Ədəbiyyat tariximizdən:
Seyfulla Şamilov
Ötən əsrin Stalin
repressiyası dövründə onlarla, yaradıcı insan həbs
olunub, min bir əzaba, işgəncəyə məruz
qalıb. Həyat eşqləri
söndürülüb. Azərbaycan
Yazıçılar Birliyinin
sədri olmuş Seyfulla Şamilov belə insanlardandır. Dekabrın 25-i onun xatirə günüdür.
Seyfulla Əli oğlu Şamilov 1902-ci ilin oktyabrın 10-da Qazax qəzasının Tatlı kəndində anadan olub. Azərbaycanda
sovet hakimiyyəti qurulandan sonra komsomol sıralarına qəbul
olur. Sonra Bakıda Partiya Məktəbində təhsil
alır.
Gənclik illərindən
ədəbiyyata meyl
göstərir. Bakıda təhsil aldığı illərdə
“Azərbaycan füqərası“, “Kommunist“
qəzetlərində, “Maarif işçisi”, “Yeni məktəb“,
“İnqilab və mədəniyyət“ jurnallarında hekayə, oçerk və məqalələrlə çıxış
edir. Qələmə
aldığı yazılarda ölkəmizdə
baş verən mədəni inqilab tərənnüm olunur.
Yazılarında sovet quruculuğunu
təbliğ və tərənnüm edir. Sonra bir
müddət Xalq Maarif
Komissarlığında, eləcə də Gəncə şəhər
maarif şöbəsində
çalışır. 1931-1933-cü illərdə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda
kafedra müdiri olur.
Eyni
zamanda "Kommunist" qəzetində redaktor müavini,
"Gənc işçi"də məsul redaktor işləyir.
1932-ci ildə hekayə
və oçerklərdən ibarət "Laçın"
adlı kitabı çap olur.
Pedaqoq, nasir və bir mətbuat işçisi kimi xalqına hansı yollasa bir xeyir vermək arzusu ilə
çalışır. O, xalqının vətənpərvər
övladı idi. Kommunist
Partiyasına da ürəkdən inanıb
üzv olmuşdu.
1936-cı ildə Seyfulla Samilov Azərbaycan Yazıçılar Birliyinin sədri seçilir. Həmin dövrdə tüğyan edən repressiya dalğası ondan
da yan keçmir.
Ona qarşı sovet dövlətinə qarşı
fəaliyyət göstərməsi, “xalq düşmənləri”nə
meydan verməsi ilə bağlı ittihamlar irəli sürülür. "Ədəbiyyat qəzeti"ndə
Seyfulla Şamilov haqsız tənqid atəşinə tutulur. 1938-ci ilin
fevralında Seyfulla Şamilov
Azərbaycan KP Mərkəzi Komitəsinə
çağırılır və oradaca həbs edilir.
Ədib 16 ay
təkadamlıq kamerada
əzablı günlər yaşayır. Bütün
əzablara təmkinlə
sinə gərir. Sonra sürgünə
göndərilir. 18 illik ağır
sürgünlük həyatı yaşayır.
O,
1955-ci ildə bəraət alır.
"Uşaqgəncnəşr"də
baş redaktor kimi işə düzəlir. Əlinə qələm alıb əzmkarlıq göstərir.
Neçə-neçə kitabı işıq üzü görür. Fəaliyyətinə
görə fəxri fərmanla, orden və medallarla təltif edilir. O, hər şeyə yenidən başlasa da, qəlb
ağrıları və bir də gözlərinin dərinliyindəki
nisgillər çəkilmir...
Yazıçı
Süleyman Vəliyev 1972-ci ildə onun haqqında “Qocaman
yazıçı, müəllim“ adlı xatirə məqaləsi
yazıb: "Seyfulla Şamilov ədəbiyyat vurğunu idi. Onun hekayələrinin qəhrəmanları azadlıq sevən, vətənpərvər,
mübariz insanlar olurdu. Mövhumatı, nadanlığı ifşa edən hekayələri
yaradıcılığında geniş yer tuturdu. Gözəl
hekayələr ustası olan S.Şamilov bədii tərcümə
ilə də müntəzəm məşğul olmuşdu". Həqiqətən
də S. Şamilov bədii tərcümə
sahəsində də qələmini sınayıb. O, Hötenin "Gənc Verterin iztirabları" və digər əsərlərini
Azərbaycan dilinə tərcümə edib.
Seyfulla Şamilov 1974-cü il dekabrın 25-də dünyasını dəyişib.
Savalan Fərəcov
Mədəniyyət.- 2010.- 24 dekabr.- S. 12.