Xanımana Əlibəylinin 90 illik yubileyi qeyd olundu

 

Dekabrın 23-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Gənc Tamaşaçılar Teatrında tanınmış şairə, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Xanımana Əlibəylinin anadan olmasının 90 illiyi münasibəti ilə tədbir keçirildi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, tanınmış şair Vaqif Bəhmənli iştirak edirdi.

 

Tədbirin aparıcısı yazıçı Zahid Xəlil uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Xanımana Əlibəylinin yaradıcılığı barədə məlumat verdi. Qeyd etdi ki, Azərbaycan uşaq dramaturgiyasının banisi sayılan X.Əlibəyli yarım əsri adlayan uzun səmərəli yaradıcılıq yolu keçib. O, bədii yaradıcılığa ötən əsrin 30-cu illərində başlayıb, ilk şeiri - “Ana” 1955-ci ildə “Azərbaycan qadını” jurnalında dərc edilib. “Balaca həkim”, “Dovşanın ad günü”, “Meşə həkimi”, “Yaz konserti s. kitabları nəşr olunub.

Tədbirdə çıxış edən Xanımana Əlibəylinin qızı, professor Gülər Abdullabəyli bildirdi ki, anası bütün həyatını və ömrünü uşaqlara həsr edib: “Bizdə uşaq ədəbiyyatına töhfə verən yazıçı və şairlər həddindən artıq çoxdur. Rəsul Rza, Mirvarid Dilbazi, Abdulla Şaiq başqalarının adını çəkmək mümkündür. Xanımana Əlibəyli bütövlükdə bütün həyatını ömrünü yalnız uşaqlara həsr edib”. O qeyd edib ki, Xanımana Əlibəyli uşaq yazıçısı olmaqla yanaşı, həm də uşaq həkimi idi: “Uşaq psixologiyasına çox həssas yanaşırdı. Uşaqlarla ünsiyyətdə doğma ana kimi davranırdı”.

O, yubiley tədbirinin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını ifadə etdi.

Tədbirdə çıxış edən Xalq artisti Ağaxan Salmanlı qeyd etdi ki, X.Əlibəylinin “Dovşanın ad günü”, “Ləpələrin nağılı”, “Gözəllər gözəli” və s. pyesləri müxtəlif vaxtlarda Gənc Tamaşaçılar və Dövlət Kukla teatrlarında tamaşaya qoyulub, “Dovşanın ad günü” və “Aycan” tamaşaları Dövlət mükafatına layiq görülüb.

Sonda X.Əlibəylinin “Dovşanın ad günü” pyesinin 100-cü tamaşası nümayiş olundu. Tamaşanın quruluşçu rejissoru Ağaxan Salmanlı, rəssamı Fuad Əliyev, bəstəkarı Şəfiqə Axundovadır. Tamaşanın nümayişində çoxsaylı uşaqlar da iştirak edirdilər.

 

 

Mədəniyyət.- 2010.- 24 dekabr.- S. 5.