”Deyilən söz yadigardır...”
V
Respublika bədii qiraət müsabiqəsinin qalibləri
mükafatlandırıldı
Dekabrın 22-də Dövlət Gənc
Tamaşaçılar Teatrının “Gümüş maska”
zalında Rəsul Rzanın 100 illiyinə həsr edilmiş
“Deyilən söz yadigardır” V Respublika bədii qiraət
müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi
keçirildi.
Xatırladaq
ki, bədii qiraət müsabiqəsi Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə
dekabrın 1-2-də Göyçay şəhərində
keçirilib. Müsabiqədə respublikanın 34 bölgəsindən 70 nəfər
iştirak edib. Yarışmada 18-30 yaşında olan,
dövlət teatrlarında
çalışan aktyorlar, şəhər və rayon mədəniyyət müəssisələrində fəaliyyət
göstərən xalq teatrları
və dram dərnəkləri kollektivlərinin
üzvləri, müxtəlif ali məktəblərdə təhsil
alan tələbələr iştirak ediblər.
Müsabiqənin münsiflər heyətinin
üzvləri xalq artistləri
Nurəddin Mehdixanlı, Laləzar Mustafayeva, Pərvanə Qurbanova, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, Göyçay Rayon Mədəniyyət və
Turizm şöbəsinin
müdiri Sahib Şükürov gənclər
arasından ən istedadlılarını seçərək
müsabiqənin qalibi elan
ediblər.
Qaliblərin
təltif olunması ilə bağlı keçirilən tədbirdə
mədəniyyət və turizm nazirinin müavini Ədalət
Vəliyev çıxış edərək gənc
istedadların aşkar edilib üzə
çıxarılması məqsədi ilə keçirilən
müsabiqənin tarixinə qısa nəzər saldı. “Deyilən söz
yadigardır” müsabiqəsinin
ilbəil daha yüksək
səviyyədə keçirilməsini nəzərə
çatdıran Ə.Vəliyev bu il Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən yüksək təşkilati
dəstək verildiyini və
nəticələrin də göz qabağında
olduğunu vurğuladı. Nazir müavini çıxışında
dövlətimizin mədəniyyətə, o
cümlədən teatra
olan qayğısından, son
bir ildə teatr aləmində baş
verən yeniliklərdən, əldə olunan nailiyyətlərdən
söz açdı. “Böyük
sənəti yalnız
böyük istedadlar
yarada bilər”
deyən Ə.Vəliyev gənc istedadları aşkarlayıb teatrlara cəlb etmək məqsədi ilə keçirilən
müsabiqənin əhəmiyyətini nəzərə
çatdırdı. Çıxışının sonunda qaliblərlə
yanaşı, bu yarışmanın
bütün
iştirakçılarını təbrik etdi.
Gecənin
aparıcısı, Gənc Tamaşaçılar
Teatrının aktyoru Elnur Kərimov qalibləri elan etdi.
Münsiflər
heyətinin qərarı ilə I mükafata (500 manat, laureat
adı və diplom) Füzuli rayonunun təmsilçisi, Mədəniyyət
və İncəsənət Universitetinin «Dram rejissorluğu»
fakültəsinin tələbəsi Ərzənalıyeva Pərvin
Ərzənalı qızı, II mükafata (300 manat, laureat
adı və diplom) Dövlət İqtisadiyyat Universitetinin tələbəsi
Qurbanova Könül Əliyar qızı, III mükafata (250
manat, laureat adı və diplom) Dövlət Rus Dram
Teatrının aktrisası Ağayeva Həcər Maqsud
qızı, həvəsləndirici mükafatlara (100 manat və
diplom) Salyan Dövlət Kukla Teatrının aktyoru Həsənov
Rauf Akif oğlu, Bakı şəhəri Əmircan Mədəniyyət
Evinin təmsilçisi Rəfiyev Firuz Kərim oğlu və
Göygöl rayonundan Cəlilova Arzu Bəxtiyar qızı
layiq görüldülər. Göyçay rayon Mədəniyyət
və Turizm Şöbəsinin təsis etdiyi xüsusi
mükafatla (100 manat və diplom) isə Ucar rayonundan Məmmədov
Elçin Aslan oğlu təltif olundu.
Müsabiqənin
qalibləri tədbirdə çıxışları ilə
alqışlar qazandılar. Gecənin musiqili qonaqları, əməkdar
artistlər Anar Şuşalı, Firuz Səxavət, gənc
muğam ifaçısı Vəfa Orucova gözəl
ifaları ilə gecəyə xüsusi rəng qatdılar.
Tədbirdə
“Deyilən söz yadigardır” V Respublika bədii qiraət
müsabiqəsinin münsiflər heyətinin sədri, Xalq
artisti Nurəddin Mehdixanlı çıxış edərək
qalibləri təbrik etdi, mədəniyyətimizin
inkişafında, ədəbiyyatımızın, dilimizin təbliğində
belə müsabiqələrin keçirilməsinin zəruri
olduğunu bildirdi.
Təranə Vahid
Mədəniyyət.- 2010.- 2 dekabr.
S. 2.