Ağ və qara
Rəssam İlqar
Əkbərov: "Sənətdə də, həyatda da üstünlük verdiyim bu rənglərdir"
Min bir rəngi, füsunkar mənzərələri
ilə insanı valeh edən
təbiət və onun
gözəllikləri sirli,
əlçatmaz bir aləmdir
sanki. Bu aləmə valeh olan insan öz
hisslərini zaman-zaman ən
müxtəlif formalarda
ifadə edib: şeir yazıb, musiqi bəstələyib,
əsərlər qələmə alıb, gözəl rəsmlər
yaradıb.
Ömrünün
50-ci ilini yaşayan, özünün dediyi kimi, bu ömrün
45 ilini rəssamlığa həsr edən İlqar Əkbərovun
da maraqlı sənət yolu var. Səttar Bəhlulzadə,
Mikayıl Abdullayev kimi
ustadlardan dərs alan İlqar Əkbərov
özünəməxsus üslubu və yaradıcılıq
baxışları ilə seçilir. Əsərləri bir çox xarici ölkələrdə nümayiş
etdirilib. 1997-ci ildən Azərbaycan Rəssamlar
İttifaqının üzvüdür.
- İlqar müəllim, sənətə gəlişiniz
təsadüfi olub, yoxsa...
- Rəssamlıqla lap kiçik yaşlarımdan məşğul olmağa başlamışam. Artıq 5 yaşımda rəsm dərnəyinə getmişəm. Sonra indiki T.İsmayılov adına Yaradıcılıq Mərkəzində qocaman pedaqoq Məsumə Ağayevanın bədii yaradıcılıq dərnəyinə üzv oldum. 1981-ci ildə Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsinə daxil oldum və 1986-cı ildə oranı uğurla bitirdim. Mən həm də İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rəssamı vəzifəsində çalışmışam. S.Rəhmanın "Yalan", A.Rəhmanovun "Əsgər anası", H.Orucovun "Məhəbbət yaşayır hələ" tamaşalarına, bundan əlavə "Əhli-Beyt" teatrında "Möcüzə", Akademik Milli Dram Teatrında "Medeya" tamaşasına bədii quruluş vermişəm. Hazırda Milli Konservatoriyanın nəzdində Respublika Gimnaziyasının təsviri və tətbiqi sənət şöbəsində müəllim işləyirəm.
- Yaradıcılığınızda
daha çox hansı janra müraciət edirsiniz?
- Mənim yaradıcılığımda janrlar çoxşaxəlidir. Yağlı boya ilə işləyirəm, yorulan zaman keramika və ya metal üzərində döyməyə müraciət edirəm. Bir neçə ay bundan əvvəl təşkil edilmiş sərgimdə yağlı boya ilə çəkdiyim rəsmlər və döymə üsulunda - puntualizmdə işlədiyim əsərlər təqdim olunmuşdu.
- Bəlkə, bu termini oxucularımıza daha geniş
anladasınız? Puntualizm nədir?
- Puntualizm XVIII əsrdə
Avropa rəssamları
arasında geniş yayılmış cərəyan
olub. Bunun mahiyyəti
nöqtələrlə işləmədir.
Puntualizm üslubunda işləmək üçün
fırçanın itilənmiş
arxasını boyaya batırıb
hər dəfə kağız üzərinə
nöqtə vurursan. Rəsm
bitənə qədər eyni
hərəkət hər
dəfə təkrarlanır. Yəni hər nöqtəni vurmaq üçün fırça hər dəfə boyaya batırılmalıdır. Nəticədə
rəsm naxışa bənzəyir. Doğrudur,
çətin üslubdur,
amma xoşum gəlir.
- Əsərlərinizdə at rəsmləri
üstünlük təşkil
edir...
- Mən atı çox sevirəm. At çox sədaqətli heyvandır, heç vaxt sahibinə dönük çıxmır. Azərbaycan dünyada məşhur at cinsləri ilə tanınır. Müharibə dövründə də bizim atlarımızdan çox istifadə ediblər. Ona görə də bu heyvanın rəsmi mənim yaradıcılığımda xüsusi yer tutur.
- Keramikadan da
istifadə edirsiniz?
- Diplom işim keramika ilə bağlı olub və yorulanda ondan istifadə edirəm. Sadəcə, indi imkan olmadığından keramikaya az yer verirəm. Metalın bədii döyməsi, ağac üzərində döymə, ağacın bədii emalı, qurumuş ağac gövdələrini yonub kətillər, stullar düzəltməklə də məşğul oluram. Bəzən meşəyə, bağa gedəndə görürsən ki, ağac kötüklərini tullayıblar. Onları evə gətirib yonub kətillər düzəldərək onlara bədii formalar verirəm.
- Dünyada və sənətdə baş verən qloballaşma prosesini hiss edirsinizmi?
- Bilirsiniz, rəssam var ki, realizmdən
gəlir impressionizmə
çıxır. Və ya
kubizmə gedir. Amma rəssam da var ki, reallığı
bilmədən rəsm
çəkib. Məsələn,
Pikassonun bir əsəri var: öküz rəsmini elə çəkib ki, son anda velosipedin
sükanı və oturacağını aydın
görürsən. Bu, Pikassonun dahiliyidir.
- Tarixi mövzuda əsərlərə necə,
yer verirsiniz?
- Tarixi mövzuda əsərlər çəkmək
məsuliyyətli işdir
və çox vaxt tələb edir. Bunun üçün illər boyu oturub öyrənmək lazımdır. Doğrudur, mənim
20 Yanvar hadisələrinə,
Xocalı faciəsinə
həsr etdiyim rəsmlər var, amma yenə də özümü buna hazır hesab etmirəm. Məsələn, iki il əvvəl
Xocalı faciəsinə
həsr etdiyim əsərlərim Praqada təşkil olunmuş beynəlxalq sərgidə
nümayiş etdirilib.
20 Yanvara həsr olunmuş əsərim isə R.Mustafayev adına Dövlət
İncəsənət Muzeyində
nümayiş olunur. Adətən, belə faciələrimizə həsr
etdiyim rəsmləri ağ və
qara rənglərdə
çəkirəm.
- Niyə məhz ağ və
qara?
- Palitramda rənglər çoxdur, amma sənətdə və həyatda üstünlük
verdiyim rənglər ağ-qaradır. Bu rənglər mənim üçün konkretliyi
əks etdirir.
- Sənətdə yetirmələriniz,
şagirdləriniz barədə
nə deyə bilərsiniz?
- Çalışıram ki,
şagirdlərimə, ilk növbədə,
dahi sənətkarlarımızı
tanıdım. Məsələn,
tez-tez onlara dahi Üzeyir Hacıbəylinin əsərlərinin
qəhrəmanlarını - Koroğlunu, Məşədi
İbadı, Rüstəm
bəyi və s. çəkməyi tapşırıram.
Görürəm ki, bu vasitə özünü doğruldur. Hər kəs
əvvəlcə tarixini,
köklərini bilməlidir.
Ona görə də çalışıram ki,
şagirdlərim tariximizi
öyrənsin, şəxsiyyətlərimizi
yaxşı tanısın.
Onları həvəsləndirmək üçün hətta kiçik müsabiqə də təşkil edirəm.
- Bu yaxınlarda sərgi nümayiş etdirməyi planlaşdırırsınızmı?
- Bu ilin mayında mənim 50 illik yubileyimlə bağlı Azərbaycan Rəssamlar İttifaqında Azərbaycan
- Türkiyə ortaq rəngkarlıq sərgisi
təşkil edildi. Sərgidə mənim rəsm
əsərlərimlə yanaşı,
türkiyəli rəssam
Dizar Ercivan Zencirci və Nurullah Aydının rəsm əsərləri
də nümayiş olundu. Sentyabrda Bakıda Nəvai
Məmmədoğlu ilə
birlikdə sərgi keçirdik. Sərgidə daha əvvəl heç bir yerdə nümayiş olunmamış yeni əsərlərimiz təqdim
olundu. Əsasən kətan üzərində
yağlı boya ilə çəkilmiş
əsərlər idi.
Gələcək planlara gəlincə,
İzmirdə, Anadolu Gözəl Sənətlər
liseyində, Egey Universitetində türk rəssamları ilə bərabər sərgilərimizi
təşkil edəcəyik.
Mehparə
Mədəniyyət.- 2010.- 24
dekabr.- S. 15.