O, xalqının
ləyaqətli oğlu idi
Həsən
Seyidbəyli - 90
II yazı
“İçərişəhər”
metro stansiyasının yaxınlığında bir
küçə var, Həsən Seyidbəyli küçəsi.
Bu küçədəki evlərdən birinin divarına
vurulmuş xatirə lövhəsində yazılıb:
“Görkəmli yazıçı və kinorejissor, Azərbaycanın
Xalq artisti Həsən Seyidbəyli bu evdə
yaşayıb-yaratmışdır”.
“Onun
yeri həmişə görünür”
Həsən
Seyidbəylinin sağlığında mən bu evə ilk dəfə
gələndə ailədə həyat qaynayırdı. Həsən
müəllimin həyat yoldaşı Süsən xanım necə
də xoşbəxt idi. Onun hazırladığı pürrəngi
çayın ətri, bişirdiyi mürəbbələrin
dadı Həsən müəllimlə söhbətimizdə
xoş ovqat yaradırdı. İkinci dəfə bu binanın
qarşısında dayananda H.Seyidbəyli dünyasını
dəyişmişdi. Bakıda ikinci dəfə ümumittifaq
kinofestivalı keçirilirdi. Festivalın tədbirlər
planı çərçivəsində Həsən müəllimin
yaşadığı binanın divarında görkəmli sənətkarın
xatirəsini əbədiləşdirən lövhə
vurulmuşdu. Binanın qarşısına çoxlu adam
toplaşmışdı. Yerli kino işçiləri də,
festivalda iştirak edən qonaqlar da Həsən Seyidbəyli
barəsində xoş sözlər deyir, xatirələrini
söyləyirdilər...
İşlədiyim
“Kino” qəzetinin H.Seyidbəyliyə həsr olunmuş
xüsusi nömrəsini hazırlamaq üçün
üçüncü dəfə Həsən müəllimin
4-cü mərtəbədə yerləşən mənzilinin
qapısını döyəndə qapını cavan bir
oğlan açdı. Bu, Həsən müəllimin
kiçik oğlu Mehdi idi, vaxtilə “Bizim Cəbiş müəllim”
(Cəbişin oğlu), “Xoşbəxtlik qayğıları”
bədii filmlərində çəkilmiş qaraşın,
qaynar təbiətli Mehdi.
Qonaq
otağında H.Seyidbəylinin divarlara vurulmuş fotoşəkillərinə
baxanda istər-istəməz ötən günlər, olub
keçənlər düşür yada. “Anam
bağçaya Ziyanın oğlu Həsəni gətirməyə
gedib. Harada olsalar indicə gələrlər”, - deyə Mehdi
sükutu pozur.
Ziya H.Seyidbəylinin böyük oğludur. O da
“Telefonçu qız” və “Bizim Cəbiş müəllim”
(Namiq) filmlərində çəkilib. Məryəm isə
iki qardaşın bir bacısıdır. “Telefonçu
qız” filminin baş qəhrəmanı Mehribanın
uşaqlığını tamaşaçılar yəqin ki,
xatırlayırlar. Filmdə həmin balaca qızı Məryəm
oynayır. “Bizim Cəbiş müəllim” filmində Cəbiş
müəllimin qızı rolunda da Məryəm çəkilmişdi.
İndi Ziyanın da, Məryəmin də öz ailəsi,
ev-eşiyi, uşaqları var. Mehdi isə cavan ikən rəhmətə
gedib.
* * *
Mehdi
Həsən müəllimin mənzildəki kitabxanası ilə
maraqlandığımı görüb, məni onun iş otağına
dəvət etdi. Burada yazı masası, divan, kreslolar,
kitab rəfləri, bir sözlə hər şey sənətkarın
sağlığında olduğu kimi qalmışdı. Rəflərə
səliqə ilə düzülmüş kitabları nəzərdən
keçirirəm. Əksəriyyəti də müəlliflər
tərəfindən ona bağışlanmış əsərlərdir.
Çoxunda da avtoqraf var. Rəflərin birində isə
yazıçının öz əsərləri
saxlanılır: “Qiymətli damcılar”, “Cəbhədən-cəbhəyə”,
“Uzaq sahillərdə”, “Çiçək”...
- Məşhur
bir adamın övladı olmaq çətindirmi? - deyə
Mehdidən soruşuram.
-
Çətin sualdır, - deyə o, bir qədər fikirləşib
cavab verir: - Atalar və oğullar problemi hər bir zaman hər
bir ailədə olub və olacaq. O ki, qaldı məşhurluq
məsələsinə biz atamızla fəxr edirdik, elə
indi də fəxr edirik. Onun yeri həmişə
görünür.
O, məni özü ilə ekspedisiyalara,
çəkilişlərə tez-tez aparırdı. Çox
istəyirdi ki, onun yolu ilə gedim, kinematoqrafçı olum. Hətta
məni “Azərbaycanfilm” kinostudiyasına işə düzəltmişdi.
Amma mən Bakı Dövlət Universitetinə daxil oldum, tarix
fakültəsinə. Ziya isə Xalq Təsərrüfatı
İnstitutunu bitirdi. Bacım Moskvada Kinematoqrafiya İnstitutunda
təhsil almaq arzusunda idi. Atam isə onu anam kimi həkim
görmək istəyirdi. İş elə gətirdi ki, Məryəm
nə kino işçisi oldu, nə də həkim. O, şərqşünaslığı
seçdi...
* * *
Bu
vaxt qapının zəngi çalındı. Gələn
Süsən xanım idi. O, nəvəsini mənə təqdim
edib dedi:
- Nəvəm
Həsən Seyidbəylidir. Ümid edirəm ki, xasiyyətdə
babasına çəkəcək.
Sonra
mənim xahişimlə Süsən xanım Həsən
müəllimin arxivindən şəkil dolu qovluqları gətirib
stolun üstünə yığdı. Kinomuzun tarixi ilə
bağlı olan bu fotoşəkillərdə kimlər öz əksini
tapmayıb: hind kinorejissoru və aktyoru Rac Kapur, məşhur
rus rejissoru Sergey Yutkeviç, Azərbaycan kinorejissorları Həbib
İsmayılov, Rasim Ocaqov, Muxtar Dadaşov, Hüseyn Seyidzadə,
yazıçı İmran Qasımov, aktrisa Leyla Bədirbəyli,
Barat Şəkinskaya...
Fotoşəkillərin
bir qismində Həsən Seyidbəylini Süsən
xanımla bir yerdə görürük: toyda, xarici ölkələrə
səfər zamanı.
- Məşhur
adamın həyat yoldaşı olmaq asandır, ya çətin?
- deyə bayaq Mehdiyə verdiyim sualı bir də təkrar
etdim.
O,
fikirləşmədən cavab verdi:
-
Onun məşhurluğunu biz evdə hiss etmirdik. Çünki o çox sadə
insan idi. O, olduqca ailəcanlı idi. Məni uşaqların
anası olmaqdan savayı, həm də özünə ən
yaxın dost, sirdaş hesab edirdi.
Balaca
Həsən nənəsinə yaxınlaşıb
kağız-qələm istəyir.
- Babası
kimi yazı-pozunu çox xoşlayır. Kim bilir, bəlkə
böyüyəndə babasının yolu ilə gedəcək?
Elə
bu ümidlə də biz Seyidbəylilər ailəsindən
ayrılırıq. Bir daha bu sənət ocağına qayıtmaq
ümidi ilə.
* * *
Amma bu evə
bir daha qayıtmaq mümkün olmadı. Çünki Süsən
xanım rəhmətə gedəndən sonra ailənin vəziyyəti
ilə bağlı ev satıldı. İndi orada tamamilə
başqa adamlar yaşayır. Həsən Seyidbəylidən
yadigar qalan isə küçə qapısının
yanında divara vurulmuş barelyef oldu. Barelyef bu günədək
gəlib gedənlərin diqqətini özünə cəlb
edir. Yoldan ötənlər ayaq saxlayıb, barelyefin üzərindəki
yazını oxuyurlar.
O
dünyanı görmüş adam
Həsən
müəllim idmanı çox sevirdi. İdmançıların həyatından
bəhs edən “Cazibə qüvvəsi” adlı
qısametrajlı bədii film də çəkmişdi.
Cavanlığında gimnastika ilə məşğul
olmuşdu.
1961-ci
ildə şəkər xəstəliyinə düçar
olandan sonra heç cür bu xəstəliklə barışa
bilmirdi. Deyirdi ki,
fiziki cəhətdən mən çox möhkəm adamam. Mənim
bədənim xəstəlik götürməz. Elə beləcə
fikirləşdiyinə görə özünə fikir
vermirdi, qeydinə qalmırdı. Gündə iki-üç
saat yatırdı. Bunun əvəzinə yeni əsərlər
üzərində işləyirdi, ssenarilər yazırdı,
filmlər çəkirdi, aylarla kinoekspedisiyalarda olurdu. Azərbaycan
Kinematoqrafçılar İttifaqı İdarə heyətinin
katibi, sonra da sədri , SSRİ Kinematoqrafçılar
İttifaqı İdarə heyətinin katibi işləyərkən
çox çalışırdı, bu işlərə
çoxlu enerji, qüvvə sərf edirdi, əsəbləri
tez-tez pozulurdu, həyəcan keçirirdi.
Yaxşı
yadımdadır, 60-cı illərin ortalarında
kinematoqrafçılar ittifaqında geniş iclas
keçirilirdi. Həmin iclasa “Mosfilm” kinostudiyasının
baş direktoru Sizov və SSRİ Kinematoqrafçılar
İttifaqının İdarə heyətinin I katibi L.Kulicanov
da dəvət olunmuşdular.
İclasda
bizim hörmətli kinorejissorlardan ikisi söz alıb H.Seyidbəylinin
ünvanına tənqidi fikirlər söylədilər. Onların sözünün
canı bu idi ki, Həsən Seyidbəyli
yazıçıdır, dramaturqdur, ssenaristdir. Qoy o, bu işlərlə
məşğul olsun. Niyə görə Həsən
rejissorluq edir. Onun ssenarilərini başqaları da çəkə
bilər.
Yerdən
kimsə replika atdı ki, bizim söhbətlərimizi
qonaqlarımızdan biri - L.Kulicanov başa düşür,
çünki o, Qarabağ ermənisidir. Gedib Moskvada danışacaq ki, azərbaycanlılar
bir-birini didib parçalayırlar. İkincisi, Həsən
müəllim peşəkar kinorejissordur. O, Moskvada
Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini
bitirib. İndi o, yazıçıdır deyə film çəkə
bilməz?...
İllər
keçəcək və kinorejissor H.Seyidbəyli Azərbaycan
kino tarixində hadisəyə çevriləcək
“Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi”
kimi dəyərli filmlər yaradacaqdı.
“Nəsimi”
filmindən sonra “Babək” filmini də Həsən müəllim
çəkməli idi. Ssenari üzərində həvəslə işləyirdi.
Bir dəfə onunla söhbət zamanı dedi ki,
xalqımızın qəhrəman oğlu, azadlıq və
istiqlaliyyət carçısı Babək çox
böyük şəxsiyyət olub. Bizim onun barəsində
orta səviyyəli kino əsəri yaratmağa
ixtiyarımız yoxdur. Hətta baş rolun
ifaçısını da fikirləşmişəm. Babəki
Rasim Balayev oynayacaq. Rasim adını eşidən kimi Həsən
müəllimdən soruşdum:
- Nəsimidən
sonra Babək? Bunlar ki, tamamilə başqa-başqa xarakterlərdir.
O,
bir qədər tutulan kimi oldu və baş barmağını
yuxarı qaldıraraq dedi:
- Elə
orada da mənə bunu sübut etmək istəyirlər ki, Rasim
özünü təkrar edəcək. Mən onlara da demişəm, yenə
də deyirəm. Babək rolunda bir rejissor kimi mən yalnız
Rasim Balayevi görürəm. Onun yaradıcılıq
imkanlarına bələdəm.
Sonralar
“Babək” Həsən müəllimdən alınıb
çəkilmək üçün başqasına verildi.
Filmi başqa rejissor çəksə də yenə H.Seyidbəylinin
dediyi kimi oldu. Yəni Babək rolunda biz aktyor Rasim Balayevi
gördük. Rasim müəllim Babək obrazını
yüksək səviyyədə yaratdı. Həsən Seyidbəyliyə
isə əsəb, ürək ağrıları,
qan-qaralıq qaldı.
Belə
xoşagəlməz, insanı depressiya vəziyyətinə
salan əhvalatlardan sonra Həsən müəllim necə
normal həyat sürə bilərdi.
Şəkər
xəstəliyi xırda-xırda öz işini
görürdü. Bir tərəfdən də bronxial astma onu əldən
salırdı. Bu qıvraq bədənli, gülərüz
insan gözümüzün qabağında günü-gündən
dəyişsə də, əli işdən soyumurdu, işləyirdi,
yazıb yaradırdı.
1980-ci
il mayın 1-də birdən-birə onun səhhəti tamam pisləşdi.
Süsən
xanım Həsən müəllimi özü həkim işlədiyi
xəstəxanaya yerləşdirdi. Həsən Seyidbəyli
komaya düşmüşdü. Süsən xanım gecə-gündüz
həyat yoldaşının başının
üstünü kəsdirmişdi. O, necə olursa-olsun sevimli
insanı yenidən həyata qaytarmaq istəyirdi. Həsən
müəllim həyata qayıtdı. Xəstəxanadan
çıxandan sonra onunla sonuncu dəfə
görüşdüm. Saçları pambıq kimi
dümağ idi. Söhbət etməyə o qədər də
həvəsi yox idi. Lakin mənim “Həsən müəllim,
deyirlər ki, komaya düşənlər o dünyanı
görə bilirlər?” - deməyim onu dilləndirdi: “Bu
doğrudur. Özü də çox sürətlə gedib
işıqlı bir aləmə düşəndən sonra
özümü çox rahat hiss edirdim. Hətta mən həyat
yoldaşımın necə için-için
ağladığını da gördüm. Öz-özümə
fikirləşirdim ki, niyə o, belə həyəcan
keçirir. Axı, mən özümü burada çox rahat
hiss edirəm. Günlərin bir günü gözlərimi
açdım. Görünür ki, Allah mənə yaşamaq
üçün möhlət veribmiş”.
Amma bu
möhlət uzun çəkmədi. Görkəmli sənətkar
yaradıcılığının çiçəklənən
çağında, 1980-ci iyunun 25-də dünyasını dəyişdi.
Bir insan və sənətkar kimi o, ləyaqətlə
yaşadı və Vətən qarşısında, xalq
qarşısında borcunu vicdanla yerinə yetirdi.
Aydın Kazımzadə,
Əməkdar incəsənət
xadimi
Mədəniyyət.- 2010.- 24 dekabr.-
S. 10.