“Yazıçı
üçün “mən”
deməyin bircə yolu
var...”
Müsahibimiz
tanınmış şair, Yazıçılar Birliyinin
Sumqayıt bölməsinin sədri Sabir Sarvandır.
Sabir Sarvan 1956-cı ildə
Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. Yeniyetmə
vaxtından ədəbiyyata, yaradıcılığa meyli
olub. 1970-ci ildə Ağsu rayonunda çıxan “Birlik“ qəzetində
ilk şeiri işıq üzü görüb.
1977-ci ildə Dövlət İncəsənət
İnstitutunun (indiki Mədəniyyət və İncəsənət
Universiteti) dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-1980-ci illərdə Lənkəran Dövlət Dram
Teatrında, 1981-1987-ci illərdə Bakıda Tədris
Teatrının aktyoru olub.
1988-1993-cü illərdə mətbuatda fəaliyyət
göstərib, “Gənclik” jurnalında ədəbi işçi, şöbə
müdiri, baş redaktorun müavini vəzifələrində
çalışıb.
1996-cı ildən Azərbaycan
Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədridir.
“Gördüyüm göy
üzü, baxdığım işıq”, “Çıx
qaranlıqdan”, “Gəldi qürub”, “Özümü sözə
çevirdim” adlı şeir kitablarının müəllifidir.
-
Hansı daha asandır - şair olmaq, yoxsa
Yazıçılar Birliyinin Sumqayıt bölməsinə rəhbərlik
etmək?
- Şairlik, yaradıcılıq
çətin işdir.
Özü də bu iş səndən, əhvalından,
sosial vəziyyətindən
asılı deyil. Bilmirsən ilhamın nə
vaxt gələcək
və sən yazacaqsan.
Heç kim deyə
bilməz ki, sabah bir şeir yazacağam,
şedevr əsər yaradacağam
və ümumiyyətlə
yaza biləcəyəmmi? Bölmə sədri
olmaq isə birbaşa səndən asılıdır, məsələn,
sənin bacarığından, təşkilatçılığından
və s. Bir dəfə Almaniyanın Ludviqshafen
(Sumqayıtla qardaşlaşmış
şəhər - red.) şəhərində
maraqlı bir tədbirdə iştirak edirdim. Mənim Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri olduğumu
biləndə çox
maraqlı, həm də alman dəqiqliyi ilə bir sual verdilər: “Deməli,
siz yaradıcı adam deyilsiniz, təşkilatçısınız?”.
Onlar təşkilatçılığı
və yazıçılığı bir
arada görmürlər
və əslində düz də edirlər. Təşkilatçılıq
prosesləri səni yaradıcılıq üçün
mühüm olan tənhalıqdan
məhrum edir. Bizim işimiz
budur - hər gün bölməyə gələn yazarlarla
görüşməlisən, təqdim olunan
yazıları oxuyub rəy
bildirməlisən, tədbirlər keçirməlisən və
bütün bunlara rəğmən işsiz yazarlara baxıb işin olduğu üçün şükür
etməlisən.
- Eşitdiyimizə görə,
bu günlərdə Yazıçılar Birliyinin
Sumqayıt bölməsinin
14 yaşı tamam olur. Bölmə necə yarandı,
ilk dövrdə fəaliyyətiniz
necə oldu?
- Əli Kərim adına Poeziya
Klubunun rəhbəri İbrahim İlyaslı ilə birlikdə Yazıçılar Birliyinin
rəhbərliyinə müraciət
etdik. Əvvəlcə Sumqayıtın paytaxta
yaxın olmasını
səbəb göstərərək
burada bölmənin yaradılmasına lüzum
görmədilər. Amma şəhərin
günü-gündən böyüməsini və
əhalinin artmasını nəzərə alaraq
bölmənin yaradılmasını
məqsədəuyğun saydılar. Beləliklə,
1996-cı il dekabrın
21-də birliyin Sumqayıt
bölməsi təsis olundu.
Sonra belə məlum oldu ki, uzun
illər öncə, 1956-cı ildə Sumqayıtda bu bölməni yaratmaq istəyiblər, amma
alınmayıb.
-
Bölmə sədri kimi yazanların və ümumiyyətlə,
AYB-nin üzvlərinin sayının çoxluğundan
şikayətçi deyilsiniz ki?
- Mən
bircə iddiaların həddini aşmasının əleyhinəyəm.
Bəzən sıradan
bir yazarın az qala dahi
yazıçının yubileyi
səviyyəsində özünə
tədbir keçirmək tələbini anlaya
bilmirəm. Yazmaqda “mən” deməyin bircə
yolu var ki, onu da
insan artıq yazısında deyir. Amma yazısında
kim olduğunu deyə bilməyənlər sonda
gəlib mükafatların
verilməsini, yubileylərin keçirilməsini və s. iddialarla çıxış
edirlər. Bu kimi iddialar artanda ədəbiyyat üçün
faydalı olacaq işlərin
görülməsinə maneələr yaranır.
- Bu illər ərzində bölmə olaraq nələri etməyə
müvəffəq olmusunuz?
- Ötən dövrdə bir sıra nəşrləri,
ədəbi əsərlər
toplusunu ərsəyə
gətirmişik. “Vətən
deyən şeirlər”,
“Vətənim, anam, dilim” almanaxları, “Zərif” qadın ədəbi məclis üzvlərinin əsərlərindən
ibarət “Bənövşə
pıçıltısı” və “Bizdən sizə qalan sözdü” adlı topluları, AYB-nin Sumaqyıtda yaşayan üzvlərinin tərcümələrindən
ibarət “Dünya Sumqayıtdan keçir” adlı almanax, dünyasını dəyişmiş
sumqayıtlı yazarların
əsərlərindən ibarət
“Dinmə ey kədər” adlı almanax, ayrı-ayrı, yazarlarımızın kitabları
nəşr olunub, təqdimatları keçirilib.
Eyni zamanda
şəhərin müxtəlif təşkilatları
ilə birgə layihələrimiz olur. Sumqayıt şəhər
Təhsil Şöbəsi ilə birlikdə 2000-ci ildən başlayaraq hər il şəhər məktəblilərinin
şeirlərindən ibarət “Qanadlandıq uçmağa”
adlı almanax
hazırlayırıq. Gənclər və İdman
İdarəsi ilə
birlikdə bir neçə
kitab nəşr olunub.
-
Birliyin nəzdində fəaliyyət göstərən ədəbi
birliklər barədə nə deyə bilərsiniz.
- Bölmədə üç ədəbi birlik fəaliyyət göstərir. “Zərif”
- qadınlardan ibarət bir ədəbi birlikdir. “Turan” ədəbi birliyi isə Sumqayıtın bütün
yazarlarının birləşdiyi,
yazıların müzakirə edildiyi bir birlikdir ki,
burada tez-tez
qızğın yaradıcılıq müzakirələri olur. “Tumurcuq” isə yalnız məktəblilər üçün nəzərdə
tutulmuş bir ədəbi dərnəkdir.
- Sizcə, Bakının ədəbi mühiti ilə digər şəhərlərin, bölgələrin
ədəbi mühiti
arasında çoxmu fərq var?
-
Bizim gənclik illərimizdə ədəbi aləmdə
Bakıya güclü bir axın var idi. Çünki
o dövrdə çap olunmaq, tanınmaq üçün
yazarlar mütləq paytaxta üz tutmalı idilər. Həm də paytaxtdakı
qaynar ədəbi mühitin qələm adamının formalaşmasında
rolu əvəzolunmaz idi. İndi vəziyyət fərqlidir. Məsələn,
Bakı ədəbi mühitində müəyyən insanlar və onların da öz əhatə dairələri
var ki, kitab
təqdimatlarında bir-birlərini tərifləyir, xırda tənqid
eşidəndə isə bərk inciyirlər. Bəzi
“istedadlı” insanların kitabları haqqında mətbuatda dərc
olunan yazıları görəndə təəccüb edirəm və
düşünürəm ki, bəlkə mən heç də yaxşı oxucu deyiləm,
bəlkə o kitabı
yenidən oxuyum?! Amma gerçək
istedadı olan yazarların
çoxu, əsasən də yaşlı
nəslin nümayəndələri özünütəbliğin
dalınca getmirlər. Məsələn, bu
yaxınlarda “Azərbaycan”
jurnalında Məmməd İlqarın “Qaratel”
poeması dərc olunub. Vətənpərvərlik
mövzusunda yazılmış çox gözəl, təbliğ olunası əsərdir.
Sumqayıt ədəbi mühitində daha
çox səmimiyyət
var. Onu deyim ki, buraya
gələn paytaxt yazarları da bu səmimiyyəti
görürlər. Bakı tədbirlərində, Bakı ədəbi
mühitində isə bunu görmək
bir qədər çətindir.
Sumqayıt ədəbi mühitində kifayət qədər ciddi imzalar var.
Təəssüf ki, ədəbiyyat
sahəsində də çox
şey təbliğatdan
asılıdır.
Söhbətləşdi: Feyziyyə
Hacızadə
Mədəniyyət.- 2010.- 24
dekabr.- S. 12.