İşıqlı
insanın işığında
Yusif Səmədoğlu
– 75
Dekabrın 23-də Yazıçılar Birliyinin
Natəvan klubunda XX əsr Azərbaycan nəsrinin ən görkəmli simalarından
biri Yusif Səmədoğlunun anadan
olmasının 75 illiyinə
həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları
əvvəlcə Fəxri
xiyabanda yazıçının
məzarını ziyarət
edərək abidəsi
önünə tər
çiçəklər düzdülər.
Əgər Yusif Səmədoğlu olmasaydı, ədəbiyyatımızda
roman janrının zirvələrindən
biri sayılan “Qətl günü” olmayacaqdı. Yusif Səmədoğlunun 20 ilə yazdığı
bu əsər nəsrimizin sütunlarından birinə çevrildi, 20 il Yusif Səmədoğlu “Qətl günü”nün içində oldu, əvəzində ilk
dəfə ədəbiyyatımızda
çoxqatlı roman janrının
ən gözəl nümunələrindən
biri yarandı. Az
və zərgər dəqiqliyi ilə gözəl yazmaq nümunəsini də ədəbiyyatımıza o gətirdi. 14-15 hekayəsi ilə hekayə
janrının ən gözəl nümunələrini yaratmağa nail oldu.
Yusif Səmədoğlu
şəxsiyyəti, sənəti,
yeni baxışı,
düşüncəsi ilə
çox böyük örnək, məktəb
oldu. Adi, əslində qeyri-adi insanı
dostları, yaxınları “Allahın nur payı” adlandırırdılar. Və bir də Yusif
Səmədoğlu həyatı çox
sevərdi. Yazıçılar Birliyinin
sədri Anar, Xalq şairi Fikrət Qoca, “Azərbaycan” jurnalının
baş redaktoru İntiqam Qasımzadə, ədəbiyyatşünas
Arif Əmrahoğlu, tanınmış şair Çingiz Əlioğlu,
tənqidçi Vaqif Yusifli,
yazıçı Natiq Rəsulzadə
Yusif Səmədoğlunu belə
xatırladılar.
Yusif Səmədoğlu
xatirələrdə hələ
sağdı, yaşayır. Xeyirxahlığı, ürəyiaçıqlığı,
mehribanlığı ilə. Onunla bağlı xatirələr
bir-birini əvəz etdi. Hər kəs ürəkdən
danışdı, hər kəs onu xatırlamaqdan məmnunluq
duydu.
Yazıçının qardaşı, Xalq şairi Vaqif Səmədoğlu
ömrü
boyu böyük qardaşına
- Yusifə
oxşamaq istədiyini, ondan
örnək götürdüyünü
söylədi və
Yusifin xatirəsinə yığışan iştirakçılara öz təşəkkürünü
bildirdi.
Dekabrın 25-də Yusif Səmədoğlunun
75 yaşı onsuz qeyd
ediləcək. Əsərlərinin, xatirələrinin
yaşı isə ömründən çox-çox
uzun olacaq…
Təranə Vahid
Mədəniyyət.- 2010.- 24
dekabr.- S. 5.