Azərbaycanda turizm sahəsinin geniş inkişaf perspektivləri var

 

Mədəniyyət və turizm nazirinin müavini Teymur Mehdiyev: «Dövlət bu sahənin gələcəyinə böyük ümidlər bəsləyir»

 

Azərbaycan artıq dünyada yeni bir turizm məkanı kimi tanınır. Bu sahədə geniş potensiala malik olan respublikamızda turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi dövlətin də prioritet məqsədlərindən biridir. Son illər əldə olunmuş sosial-iqtisadi irəliləyiş bu vəzifənin adekvat səviyyədə həllinə şərait yaradır.

Turizm sahəsində görülən işlər, son bir neçə ildə əldə olunan uğurlar, ümumiyyətlə, Azərbaycanın turizm sənayesində mövcud durumla tanış olmaq üçün mədəniyyət və turizm nazirinin müavini Teymur Mehdiyevlə həmsöhbət olduq.

 

- 2010-cu il ölkəmizdə turizm sektorunun inkişafı üçün nələrlə yadda qaldı? Bu sahənin mövcud vəziyyətini necə qiymətləndirmək olar?

- Məlum olduğu kimi, 2001-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin sərəncamı ilə Gənclər, İdman və Turizm Nazirliyi yaradıldıqdan sonra Azərbaycanda turizm sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub. 2006-cı ildən isə bu sahə Mədəniyyət və Turizm Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biridir. Digər ölkələrlə müqayisədə biz bu sahədə qısa müddətdə mühüm nailiyyətlər əldə etmişik. Bu illər ərzində turizm sənayesinin bütün göstəriciləri 3-3,5 dəfə artıb. Əgər 2001-2002-ci illərdə respublika üzrə 70-90 mehmanxana var idisə, indi bu rəqəm 477-yə çatmışdır. Artıq həm yerli, həm də xarici iş adamlarının ölkəmizin turizm sənayesinə investisiya qoymaq maraqları yaranıb. Hazırda ölkə ərazisində 40-a yaxın mehmanxana və mehmanxana tipli obyekt inşa olunur. Bu sırada mən beynəlxalq mehmanxanalar şəbəkəsinə daxil olan mehmanxanaların tikintisini də qeyd etmək istəyərdim. Beynəlxalq şəbəkələrin də Azərbaycana inamı artıb. Bu gün Bakıda dünyanın məşhur brendlərinin 4 yeni beşulduzlu mehmanxanası tikilir. Bu isə Azərbaycanın turizm bazarının cəlbediciliyinin göstəricisidir.

- 2010-cu ilin 6 aprel tarixində ölkə başçısı tərəfindən təsdiq edilən «Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” bu sahənin inkişafı üçün hansı perspektivləri açır? Cari ildə bu istiqamətdə hansı işlər görülüb?

- Proqramın əsas hədəfi Azərbaycanda turizm infrastrukturunun yaradılması və genişləndirilməsi, turizm sahəsində xidmət səviyyəsinin yaxşılaşdırılması, Azərbaycan turizminin inkişaf potensialının dünya turizm bazarına çatdırılması və bu yöndə təbliğat, təşviqat işləri, turizm sahəsində çalışan mütəxəssislərin peşə hazırlığı səviyyəsinin artırılması, ölkənin xarici təşkilatlarla əməkdaşlığının genişləndirilməsi və regional turizm marşrutlarının beynəlxalq turizm bazarına inteqrasiya olunmasıdır. Turizm infrastrukturunun yaradılması kontekstində turizm-rekreasiya zonalarının təşkili də mühüm əhəmiyyət kəsb edir. Bu zonaların üzərində turizmin müxtəlif növlərinin təşviq olunması, orada statistikanın, tədqiqat işlərinin aparılması və s. önəmli istiqamət kimi nəzərdən keçirilir.

İl ərzində praktiki olaraq həyata keçirdiyimiz işlərdən biri də turizm sahəsində çalışanların peşə hazırlığının artırılması ilə bağlı treninq-kursların keçirilməsi olub. Bu kurslarda müxtəlif ixtisaslar üzrə 200 nəfər dinləyiciyə sertifikat verilib. Maraqlı fəaliyyət istiqamətlərimizdən biri də «Azərbaycanda yeni marşrutları kəşf edək» layihəsidir. Bu layihə çərçivəsində biz turizm şirkətlərinin köməyi ilə bir neçə turizm marşrutu yaratdıq və təqdim etdik. İlk olaraq Şəki Atçılıq Mərkəzi ilə birlikdə Şəki və Şəki ətrafında bir günlük atla turizm marşrutunun təqdimatı məqsədilə infotur təşkil edildi. Digər marşrut isə ekstremal turizm həvəskarları üçün xüsusilə maraqlıdır. Bu, Quba rayonundan başlayaraq sərt dağlıq ərazilərdən keçməklə Şamaxıya, oradan isə Bakıyadək yolu əhatə edir. Dövlət proqramına uyğun olaraq növbəti illərdə bu kimi tədbirləri həyata keçirmək niyyətindəyik. Bu istiqamətdə növbəti planımız balıqçılıq marşrutu, habelə ölkəmizin qərb bölgəsində Gədəbəyə atla gəzintidir. Bundan əlavə, Gəncə istiqamətində «Əfsanələr şəhəri» adlı mədəni turizm marşrutu yaratmaq niyyətindəyik.

- Qeyd etdiniz ki, Bakıda bir neçə beşulduzlu dünya brendli hotelin, eləcə də regionlarda yeni mehmanxana və mehmanxana tipli obyektlərin tikintisi gedir. Həmçinin Qusarda Şahdağ yay-qış turizm kompleksinin inşası davam edir. Məlumdur ki, bu turizm obyektlərində işləmək üçün güclü kadr potensialı lazımdır. Bu mənada ölkəmizdə turizm üzrə kadr hazırlığı ilə bağlı vəziyyət necədir?

- Təbii ki, qarşımızda duran əsas hədəflərdən biri də turizm sahəsində çalışanların peşə hazırlığının artırılmasıdır. Eyni zamanda turizm obyektlərinin rəhbərləri də maraqlı olmalıdırlar ki, daha çox turist cəlb etmək üçün xidməti personalın peşə hazırlığı səviyyəsini artırsınlar. Bu sahədə hələlik ancaq Bakıda vəziyyəti qənaətbəxş saymaq olar. Bölgələrdə isə bu sahəyə o qədər də maraq göstərmirlər. Odur ki, rayonların icra hakimiyyətlərinin və turizm xidməti obyektlərinin rəhbərlərinin köməyi ilə yerlərdə müxtəlif layihələr həyata keçiririk. Yaxın vaxtlarda İsmayıllı rayonunda Təhsil Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) təhsil proqramı çərçivəsində peşə məktəbi açılacaq. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də turizm təhsili üzrə peşə məktəbinin açılması ilə bağlı artıq qərar verilib. Ölkə prezidentinin bununla bağlı tapşırığı da var. Bakıda və Quba rayonunda bu sahədə peşə məktəbləri fəaliyyətə başlayacaq. Bu, Azərbaycan Turizm İnstitutunun bazasında reallaşan bir layihə olacaq.

Dövlət Proqramı çərçivəsində həyata keçirilən digər layihə qısamüddətli bələdçi kursları ilə bağlıdır. Turizm İnstitutunun nəzdində müvafiq treninq-kurslar keçiriləcək, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sertifikatlar veriləcək. Bu sertifikatları alanlar bələdçi kimi fəaliyyət göstərə biləcəklər.

- Bu il həm də ilk dəfə olaraq ölkəmizdə daxili turizm sərgisinin keçirilməsi ilə yadda qaldı. Azərbaycanın daxili turizm imkanlarının təbliği, ölkə əhalisi arasında yerli turizmin populyarlaşdırılması sahəsində daha hansı işlərin görülməsini zəruri sayırsınız?

- Dövlət Proqramının növbəti hədəflərindən biri də daxili turizm sərgisinin keçirilməsidir. Bu il keçirilən ilk sərgidə Azərbaycanın bölgələr üzrə 15 şəhəri xüsusi stenddə təqdim olundu. Bu lövhələrdə hər bölgənin tarixi-mədəni abidələri, adət-ənənələri, mətbəxi, turizm üçün cəlbedici yerləri, təbii mənzərələri və s. əksini tapmışdı. Ümumiyyətlə, Mədəniyyət və Turizm Nazirliyi daxili turizmin inkişafına daha xüsusi diqqət ayırır. Çünki bu gün ölkə rəhbərliyinin həyata keçirdiyi tədbirlər, sürətli inkişaf regionların sosial-iqtisadi tərəqqisinə də böyük təkan verib. Artıq bölgələrin əksəriyyətində çox yaraşıqlı, turizm üçün əlverişli olan mehmanxanalar tikilib. Əhəmiyyətli tarixi-mədəniyyət abidələri bərpa edilir, rayonların ərazi-inkişaf planları hazırlanır, yol infrastrukturu inkişaf edir. Bütün bu faktlar bizə imkan verir ki, regionları da bərabər səviyyədə təbliğ edək. Təkcə turist yerləşdirmə obyektlərinin sayını artırmaq yox, eyni zamanda xarici və yerli turistlərə yüksək səviyyədə xidmətin göstərilməsinə nail olmaqla, turizm-informasiya mərkəzlərinin fəaliyyətini gücləndirməklə regionlarda turizm sənayesini inkişaf etdirmək istəyirik. Daxili infrastrukturun yaranması həm də ölkəyə gələn turistlərin marağını artırır. Eyni zamanda yerli sahibkarlar dövlətin turizm sahəsinə dəstəyini hiss etdikcə regional turizm marşrutlarının yaradılması üçün də geniş imkanlar yaranır.

Birinci daxili turizm sərgisində ölkə prezidenti cənab İlham Əliyev də iştirak etdi, öz tövsiyələrini verdi. Bu bir daha sübut etdi ki, tutduğumuz hədəf düzgündür, ölkə rəhbərliyi tərəfindən də dəstəklənir. Eyni zamanda bu bizə əsas verir ki, növbəti ildə daha çox məhsulla daxili turizm sərgisini təşkil edək.

- «Turizm haqqında» yeni qanun layihəsinin hazırlanması məsələsi nə yerdədir? Sizcə, yeni qanunun qəbulu hansı zərurətdən irəli gəlir və orada hansı yeni məqamlar əksini tapacaq?

- «Turizm haqqında» ilk qanun 1999-cu ildə qəbul olunub. Bu qanuna indiyə qədər mehmanxana və turizm fəaliyyətinin lisenziyalaşdırılması, turizm-rekreasiya zonalarının yaradılması və s. məsələlərlə bağlı müvafiq dəyişikliklər edilib. Amma hər dəfə mövcud beynəlxalq təcrübəyə istinad edərək və ölkədə turizmin inkişafını nəzərə alaraq, qanunda bu və ya digər dəyişiklikləri etmək uzun, mürəkkəb bir qanunvericilik prosesi deməkdir. Dünyada turizmin inkişaf tendensiyası da elədir ki, bundan sonrakı mərhələdə daha operativ qərarlar vermək, daha geniş səviyyədə beynəlxalq turizm bazarına inteqrasiya olunmaq, standartlara uyğun turizm xidmətini təşkil etmək, turizm insan ehtiyatlarının hazırlanmasını beynəlxalq şərtlərə uyğunlaşdırmaq, ölkənin turizm potensialını daha geniş təbliğ etmək baxımından yeni qanuna ehtiyac var. Yeni qanun bizə turizm sahəsində daha geniş imkanlar yaradacaq. Turizm xidməti infrastrukturunun genişləndirilməsi, yerləşdirmə obyektlərinin sayının artırılması, mədəniyyət obyektlərinin turizm məqsədli nümayiş obyekti kimi istifadə olunmasının təşkili, yeni ərazilərin seçilməsi, regionlarda turizmin inkişafı, mövcud potensiala uyğun olaraq, turizmin müxtəlif növlərinin inkişafı baxımından yeni qanunun hazırlanması bizə əlavə imkanlar verəcək.

Artıq yeni qanun layihəsi hazırlanıb. Bununla bağlı yaradılan işçi qrupuna müvafiq dövlət qurumlarının nümayəndələri də daxildir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev işçi qrupunun üzvləri ilə bir neçə dəfə görüş keçirib. Qanunun ilkin variantı artıq təqdim edilib. Lazımi formatı tapmaq üçün müvafiq nazirliklərlə razılaşmalar əldə ediləcək. Azərbaycan Respublikası qanunvericiliyinin bazası əsasında yaradılacaq bu qanunda beynəlxalq normalar, bu çərçivədə dövlətin Mədəniyyət və Turizm Nazirliyi qarşısında qoyduğu tapşırıqlar, eyni zamanda beynəlxalq turizm bazarına inteqrasiya olunmaq üçün lazım olan fəaliyyətin tənzimlənməsi kimi məsələlər öz əksini tapacaq.

- Turizm şirkətlərinin, müəssisələrinin fəaliyyətinin lisenziyalaşdırılması, mehmanxanalara ulduz dərəcəsinin verilməsi sahəsində ilin yekunları barədə nə demək olar? Lisenziya və ulduz dərəcəsinin verilməsi şərtləri dəyişdirilə bilərmi?

- Ölkə prezidentinin 2002-ci il 2 sentyabr tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq - lisenziya verilməsi Qaydaları”na uyğun olaraq, mehmanxana və mehmanxana tipli obyektlərə və turizm şirkətlərinə fəaliyyət göstərməsi üçün lisenziya verilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilib. Ötən il ərzində 21 mehmanxanaya lisenziya verilib. O ki qaldı turizm şirkətlərinə, 2010-cu il ərzində 38 turizm şirkətinə fəaliyyət göstərməsi üçün lisenziya verilib. Hazırda ölkə ərazisində 212 turizm şirkəti xüsusi razılıq-lisenziya əsasında fəaliyyət göstərir.

Digər tərəfdən, qeyd edim ki, dünya təcrübəsində mehmanxana və mehmanxana tipli obyektlər dövlət təsnifatından keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2004-cü il tarixli 56 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2004-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması” Qaydasına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyinin 224 saylı 03.05.2010-cu il tarixli əmrinə əsasən turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması məqsədilə yaradılmış ekspert qrupu tərəfindən mehmanxana və mehmanxana tipli obyektlərə baxış keçirilir və müvafiq qərar qəbul olunur.

Bu günə qədər təsnifatdan keçmiş və müvafiq ulduz dərəcəsi almış mehmanxana və mehmanxana tipli obyektlərin sayı 77-yə çatıb. Qeyd edim ki, ulduz dərəcəsi 3 il müddətinə verilir. Həmin müddət bitdikdən sonra təkrar müraciət etdikdə əgər obyekt əvvəlcə verilmiş ulduz kateqoriyasına cavab verməsə, onda ulduzun aşağı salınması ilə bağlı qərar qəbul olunur.

- Azərbaycanın turizm potensialının dünyada təbliği və tanıdılması yönündə Mədəniyyət və Turizm Nazirliyi geniş fəaliyyət tədbirləri həyata keçirir. Bu sırada ölkəmizin beynəlxalq turizm sərgilərində iştirakı, dünyanın aparıcı telekanallarında respublikamızın turizm imkanlarını əks etdirən reklam çarxlarının nümayişini qeyd etmək olar. Ölkəmizə turist cəlb etmək məqsədilə gələcəkdə daha hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?

- Qeyd etdiyiniz kimi, ölkəmizin turizm potensialının xarici ölkələrdə təbliğ edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi il ərzində bir çox beynəlxalq turizm sərgilərində iştirak edir. Bu zaman Azərbaycanın turizm potensialını, tarixini, mədəniyyətini, mətbəxini əks etdirən müxtəlif dillərdə hazırlanmış reklam-çap məhsulları, DVD-lər sərgini ziyarət edən insanlara paylanır. 2010-cu il ərzində nazirlik 13 belə sərgidə təmsil olunub. Bu sərgilər Vyana, İstanbul, Vilnüs, Berlin, Moskva, Kiyev, Pekin, Manama, Dubay, Əl-Küveyt, Paris, Tokio və London şəhərlərində baş tutub. Növbəti ildə bu sərgilərin sayını artırıb 20-yə çatdırmaq niyyətindəyik. Bundan əlavə, Azərbaycanın turizm imkanlarının tanıtdırılması məqsədilə «EuroNews», «Travel Channel» və «CNN» kimi nüfuzlu telekanallarda ölkəmiz haqqında reklam çarxları yayımlanır. 2011-ci ildə «National Geographic», «BBC» və «CNBC» telekanallarında da belə çarxların nümayişi nəzərdə tutulur. Eləcə də dünyanın müxtəlif ölkələrinin tanınmış nəşrlərində Azərbaycan haqqında geniş məqalələr yazılır. Bəzi nəşrlərin brendi ilə respublikamızın turizm potensialı, tarixi məkanları, mehmanxanaları, istirahət mərkəzləri ilə bağlı məlumatların yer aldığı kitabçalar çap edilir. Gələcəkdə bu işlərin daha geniş müstəvidə reallaşdırılması nəzərdə tutulur.

- Ölkəmizdə turizmin gələcək inkişaf perspektivlərini necə görürsünüz? Bu sahədə mövcud olan problemlərin həlli istiqamətində daha hansı addımlar atılmasını zəruri hesab edirsiniz?

- Bizi turizm sənayesində narahat edən ən zəif nöqtə xidmətin səviyyəsidir. Bu problemin aradan qaldırılması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Bu il bildiyiniz kimi, Azərbaycan Turizm İnstitutunun ilk məzun buraxılışı oldu. İlk dəfə ölkəmizin turizm sənayesində ali turizm təhsilli kadrlar yer alacaq. Düzdür, bu, hazırda Azərbaycanda turizm sahəsində olan boşluğu tam doldurmasa da, düşünürəm ki, bundan sonra müəyyən mənada bu baxımdan çətinliklər azalacaq. Bir qisim şirkət və mehmanxanalar mütəxəssislərlə təmin ediləcək. Yəqin ki, ildən-ilə bu yöndə problemlər də azalacaq.

Hər il mütəmadi olaraq, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və TİKA təşkilatı ilə əməkdaşlıq çərçivəsində müxtəlif istiqamətlər üzrə treninq-kurslar keçiririk. Amma bilirik ki, ildə 120-150 nəfərin bu kurslarda təlim keçməsi kifayət deyil. Turizm sənayesi kimi böyük bir sahənin tələblərini ödəmək üçün bu rəqəmlər bəs etmir. Ona görə də bu problemin həlli üçün müəyyən vaxt lazımdır.

Növbəti ildə bir neçə xarici ölkənin KİV nümayəndələri üçün infoturların keçirilməsini nəzərdə tuturuq. Fransa, Hollandiya və Fars körfəzi ölkələrinin aparıcı KİV-lərini ölkəmizə dəvət edəcəyik. Ümumiyyətlə, Azərbaycanın turizm potensialının tanıdılması üçün 2011-ci ildə Bakıda Fars körfəzi ölkələri KİV nümayəndələrinin toplantısını keçirməyi nəzərdə tutmuşuq.

Gələn il AİTF beynəlxalq turizm sərgisinin də 10-cu yubiley ilidir. Bu münasibətlə bu sərgini daha geniş təşkil etmək niyyətindəyik. Bunun özü böyük bir nailiyyətdir. Gənc, müstəqil bir ölkədə 10 il ardıcıl surətdə beynəlxalq turizm sərgisinin keçirilməsi böyük uğurdur. Ümumilikdə götürdükdə isə Azərbaycanda turizmin inkişafı qənaətbəxşdir. Dövlət də bu sahənin gələcəyinə böyük ümidlər bəsləyir. Buna görə də biz hər addımda dövlətin turizm sahəsinə böyük dəstəyini hiss edirik.

 

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2010.- 24 dekabr.- S. 8-9.