sevindirici haldır ki, bu gün də Azərbaycanda, xüsusilə də bölgələrimizdə bu ənənəni yaşadanlar az deyil. Nəsimi Hüseynov da bu ənənəni davam etdirənlərdəndir. 1985-ci ildə Ağstafa rayonunun Eynallı kəndində doğulan Nəsimi ömrünün nağılabənzər uşaqlıq çağlarını xoş təbəssümlə yada salır: «Hələ 8 yaşımdan iki qardaşımla birlikdə atamla məşq etməyə başlamışam. Kənddə məşq etmək üçün o qədər də geniş imkanlar olmadığından atamın çəki daşlarından istifadə edirdik. Artıq 12 yaşımda hər əlimdə 32 kiloqramlıq yük qaldıra bilirdim».
Nəsiminin bu bacarığını görən atası Vaqif müəllim onu rayonda sərbəst güləş üzrə məşqlərə göndərir. Amma şərait olmadığından Nəsimi məşqləri axıra qədər davam etdirə bilmir.
Peşəkar məşqləri dayandırmasına baxmayaraq, içdən gələn bir hiss onu yenidən pəhləvanlıqla məşğul olmağa sövq edirdi. 14 yaşında kənddə hamının gözləri qarşısında «Volqa» markalı maşını dartıb, hərəkətə gətirməsi hamının təəccübünə səbəb olur.
2003-cü ildə orta məktəbi bitirən Nəsimi Azərbaycan Beynəlxalq Universitetinə daxil olur. Özünün dediyinə görə, idman fəaliyyətinə ara verməsi ona həm fiziki, həm də psixoloji təsir edir. Odur ki, yenidən məşqlərə başlayır. Nəsiminin daxilindən gələn ən böyük istək isə ağır maşınları dartmaq idi. Elə bil, hansısa qüvvə onu buna təhrik edirdi: «Metronun «Xalqlar dostluğu» stansiyası yaxınlığında bir «İkarus» avtobusu dayanırdı. Günlərin birində sürücüdən icazə alıb onu dartmaq qərarına gəldim. İpi 12 tonluq «İkarus»a bağlayıb dartmağa hazırlaşdığımı görənlər çox təəccüblənmişdilər. Ətrafa xeyli «tamaşaçı» toplaşmışdı. Beləliklə, avtobusu darta bildim və yalnız bundan sonra daxilən xeyli rahatlıq tapdım».
Birinci kursdan sonra yay tətilini Rusiyada keçirən Nəsimini bu ölkədə yaşayan azərbaycanlılar bir neçə şəhərə dəvət edir və ondan öz qabiliyyətini göstərməsini xahiş edirlər. Nəinki soydaşlarımız, hətta ruslar da bu gənc oğlanın göstərdiyi nömrələri olduqca bəyənir, Nəsimiyə Rusiyada qalacağı təqdirdə, gələcəkdə yaxşı şərait yaradacaqlarını vəd edirlər. Amma o, Vətənə qayıdır.
İllər keçir və ali təhsili başa vuran Nəsimi işləməyə başladığından məşqlərə bir qədər ara verməli olur. Lakin yenidən eyni proseslərlə qarşılaşır: fiziki ağrılar və psixoloji problemlər: «Gecələr yata bilmirdim. Yenə nə isə ağır yük qaldırmaq və ya ağır maşın dartmaq istəyirdim. Bir gün hamının gözləri qarşısında 12 tonluq «Kamaz» markalı yük maşınını dartdım. Hiss edirdim ki, ayaqlarım, belim və dişlərim çox güclüdür. Sonra Bakı Dəmiryolu Vağzalında 55 tonluq vaqonu dişimlə çəkməyə müvəffəq oldum. Bunun ardınca 165 tonluq üç vaqonu darta bildim. Ətrafa o qədər adam toplaşmışdı ki. Hamı heyrət içərisində idi».
Nəsiminin nümayiş etdirdiyi pəhləvanlıq nömrələri təkcə bunlarla məhdudlaşmır, qüvvəsinə əmin olan bu gənc yeni-yeni güc nümunələri «kəşf» edirdi. Bir gün o, iki maşını qollarında saxlayır və mühərrik sönənə qədər onları buraxmır... Nəsimi sındırılmış şüşə parçaları üzərində uzanmaqla 100 kq. çəkisi olan lövhəni də öz üzərinə qoyur, sonra 20 nəfər adam həmin lövhənin üstünə çıxır. Onun metal aramaturu dişləri ilə sıxaraq əyməsi isə əsl möcüzədir. Həmişə yeniliklər axtarışında olan Nəsimi deyir ki, indi təyyarə dartmağa hazırlaşır.
Sonda gənc pəhləvanımıza uğurlar arzulayırıq.
Mehparə
Mədəniyyət.- 2010.- 17
dekabr.- S. 15.