Tofiq Bakıxanovun 80 illiyinə həsr olunmuş konfrans

 

Dekabrın 22-də Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda tanınmış bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanovun anadan olmasının 80 illiyinə həsr edilmiş elmi-praktiki konfrans keçirilib.

 

Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə görkəmli bəstəkarın həyat və yaradıcılığından, Azərbaycan musiqisinə verdiyi töhfələrdən danışıb. Qeyd olunub ki, bəstəkarın yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edir. Onlar arasında 7 simfoniya, o cümlədən “Qarabağ harayı” simfoniyası, “Humayun”, “Rahab”, “Şahnaz”, “Dügah” simfonik muğamları, müxtəlif alətlər üçün 20-dək “Konsert”, 5 simfonik poema, 20-dən artıq sonata, uvertüralar, süitalar və başqa əsərlər var.

F.Əlizadə Tofiq Bakıxanovun 80 illiyinə həsr olunmuş musiqi festivalı barədə də danışıb. Dekabrın 28-nə qədər davam edəcək festival çərçivəsində paytaxtın müxtəlif mədəniyyət ocaqlarında bəstəkarın əsərlərindən ibarət konsert proqramları təşkil ediləcək.

Konfransda “T.Bakıxanovun çoxşaxəli yaradıcılıq fəaliyyəti”, “T.Bakıxanovun yaradıcılığında balet janrı”, “Bakıxanovlar ədəbi-mədəni elmi fikir tarixində”, “T.Bakıxanovun mahnı və romans yaradıcılığı”, “T.Bakıxanovun simfonik yaradıcılığı”, “T.Bakıxanovun yaradıcılığının bədii-estetik mahiyyəti” və digər mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır. Tofiq Bakıxanovun həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.

Sonda çıxış edən bəstəkar yubileyinin qeyd olunmasına görə minnətdarlıq edib: “Çoxsaylı əsərlərin müəllifiyəm və fəaliyyətimi bundan sonra da davam etdirəcəyəm”.

 

 

Mədəniyyət.- 2010.- 24 dekabr.- S. 2.