Prezident Kuboku uğrunda V çövkən milli oyunu başa çatdı

 

Maraqlı qarşılaşmalarla yadda qalan oyunların qalibi Ağdam komandası oldu

 

Dekabrın 18-22-də Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin Şəki filialında Prezident Kuboku uğrunda V çövkən milli oyunu keçirildi. Qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği məqsədi ilə keçirilən bu oyunlar 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə gerçəkləşir.

 

Maraqlı qarşılaşmalar və gərgin mübarizə ilə müşayiət olunan budəfəki tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Atçılıq Federasiyası, Respublika Atçılıq Turizm Mərkəzinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilirdi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbərinin müavini Cavanşir Cəfərov, Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, şöbənin Qeyri-maddi mədəni irs sektorunun məsləhətçisi Rəşad Əliyev iştirak edirdilər.

 

Birinci gün. Atüstü güləşdə Qəbələ komandası qalib gəldi

 

Dekabrın 18-də start verilən oyunlarda 15 komanda (Şəki, Ağdam, Ağcabədi, Oğuz, Balakən, Ağstafa, Qax, Zaqatala, Goranboy, Qazax, İsmayıllı, Yevlax, Qəbələ, Daşkəsən, Bərdə) iştirak edirdi. Oyunlara başlamazdan öncə atlara baxış keçirildi.

Komandalar oyunun 16/1 mərhələsindən başlayaraq reytinqlərinə görə çıxış edirdilər. İlk mərhələdə oyuna yeni qoşulan və reytinqi aşağı olan komandalar qarşılaşdılar (İsmayıllı-Daşkəsən 1-0, Qəbələ-Qazax 0-2, Goranboy-Bərdə 2-0, Yevlax-Ağdaş- (Ağdaş iştirak etmədiyi üçün texniki məğlubiyyət: 1-0).

Məğlub olan komandalar atüstü güləş oyununda qüvvələrini sınadılar. Burada birinci yeri Qəbələ, ikinci yeri Daşkəsən, üçüncü yeri Bərdə komandaları tutdu. Qaliblər komandaları isə (İsmayıllı, Qazax, Goranboy, Yevlax) 8/1 mərhələsində onlardan daha güclü 4 komanda (Zaqatala, Oğuz, Qax, Ağcabədi) gözləyirdi. Əvvəlcə Zaqatala komandası İsmayıllı komandasını üstələdi: 1-0. Zaqatala komandasını növbəti (4/1) mərhələdə güclü rəqib - Şəki komandası gözləyirdi.

 

İkinci gün. Papaq oyununun qalibi Goranboy komandası oldu

 

Dekabrın 19-da oyunların rəsmi açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin məsul nümayəndələri, Şəki şəhər rəhbərliyi, iştirakçı rayonlardan gəlmiş qonaqlar və çoxsaylı azarkeşlər iştirak edirdilər.

Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilov mərasimi giriş sözü ilə açaraq iştirakçılara uğurlar arzuladı. Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova isə mədəniyyət və turizm nazirinin müvafiq əmrinə uyğun olaraq, 2006-cı ildən etibarən Daşüz kəndində hər ilin may ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş atüstü milli oyunlar festivalı, dekabrda isə Prezident Kuboku uğrunda çövkən milli oyunu keçirildiyini vurğuladı: “İldən-ilə daha kütləvi xarakter alan bu tədbirlər çövkənin uğurlu gələcəyindən xəbər verir”.

Musiqi və rəqs kollektivlərinin, pəhləvanların çıxışlarından sonra komandalar cəngi sədaları altında tribunanın önündən keçərək meydana daxil oldular.

Sonra tamaşaçılar çövkən oyunu üzrə 4/1 mərhələnin ilk oyununu - Şəki və Zaqatala komandalarının qarşılaşmasını izlədilər. Şəki 3-0 hesabı ilə qalib gələrək ilk yarımfinalçı oldu. Ardınca 8/1 mərhələdən qalmış üç oyun keçirildi (Oğuz-Qazax 1-0, Qax-Goranboy 3-0, Ağcabədi-Yevlax 4-0).

Beləliklə, bu mərhələdə məğlub olan İsmayıllı, Qazax, Goranboy və Yevlax komandaları papaq oyununda üz-üzə gəldilər. Burada isə Goranboy komandası 1-ci yerə sahib çıxdı. İkinci yeri Qazax, üçüncü yeri İsmayıllı, dördüncü yeri Yevlax komandası tutdu.

 

Sürprizli üçüncü gün...

 

Dekabrın 20-si səhər tamaşaçıları maraqlı 4/1 final və sürpapaq oyunları gözləyirdi. Çünki çövkən oyununda əsas mübarizəni yarımfinala çıxmış dörd komanda aparır. Beləliklə, yarımfinal iştirakçıları məlum olur. Bunlar 4/1 mərhələsində Zaqatalanı məğlub etmiş Şəki, Balakənə 2-1 hesabı ilə qalib gəlmiş Oğuz, Qaxa 3-0 qalib gələn Ağdam oyunların güclü komandası sayılan Ağstafanı məğlub edən (3-2) Ağcabədi komandaları oldu.

Günortadan sonra yarımfinalda Şəki-Oğuz və Ağdam-Ağcabədi oyunları keçirildi. Şəki Oğuzu 3-0, Ağdam isə Ağcabədini 4-0 məğlub edərək finala yüksəldi. Oğuz və Ağcabədi komandaları dekabrın 21-də üçüncü yer uğurunda yarışdılar. 2-1 hesabı ilə qalib gələn Ağcabədi turnirin sürpriz komandası olmasını bir daha sübut etdi.

Oyun barədə fikirlərini öyrənmək üçün Ağcabədi rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rza Quliyevə yaxınlaşıram. Rza müəllim güclü komandalara üstün gəldiklərini məmnunluqla qeyd etdi: “Komandamızdan çox razıyam. Əzmkar çıxış etdilər”.

Ağstafa komandasının üzvü Zaur Cəlilov isə Ağcabədi komandasına məğlubiyyətlərini bu cür dəyərləndirdi: “Səbəb bizim arxayın oynamağımız və rəqibə zəif baxmağımız idi. Atlarımız da, özümüz zəif idik. Bu qələbə Ağcabədi komandasının haqqı idi”. Ağcabədi komandasının kapitanı Zakir Əliyev Ağstafanı güclü rəqib kimi dəyərləndirdi: “Bu erkən final idi. Qapıçımız çoxlu məşq etmişdi. Biz kuboku götürmək istəyirdik. Amma üçüncü yerböyük uğur sayılır. Hamını təbrik edirəm”.

Daha sonra sürpapaq oyununun qalibləri məlum oldu. Ağstafa komandasını məğlub edən Balakən sürpapaq oyunu üzrə birinci yeri tutdu. Üçüncü yeri Qax, dördüncü yeri isə Zaqatala komandaları tutdular.

 

* * *

 

Turnirin keçirildiyi məkanda Şəki məktəblilərinin atüstü milli oyunlarımızı əks etdirən foto və rəsmlərinin sərgisi də tamaşaçılarda maraq doğurdu. Belə bir müsabiqə-sərginin keçirilməsi gənc nəslin milli oyunlara marağının artırılması baxımdan təqdirəlayiq haldır.

Respublika dərəcəli hakim, Atçılıq Turizm Mərkəzinin direktor müavini Elman Qədirov oyunlara diqqətlə nəzarət edirdi. Münsiflər heyətinin katibi olan Elman müəllimdən hakimlərin işi barəsində soruşuram. Bildirir ki, münsiflər heyətində 11 hakim var, hər oyunu da beş hakim idarə edir: “Əsas hakim at belində meydançada olur. İkisi yan xətlərdə, ikisi də qapı arxasında dayanır. Hakimlərin əksəriyyəti Şəkidəndir. Ona görə ki, burada bu oyunu bilənlər çoxdur. Amma Bakıdan, Ağdamdan, Ağstafadan, Balakəndən də hakimlərimiz var. Oyunçu geyimoyun qaydalarına əməl etməyəndə, kobudluq edəndə meydandan birdəfəlik və ya 2 dəqiqəlik çıxarıla bilər. Əvvəlki illərdən fərqli olaraq builki turnirdə qaydalara daha düzgün riayət edirlər. Şəki, Ağdam komandaları oyunları ilə göstərirlər ki, onlar əsas favoritlərdir. Bu il Oğuz və Ağcabədi də bu sıraya qoşulub. Bir sözlə, rəqabət güclənir”.

 

Final. Qarabağ atları qalib gəldi

 

Dekabrın 22-də möhtəşəm final - Şəki-Ağdam oyunu keçirildi. Gərgin keçən oyunun birinci hissəsində Ağdam 1-0 irəli keçdi. İkinci hissədə güclü Şəki komandası oyunu öz xeyrinə dəyişə bilmədi. Beləliklə, Ağdam komandası Prezident Kuboku uğrunda V çövkən milli oyununun qalibi oldu.

Sonra bağlanış mərasimi keçirildi. Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Z.Cavadova artıq ənənə halını almış milli atüstü oyunların geniş el bayramına çevrildiyini vurğuladı: “Oyunlar xalqımızın qeyri-maddi mədəni irsinə daima böyük hörmətlə yanaşdığını göstərir”.

Mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov oyunların uğurla başa çatdığını qeyd etdi: “Komandalar artıq püxtələşib. Bu gün onların səviyyəsi əvvəlki illərdən qat-qat yüksəkdir. Bu da oyunların maraqlı keçməsinə səbəb olur. Ağdamın Şəkini məğlub etməsi bir daha sübut etdi ki, çövkən oyunları üzrə keçirilən yarışlarda bütün rayonlara eyni gözlə baxılır. Əgər güclüsənsə, qalib gələcəksən. Hər il Şəki komandasını təbrik edirdilərsə, bu il Ağdam komandasını təbrik edirik”.

A.İbrahimxəlilov gələcək illərdə istənilən komandanın turnir üçün sürpriz ola biləcəyini bildirdi: “Amma qələbə qələbədir. Qalib heç vaxt mühakimə olunmur”.

Sonra Mədəniyyət və Turizm Nazirliyinin diplom və müvafiq pul mükafatları komandaların kapitanlarına təqdim olundu. Kubok isə qalib Ağdam komandasına təqdim edildi. Prezident Kuboku uğrunda V çövkən milli oyununun iştirakçıları adından prezident İlham Əliyevə ünvanlanmış müraciət oxundu. Tədbir Azərbaycanın Dövlət Himninin sədaları altında başa çatdı.

 

 

İntiqam Hacılı

 

Mədəniyyət.- 2010.- 24 dekabr.- S. 6.