Davranış mədəniyyəti
Bəzən alicənab,
tanınmış, cəmiyyətdə rəğbət
qazanmış bir insan haqqında xoş sözlər deyiləndə
ən yaxşı fikirlərin içində «mədəni
insandır» ifadəsinə də rast gəlinir. Əslində
bu nə deməkdir? İnsan elə mədəni
olmalıdır. Amma həyat göstərir ki, həmişə
belə olmur. Bəs kimə mədəni insan deyilir? Mədəni
olmağın şərtləri çoxdur. Bu, elə bir mənəvi
məziyyətdir ki, onu libas kimi geyinib-soyunmaq mümkün
deyil. O insanın içində, varlığında
olmalıdır. Böyüdüyün mühit,
aldığın tərbiyə, bilik, öz qabiliyyətin,
gendən gəlmə xüsusiyyətlər, dərin
müşahidə, mütaliə və nəhayət,
özünü cəmiyyətdə həqiqətən səliqəli
apara bilmək səriştəsi... Bütün bunlar da
insanın hərəkətində,
danışığında, ətrafdakılara münasibətdə
özünü mütləq göstərir.
Vaxtilə
ali məktəblərdə «Etika» adlı bir fənn
keçilərdi. Təəssüf ki, bu fənn barədə
keçmiş zamanda danışırıq. Etik normaları
gözləmək, təbliğ etmək indi kütləvi
informasiya vasitələrinin və telekanalların üzərinə
düşür. Son illər bu istiqamətdə o qədər
qüsurlar baş alıb gedir ki, bəzən anlamaq olmur kim
dürüst danışır, kimin dedikləri yalandır.
İllər boyu xalqımızın ən gözəl adət
və ənənəsi olan toyun ekranlara keçməsi və
nəticədə xəcalət hissinin ölməsi bir
çox xoşagəlməz söz-söhbətin cücərməsinə
səbəb olur. Bir televiziya kanalında eyni vaxtda 72
yaşlı kişi ilə 19 yaşlı qız
çıxıb ailə qurmaq istədiklərini bildirirlərsə,
onda hansı etik normalardan, adət-ənənələrdən
danışmaq olar?
Müasirlik
mentalitetə balta vurmaq deyil. Klassika ilə modern birləşəndə
gözəl olur. Təəssüf ki, bizə təqdim olunan
proqramlarda nə qədimlik var, nə müasirlik. Tamam
başqa ovqatdır. Danışmağa da utanırsan,
baxmağa da. Utanmaq hissi itən yerdə abır-həya yoxa
çıxar. Abır-həya tapılmayan yerdə isə mədəniyyət
olmaz. Mədəniyyət olmayan yerdə isə hansı nəzakətdən,
qabil davranışdan, dürüst insan münasibətlərindən,
xeyirxahlıqdan, böyük arzulardan, ideyalardan, Vətən məhəbbətindən,
yurd sevgisindən danışmaq olar?
Tarixən
bütün uğurların, qabiliyyətin başında mədəniyyət
dayanıb. Hətta
ən qızğın döyüşlərdə də mədəniyyət
gözlənilməlidir. Tarixən igidlərimiz öz
düşmənlərinə arxadan zərbə vurmayıblar.
Mədəniyyət ən iti qılıncdan da kəsərlidir.
Gəlin razı olmayaq ki, bu qılınc ovxardan
düşsün.
Əlbəttə,
bu çox geniş mövzudur. Mən sadəcə olaraq
gündəlik rastlaşdığımız adi
davranış qaydalarından danışmaq istəyirəm.
Onsuz da ömrümüz elə uzun deyil ki, onu adi
qayğılarla çapıb-talayaq.
Yaşından,
başından, vəzifəsindən, ictimai durumundan, maddi vəziyyətindən
asılı olmayaraq hər bir insanın özünə
hörmət etməsi çox vacibdir. Bu, onun mənəvi
dünyasının göstəricisidir. Özünə
hörmət isə nə səliqəli geyinməkdir, nə
cibində pulun çox olmasıdır, nə öz
rahatlığını təmin etməkdir, nə də
yalnız övladlarına, qohum-əqrəbana gün
ağlamaqdan ibarətdir. Yox, Allah-təala hamını eyni
hüquqda yaradıb. Ədalətin ölçüsünə
bax ki, eyni cür doğulan insanın bu dünyadan gedişində
də fərq yoxdur. Kasıbın da qazancı, varlının
varidatı da elə bu dünyada qalır. Əbədi olan
yaxşı addır, yaşayan xeyirxah əməllərdir, mənəvi
sərvətlərdir...
Özünə
hörmətin birinci yolu ətrafdakılara bəslənən
münasibətdən, yanaşma xüsusiyyətlərindən,
daxildən gələn nəzakətdən və rəftardan
asılıdır. Vəzifəcə
səndən yuxarıda dayananın qarşısında
baş əyib, səndən aşağıda durana təpinmək
isə... Bu insanlığa sığışmır axı.
Bir əlində şərbət, bir əlində zəhəri
necə saxlamaq olar?!
Əslində
milli-mənəvi dəyərləri şərtləndirən
məqamlar çoxdur. Böyüklərə hörmət,
yaşlılara, xəstələrə, əlillərə,
qadınlara ehtiram göstərmək, uşaqlara qayğı
ilə yanaşmaq milli-mənəvi dəyərlərin tərkib
hissəsidir. Ailədən gələn, məktəbdə
yetişən, cəmiyyətdə formalaşan bu dəyərlər
insanın həyat yolunu istiqamətləndirməkdə, mənəvi
zənginliklərini qoruyub saxlamaqda mühüm amildir. Bir də
ehtiyacı olana mərhəmət göstərmək,
yaşlı bir kəsi yoldan keçirmək, kiminsə
qolundan tutmaq özü savabdır. Elə dinimizdə də bu
tələblər var. Bəzən çox kiçik
görünən adi davranışın arxasında
böyük bir mənəvi dünyanın olub-olmaması
dayanır. İnsanın ikiləşməsi, təbdən-təbə
düşməsi, gah pələngə dönməsi, gah
dovşana çevrilməsi qəbuledilməzdir. Bütün
canlıların alisi sayılan insan ali mədəniyyətə
də malik olmalıdır. Xüsusilə də ətrafdakılarla
münasibətdə tarazlıq pozulmamalıdıır.
Çoxumuzun
yaxşı yadındadır, hələ sovet dövründə
«Oqonyok» jurnalının Bakıda olan bir əməkdaşı
şəhər nəqliyyatında gördüklərindən
heyrətə gələrək kiçik bir yazıda öz təəssüratını
bildirmişdi ki, Azərbyacanda qəribə bir adət var. Hər yerdə gördüm
ki, yaşlı insanlara, qadınlara ehtiramla
yanaşılır. Xüsusilə də, avtobuslarda gənclər
dərhal ayağa qalxaraq özündən böyüklərə
yer verir. Qadınlara, yaşlı insanlara hörmət göstərilir.
Bəlkə də ilk baxışda bu münasibətlərdə
bir o qədər də qeyri-adilik yoxdur. Amma bütün adiliklərin
içində bir adillik olmaq gərəkliyi var. Həmişə
görmüşük ki, əliuşaqlı xanımların,
yaşlı qadınların uzun növbələrə
dayanmasına heç kəs razı olmayıb və bu elə
bir qəribə hal yaratmışdı ki, qadınlar özləri
ayrıca növbəyə dayanırdılar.
Bu
yaxınlarda şəhər nəqliyyatında müşahidə
etdiyimiz bir məqam, açığı, ürəyimi
ağrıtdı. Vətən
torpaqları uğrunda canını fəda etmiş igidlərimizin
- Mübariz İbrahimov və Fərid Əhmədovun məzarlarının
ziyarətindən qayıdan yaşlı xanımlar avtobusa
qalxmalı oldular. “Sədərək” ticarət mərkəzindən
şəhərə gələn avtobusda tünlük idi.
Ağır dərdin əlindən üzülmüş bu
qadınlar isə əyləşməyə yer tapmadılar. Ətrafa
nəzər saldıqda keçirdiyimiz sıxıntıdan nə
edəcəyimizi bilmədik. Qulaqlarında qulaqcıq, bir əlində
telefon, ağzında saqqız, o biri əli ilə də
özü kimi cavan qızı qucaqlamış qara gödəkcəli
oğlanın isə dünya vecinə deyildi. Başqa bir
oturacaqda əyləşmiş gənclər isə
şit-şit danışıb gülürdülər. Bu təzadlı
mənzərədən süzülən əsəbi gərginlik
yaşlı bir kişinin deyinməsinə gətirib
çıxardı: «Belə də iş olar? Biz də cavan
olmuşuq. Vallah, heç vaxt özümüzdən
böyüyün yanında əyləşməmişik. Bu
zamananın uşaqları niyə belədir?
Böyük-kiçik tanımırlar».
Oturacaqda
əyləşənlərdən biri şar kimi
şişirtdiyi saqqızı əlinə alaraq kinayəqarışıq
ahənglə dedi: «Dayday, axı sənin bu avtobusda nə
işin var? Evində
otura bilmirsən? Hələ bizi bir borclu da
çıxarırsan? İntiresni adamsınız, mən nəyə
görə ayağa durmalıyam, sənə borcum var?». Təbii
ki, ağzının sözünü bilməyən, ailə
tərbiyəsi görməyən birisinə yaşlı
kişi cavab verməyərək biçarəliklə
köksünü ötürdü. Abrına sığınmış
bu haqlı insanın gözləri dolmuşdu.
Özünü birtəhər ayaqüstə
saxlayırdı. Bu «dialoq»dan sonra, nəhayət, bir oğlan
«qeyrtə» gəlib ayağa durmaq istəyəndə,
yanındakı qız onun gödəkcəsindən dartaraq
«eto tebe nada?» - deyərək narazılığını
bildirdi. Oğlan dərhal əyləşərək
özündənrazı şəkildə dişlərini
ağartdı.
Açığı
harda olduğumuzu, hansı millətin gəncləri ilə bir
avtobusun sərnişinlərinə çevrildiyimizi
anlamadıq. İnsanı
əzən məqamlardan biri də budur ki, şəhər nəqliyyatında
narahatçılıq doğuran səbəblərin sayı
çoxdur. Sürücü də, onun «pul
yığan»ları da harada kefi istəyir, maşını
saxlayır, insanların necə yerləşməsindən,
hansı şəkildə getməsindən nəinki narahat
olmur, heç veclərinə də almırlar. Əksinə,
səsini çıxaranlara, narazılıq edənlərə
kobud sözlər deyir, sonda da bildririrlər: «xoşun gəlmir,
düş, taksi ilə get» (Bu hal Bakıda sərnişindaşınma
nəqliyyatının bütün marşrutları üzrə
hərəkət edən avtobusların əksəriyyətində
müşahidə edilməkdədir). Təbii ki,
hamının da imkanı yoxdur ki, şəxsi
maşını olsun, ya da taksi harayına düşsün.
Sərnişinlərin
xeyli hissəsi düşdükdən sonra gözləmək
olardı ki, salonda qismən rahatlıq yaranacaq. Amma bu dəfə də
avtobus yerindən tərpənmədi. Yenə də basa-bas
düşdü. Arxada əyləşənlərdən kimsə
dözməyərək gileyləndi: «Ay bala, sür gedək,
səninlə eyni vaxtda çıxan martşurtlar getdi, niyə
yatıb qalırsan?”. Sürücünün cavabı həm
gülüş doğurdu, həm də... «O yatıb yuxusunu
alıb, ona görə gedir, mənim də yuxum burda gəlir...»
Beş
addımlıq ömür yolunda insanın düçar
olduğu adi münasibətlər, gündəlik
rastlaşdığımız «ürəkaçan mənzərələr»
əsəblərin sıradan çıxmasına səbəb
olur. «Bizi belə
böyütməyiblər», «biz belə olmamışıq» -
deyənlərin haqlı iradlarını bəzən təhlilə
çəkəndə anlamaq olmur ki, nədən milli-mənəvi
dəyərlərimizi belə sürətlə itirməyə
məhkum olanlar var. Hərdən qəribə vəziyyət də
görürsən. Gənclər ayaqüstə dayanıblar.
Oturacaqlar da boşdur. Soruşanda, niyə əyləşmirsiniz?
- cavabında onsuz da duracağıq deyirlər. Bəli, ailə
tərbiyəsi görmüş gənclərimiz də var.
Amma nədən hamısı belə deyil? Bütün bunlara
bütün cəmiyyətdən təpki gəlməlidir.
Öncə
hər bir avtobusun salonuna mütləq yazılı lövhə
vurulmalıdır. Necə ki, sovet dövründə var idi.
Oturacaqların yerləşdiyi salonun divarında
yazılırdı: «bura yaşlı adamlar
üçündür» və yaxud da «bu yer əlillər
üçündür» və s. Eləcə də hər bir
avtobusun sürücüsü dayanacaqlarda elan etməlidi:
«yaşlılara yer verin». Necə ki, Bakının
metrostansiyalarında biz bu xəbərdarlığı tez-tez
eşidirik. Bu cür yolla da hər bir xoşagəlməz
görüntünün qarşısını almaq olar. İnsanlarda
da vərdiş yaranar. Yoxsa cavanlar əyləşir-əyləşsin,
yaşlılar, əliuşaqlı qadınlar və qocalar
ayaqüstə dayansın, sürücünün də vecinə
olmasın, yaramaz axı. Dədə-babadan qanmayanı
qandırmağa çalışıblar, bilməyəni
öyrətməyə. Öyrənib bilməyin isə
heç kimə ziyanı yoxdur. Vay o gündən ki, bilən
öyrətməsin, öyrənən öyrəndiklərinə
əməl etməsin.
Bütün
söylədiklərimiz gündəlik müşahidə edilən
və asan islah olunan nöqsanlardır. Amma təəssüf ki, bizim
kiçik saydığımız, bəzən də əhəmiyyət
vermədiyimiz bu xoşagəlməz hallar sabah daha
böyük qüsurların yaranmasına səbəb olur. Bütün
bəlaların kökü laqeydlikdən başlayır.
İnsan münasibətində biganəlik olarsa, onda daha ali
hisslərdən, davranış mədəniyyətindən
danışmağa dəyməz. Mədəniyyət təkcə
mədəni görünmək deyil, mədəniyyət
insanın daxilində, varlığında, rəftar və hərəkətlərində
büruzə verməlidir.
Flora Xəlilzadə
Mədəniyyət.- 2010.- 24
dekabr.- S. 13.