O, xalqının
ləyaqətli oğlu idi
Həsən Seyidbəyli - 90
I
yazı
“Uşaq idim. İncəsənət
aləmi xəyalımın ən qanadlı, möcüzələr
yaradan çağlarında mənə əlçatmaz
görünürdü. C.Cabbarlı, H.Cavid, M.Müşfiq,
S.Vurğun, A.M.Şərifzadə, Ü.Rəcəb... Mənim
təsəvvürümdə onların hər biri bir nəhəng
idi. İllər keçdi, əlçatmaz xəyallarım həqiqətə
çevrilməyə başladı... Mən də yazdım.
Mənim də kitablarım çıxdı... Amma onlar...
adlarını çəkdiyim sənətkarlar adiləşmədilər,
kiçilmədilər, mənim təsəvvürümdə daha
da böyüdülər...”
Görkəmli
yazıçı, kinorejissor, kinodramaturq Həsən Seyidbəylinin
“Çətin sənət” adlı xatirəsindən
götürülmüş bu sətirləri oxuyarkən
düşünürsən ki, həqiqətən də sənətkarlar
heç vaxt adiləşmirlər, kiçilmirlər, bizim təsəvvürümüzdə
daha da böyüyürlər. Həsən Seyidbəyli kimi.
Görkəmli
sənətkarın ömür yoluna ümumi nəzər
salsaq, burada üç əsas istiqamət görərik.
Birincisi, o, tanınmış yazıçı, dramaturq,
ssenarist, publisist idi. İkincisi, o, Azərbaycanın ən
istedadlı kinorejissorlarından biri kimi
tanınmışdı. Üçüncüsü, ictimai
xadim kimi nəinki respublikamızda, eləcə də
keçmiş SSRİ məkanında böyük hörmət
sahibi idi. 1963-1975-ci illərdə Azərbaycan
Kinematoqrafçılar İttifaqının I katibi, 1975-1980-ci
illərdə sədri işləyib, milli
kinematoqrafiyamızın tərəqqisi naminə əvəzsiz
xidmətlər göstərib.
Tərcümeyi-halından
sətirlər
Həsən
Seyidbəyli 1920-ci ildə Bakıda anadan olmuşdu. 1938-1939-cu
illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunun
səs operatoru fakültəsində bir il oxumuş, 1943-cü
ildə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsini, daha
sonra həmin institutun nəzdində ali ssenari kurslarını
bitirmişdi. Lakin 1943-cü ildə quruluşçu-rejissor
diplomunu alandan sonra işlə təmin oluna bilməmişdi.
Çünki müharibə illəri və müharibədən
sonrakı dövr üçün xarakterik olan film qıtlığı
bu gənc sənətkardan da yan keçməmişdi. Ona
görə də Həsən Seyidbəyli ədəbi işlə
məşğul olmağa başlayır. Məqalələr,
ssenarilər, povestlər yazır.
İstedadlı
nəsr ustasının qələmindən çıxan “Kənd
həkimi”, “Bizim Astarada”, “Telefonçu qız” povestləri, “Cəbhədən
cəbhəyə”, “İllər keçir”, “Uzaq sahillərdə”
(son ikisi İmran Qasımovla birgə), “Tərsanə”,
“Çiçək” romanları, “Dəniz cəsurları
sevir”, “Sən nə üçün yaşayırsan?” (hər
ikisi İ.Qasımovla birgə) pyesləri, “Yuqoslaviya xatirələri”,
“İyirmi gün Amerikada”, “On beş gün Yaponiyada”,
“Gördüyüm yerlər” yol qeydləri, publisistik məqalələri,
oçerkləri ədəbi tənqidin həmişə diqqət
mərkəzində olmuş, bir çox xarici dillərə tərcümə
edilmişdi.
Kino
tarixinə imzasını qoymuş sənətkar
Kino
tariximizin bir sıra ən parlaq səhifələri H.Seyidbəylinin
adı ilə bağlıdır. Onun ssenariləri əsasında
“Doğma xalqımıza” bədii-sənədli, “Qızmar
günəş altında”, “Uzaq sahillərdə”
(İ.Qasımovla birgə) bədii, “Əyri yolla qazanc”, “Yolda
əhvalat” (hər ikisi İ.Qasımovla birgə)
qısamatrejlı bədii, “Toral və Zəri”, “Sağ ol,
dostum” animasiya, “Sovet Azərbaycanı” (I seriya, N.Yarovaya ilə
birgə, Az.TV) televiziya, “Kamillik” sənədli filmləri
yaradılıb. O həmçinin “Ömrün səhifələri”
kinoalmanaxında intermediyanın müəllifi, “Onun bəlalı
sevgisi” filminin bədii rəhbəri olub.
Yazıçının “Xidmət lifti” hekayəsinin motivləri
əsasında “Liftçi qız” novellası çəkilib.
Bununla
belə, Həsən Seyidbəylinin kinoda əsl işi
quruluşçu rejissor kimi çəkiliş
meydançasına çıxması ilə başlayıb.
O, 8 tammetrajlı bədii filmə quruluş verib. Bunlardan
6-nın həm də ssenari müəllifidir.
1962-ci
ildə eyni adlı povesti əsasında çəkdiyi ilk bədii
filmi - “Telefonçu qız” Azərbaycan kino sənətində
mühüm mərhələ olub. Bu film istər qayəsinə,
istərsə də üslubuna görə onun sonrakı yaradıcılıq
axtarışlarının əhatə dairəsinin
genişliyini müəyyən edib. Bundan sonra H.Seyidbəyli Xəzər
dənizində salınmış əfsanəvi dəniz
şəhərinə - Neft Daşlarına - həsr
olunmuş “Möcüzələr adası” filminə
quruluş verib. Filmdə ömrünün böyük hissəsini
burada keçirən qocaman neftçilər, Neft
Daşlarına işləməyə gələn gənclər,
onların xarakterləri, qarşılıqlı insani
münasibətləri haqqında söhbət gedir.
Ümumiyyətlə.
H.Seyidbəylinin filmlərində ictimai, sosial və mənəvi
problemlərə mühüm yer verilib. Görkəmli sənətkar
deyir: “Kino rejissoru olmaq ən çətin, ən mürəkkəb
və demək olar ki, fövqəladə bir sənətə
sahib olmaq deməkdir. Əsl kino rejissorunun insanlara deyiləsi
vacib, dərin, ümumbəşəri fikri, sözü, həqiqəti
olmalıdır. Kinorejissor öz mövzusunun, öz qəhrəmanlarının
fədaisi, vurğunu olmalıdır”.
Bəli,
kinorejissor H.Seyidbəylinin “Cazibə qüvvəsi”
kinonovellasında, “Sən niyə susursan?”, “Bizim Cəbiş
müəllim”, “O qızı tapın”, “Xoşbəxtlik
qayğıları” bədii filmlərində
günümüzün, zəmanəmizin ən aktual,
çağdaş kəskin problemləri öz bədii həllini
tapıb. Bu kino əsərlərində qəhrəmanların
mənəviyyatı tədqiq olunaraq bütün
çalarları ilə açılıb göstərilib. Təsadüfi
deyil ki, “Kimi daha çox sevirik” kinoalmanaxındakı “Cazibə
qüvvəsi” novellası 1966-cı ildə Moskvada
keçirilən idman filmlərinin I Ümumittifaq
kinofestivalında idman mövzusunun poetik təcəssümünə
görə diploma layiq görülmüşdü.
Həsən
Seyidbəylinin cazibə qüvvəsi
60-cı
illərin sonunda gənc qüvvələrin Azərbaycan
kinosuna axını kino sənətimizdə yeni bir canlanmaya səbəb
oldu. Bu axının ön cərgəsində nisbətən
yaşlı nəslin nümayəndəsi olan Həsən
Seyidbəyli gedirdi. Onun 1966-cı ildə çəkdiyi “Sən
niyə susursan?” macəra filmi mürəkkəb mənəvi-əxlaqi
problemlərə toxunmuşdu. Film şərəfsizlik, biganəlik,
möhtəkirlik, xalq malının talan edilməsi kimi eybəcər
hallara qarşı mübarizəyə
çağırış kimi səslənmişdi.
H.Seyidbəylinin
çəkdiyi filmləri göz önündə
canlandırası olsaq görərik ki, o öz qəhrəmanlarına
həssaslıqla yanaşır, hətta onlardan ən
yaramazının, tənqidçilərin “mənfi” adlandırdıqları
surətlərin belə gələcəkdə ölkə və
xalq üçün gərəkli olacaqlarına inanır. O
deyirdi: “Mənim seçdiyim qəhrəmanlar tipaj deyil. Həmişə
haqlarında düşündüyüm, yazdığım, hər
gün həyatda təsadüf etdiyim və ekranda görmək
istədiyim qəhrəmanlardır. Mən çox istərdim
ki, onlar kinoda həyatlarını davam etdirsinlər,
kiçiklər boya-başa çatsınlar, böyüklər
yaşa dolsunlar - ekranda qocalsınlar”.
Kinorejissorun
yazıçı Maqsud İbrahimbəyovun “Müharibənin
1001-ci gecəsi” adlı ssenarisi əsasında çəkdiyi
“Bizim Cəbiş müəllim” filmindəki Cəbiş
obrazı məhz belə uzunömürlü və həmişəyaşar
ekran surətlərindəndir. Bu film Azərbaycan kinosunun qiymətli
incilərindən biridir. Gözəl aktyor Süleyman Ələsgərovun,
bəlkə də digər rejissorlara bəlli olmayan
istedadının orijinal çalarları “Bizim Cəbiş
müəllim” filmində baş rola çəkilərkən
üzə çıxdı. Film 1970-ci ildə Minskdə
keçirilən IV Ümumittifaq kinofestivalında
nümayiş olunmuş, Cəbiş rolunun
ifaçısı Süleyman Ələsgərov festivalın
diplomunu almışdı.
Rejissorun
digər filmlərinin də maraqlı ekran ömrü olub. Əgər
“O qızı tapın” filmində milis işçilərinin
fədakar əməyindən, milis orqanlarının bir
çox hallarda görünməyən çətin və
ağır işlərindən, bu və ya digər cinayət
düyününün açılması zamanı baş
verən hadisələrdən söhbət gedirsə, “Xoşbəxtlik
qayğıları” filmində dramatik münaqişənin əsasını
keçmiş adət-ənənələrlə yeni əxlaq
qaydaları arasındakı ziddiyyət təşkil edir. Film
məhəbbət, xoşbəxtlik haqqında çox vacib
çağdaş bir problemin həllinə həsr olunub. Real
həyatın xarakterik bir parçasını böyük
zövqlə ekrana gətirmək yüksək sənətkarlıq
tələb edir. Filmin yaradıcıları bunun öhdəsindən
çox məharətlə gəliblər.
Həsən
müəllim deyirdi: ““Xoşbəxtlik qayğıları”
bugünkü gəncləri narahat edən problemlərlə əlaqədar
olan rejissorluq düşüncələrimin və
axtarışlarımın bir növ davamıdır.
“Telefonçu qız”, “Möcüzələr adası”, “Sən
niyə susursan?”, “Bizim Cəbiş müəllim” və
başqa filmlərimdə də gənc müasirlərimiz
qarşısında duran problemlərə toxunmuşam,
onların əməyə münasibətlərini, həyatda
öz yerlərini axtarıb tapmağa cəhd göstərdiklərini
təsvir etməyə çalışmışam. “Sən
niyə susursan?” filmi mürəkkəb əxlaqi problem
qaldırır. “Xoşbəxtlik qayğıları” filmində
isə məni insan səadətini tədqiq etmək məsələsi
maraqlandırıb”.
Təsadüfi
deyil ki, 1977-ci ilin aprelində Riqada keçirilən X
Ümumittifaq kinofestivalında “Xoşbəxtlik
qayğıları” filminin quruluşçu rejissoru H.Seyidbəyli
məişətdə keçmişin qalıqlarına
qarşı mövzunun mükəmməl işlənməsi
və yeni əxlaq normalarının təbliğinə
görə münsiflər heyətinin xüsusi diplomuna layiq
görülmüşdü.
Həsən
Seyidbəylidən danışarkən onun
yaradıcılığının daha bir keyfiyyətini qeyd
etməliyik. O, gənc aktyorları arayıb tapmaqdan zövq
alır, cəsarətlə filmlərində çəkirdi.
Bu gün kinoda tanınan aktyorlardan bir çoxunu kinematoqraf
üçün vaxtilə H.Seyidbəyli kəşf
etmişdi. “Telefonçu qız”, “Möcüzələr
adası”, “Bizim Cəbiş müəllim”, “O qızı
tapın”, “Nəsimi”, “Xoşbəxtlik qayğıları” və
digər filmlərdə çox uğurlu aktyor debütləri
olmuşdu. Rasim Balayev, Ramiz Məlikov, Şəfiqə Məmmədova,
Xalidə Qasımova (Quliyeva), Zoya Nedbay onu özlərinin
müəllimi hesab edirlər.
Böyük
Nəsimiyə möhtəşəm kino abidəsi
H.Seyidbəyli
yaradıcılığının zirvəsini təşkil
edən “Nəsimi” bədii filmi həm də Azərbaycan
kinematoqrafiyasında böyük hadisəyə çevrildi.
Tamaşaçılar Nəsimi dünyasına məhz
rejissorun sehrli ekran prizmasından nəzər saldılar. O,
böyük şairi Azərbaycan tamaşaçılarına
yeni ampluada təqdim edib tanıtmaqla kinematoqrafiyada bu ölməz
sənətkara möhtəşəm abidə ucaltdı.
“Nəsimi”
tarixi-bioqrafik filmini rejissor H.Seyidbəyli yazıçı
İ.Hüseynovun ssenarisi əsasında çəkib. İki
mahir sənətkarın birgə əməyi və
yaradıcı səyi nəticəsində meydana gələn
ekran əsəri 1974-cü ildə Bakıda keçirilən
VII Ümumittifaq kinofestivalında ən yaxşı tarixi filmə
görə mükafat aldı.
Rejissor
“Nəsimi” filmində baş rolu həvalə etdiyi gənc
aktyor Rasim Balayevdə nəinki özünə inam yaratdı,
həm də onu Nəsiminin fəlsəfi düşüncələrinin
dərinliyinə baş vurmağa vadar etdi. Nəticədə
dəqiq aktyor oyunu öz gözəl bəhrəsini verdi,
ekranda şair və filosof, hürufi təriqətinin ideoloqu,
insan zəkasının və əxlaq gözəlliyinin tərənnümçüsü
İmadəddin Nəsiminin dolğun obrazı öz həllini
tapdı. R.Balayev ən yaxşı kişi rolunun ifasına
görə VII Ümumittifaq kinofestivalının laureatı
oldu. Nəsimi obrazı ilə parlayan aktyorun üzünə
böyük kinonun qapıları taybatay açıldı.
Bu, H.Seyidbəylinin böyük xidməti idi.
(ardı var)
Aydın Kazımzadə,
Əməkdar incəsənət
xadimi
Mədəniyyət.- 2010.- 22
dekabr.- S. 10.