Mədəniyyət
fədaisi
Qocaman mədəniyyət xadimi,
ziyalı Vaqif Əhməd oğlu Kərimov 1940-cı il
dekabrın 8-də Şəki şəhərində anadan
olub. Uşaq ikən incəsənətə böyük həvəs
göstərib. Əvvəlcə rayon pionerlər evində
İbad Salmanovun rəhbərlik etdiyi tar dərnəyində,
təhsil aldığı şəhər 10 saylı orta məktəbin
dram dərnəyində sənətin ilk sirlərini öyrənib.
Əməkdar artist Məmmədkəbir Hacıoğlunun rəhbərlik
etdiyi rayon Mədəniyyət evinin dram dərnəyində həvəskar
aktyor kimi çalışıb.
1958-ci
ildə orta təhsilini başa vuraraq Şəki ipək
kombinatında əmək fəaliyyətinə
başlayıb. 1958-1960-cı illərdə kombinatın həmkarlar
klubunda görkəmli xanəndə və aktyor Yunis
Qarabağlının rəhbərlik etdiyi «İpəkçi»
xalq çalğı alətləri ansamblında tar
ifaçısı, həmçinin həvəskar aktyor kimi
çıxış edib. 1960-1965-ci illərdə M.A.Əliyev
adına Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif
fakültəsində oxuyub, görkəmli incəsənət
xadimləri Mehdi Məmmədov, Əjdər Sultanov, Şəfiqə
Axundova, Kərim Kərimov, Rahib Hüseynov, Adilə
İsmayılova, Müxlis Cənizadə kimi sənətkarlardan
dərs alıb.
1965-ci
ildə ali təhsilini başa vuraraq təyinatla Şəki
şəhər Mədəniyyət şöbəsində
Xalq Teatrının rejissoru kimi əmək fəaliyyətini
davam etdirib. Teatra V.Kərimovun rejissorluğu ilə S.S.Axundovun
«Laçın yuvası», S.Qədirzadənin «Şirinbala bal
yığır», Y.Əzimzadənin «Anacan», Ş.Qurbanovun
«Olmadı elə, oldu belə», M.Atəşin «Günəşi
söndürmək olmaz» əsərləri uğurla
tamaşaya qoyulub. V.Kərimov 1966-1970-ci illərdə
M.Füzuli adına Şəki şəhər mədəniyyət
və istirahət parkının direktoru işləyib. Daha
sonra, 1971-1975-ci illərdə rayon Mədəniyyət evinin bədii
rəhbəri vəzifəsində çalışıb. Həmin
illərdə V.Kərimovun təşəbbüsü ilə
«Zirvə» vokal-instrumental və «Səbuhi» xalq
çalğı alətləri ansamblları təşkil
olunub. 1972-ci ildə Şəkidə Novruz bayramının
keçirilməsində böyük zəhməti olub.
1975-ci
ildə Şəkidə S.Rəhman adına Dövlət Dram
Teatrı fəaliyyətə başlayıb. V.Kərimov
teatrda Quruluş hissə müdiri vəzifəsinə təyin
olunub. Onun təşəbbüsü ilə Dövlət Teatr
İnstitutunun aktyorluq fakültəsini bitirmiş bir qrup gənc
Şəki teatrında işləməyə gəlib.
Onu
da qeyd edək ki, V.Kərimov müxtəlif illərdə bir
neçə bədii filmdə də (“Arxadan vurulan zərbə»
(“Azərbaycanfilm”), «Təyyarə yerə enmədi» (“Özbəkfilm”),
«Amfibiya adam» (“Lenfilm”) epizodik rollarda çəkilib. Görkəmli
aktyorlar İsmayıl Dağıstanlı, Nəsibə
Zeynalova, Yusif Vəliyev, Lütfəli Abdullayev, Səyavuş
Aslan, Sədayə Mustafayeva, Məmməd Burcəliyev və
başqaları ilə tərəf-müqabil olub.
V.Kərimov
1978-ci ildə M.F.Axundov adına şəhər Mədəniyyət
evinə direktor təyin edilib. Həmin il «Zirvə»
vokal-instrumental ansamblı Moskvada SSRİ Xalq Təsərrüfatının
Nailiyyətləri Sərgisində baxış-müsabiqədə
uğurla çıxış edərək qızıl medala
layiq görülüb. «Zirvə» vokal-instrumental və «Səbuhi»
xalq çalğı alətləri ansamblı dəfələrlə
Moskvada ümumittifaq və Bakıda respublika əhəmiyyətli
tədbirlərdə uğurla çıxış edib. Məhsul,
əmək və incəsənət bayramları, kənd
günləri, gülüş bayramı kimi mədəni-kütləvi
tədbirlər həmin illərdən xatirədir. 1978-ci ildən
başlayaraq hər il rayon Mədəniyyət evində bədii
özfəaliyyət kollektivlərinə «Novruz təranələri»
devizi altında baxış müsabiqəsi keçirilir. Müxtəlif
illərdə həmin baxış-müsabiqələrində
çıxış edən ifaçılar (Könül
Xasıyeva, Gülyaz və Gülyanaq Məmmədovalar, Əbülfət
Nəzərli, Nüşabə Ələsgərli və s.)
sonradan tanınmış sənətçilər kimi
populyarlıq qazanıblar.
Azərbaycan
müstəqillik qazanandan sonra da Şəkinin mədəniyyət
kollektivləri respublika və beynəlxalq əhəmiyyətli
tədbirlərin fəal iştirakçısı olub. «Zorxana»
xalq rəqs ansamblı 1995-ci ildə Türkiyənin Bursa
şəhərində keçirilən Beynəlxalq folklor
festivalında, «Zirvə» ansamblı və «Ailə-sirk» pəhləvan
kollektivi 1996-cı ildə Türkiyənin Eşme şəhərində
keçirilən Beynəlxalq Sənət və Kilim
Festivalında uğurla çıxış edib. «Zirvə»
ansamblı 2007-ci ildə Rostov vilayətində MDB ölkələrinin
Dostluq Festivalında respublikamızı təmsil edib.
2007-ci
ildə Heydər Əliyev Fondu, Mədəniyyət və
Turizm Nazirliyi və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı
ilə zona üzrə muğam müsabiqəsinin keçirilməsində
V.Kərimov da təşkilatı bacarığını əsirgəməyib.
2006-2010-cu illərdə Şəkidə keçirilən
«İpək bayramı», «Sənətkarlar günü», «Şəki
qədim sivilizasiyalar diyarı», «Kulinariya bayramı», «İpək
yolu» Beynəlxalq musiqi festivalı, «Milli nəfəs alətləri
bayramı», hər il Şəkidə keçirilən milli
atüstü oyunların təşkilində V.Kərimov
yaxından iştirak edir.
Hazırda
Şəkidəki mərkəzi Mədəniyyət evi tərəfindən
70 klub müəssisəsinə metodiki rəhbərlik göstərilir.
Mədəniyyət evində 4 xalq kollektivi (xalq teatrı,
«zorxana» xalq rəqs ansamblı, «Zirvə» vokal-instrumental
ansamblı), «Səbuhi» xalq çalğı alətləri
ansamblı Ə. Şəkili adına zurnaçılar
ansamblı, Ə.Abdullayev adına muğam
üçlüyü fəaliyyət göstərir.
V.Kərimov
həmçinin Mədəniyyət İşçiləri Müstəqil
Həmkarlar İttifaqı Respublika Komitəsinin nəzdində
fəaliyyət göstərən “Ulduz və Rübab” mədəni
əlaqələr mərkəzinin komissiya üzvü kimi
müntəzəm olaraq cəbhə bölgələrində,
Şəkidə və qonşu rayonlarda yerləşən hərbi
hissələrdə müxtəlif mədəni-kütləvi
tədbirlərin təşkilində iştirak edir.
Qocaman
mədəniyyət işçisinin əməyi yüksək
qiymətləndirilib. O, dəfələrlə SSRİ Mədəniyyət
Nazirliyinin, Azərbaycan SSR Mədəniyyət Nazirliyinin, Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinin, Şəki şəhər
İcra Aparatının diplom, fəxri fərman, pul
mükafatları ilə təltif olunub. Azərbaycan
Televiziyası ASC-nin “Telefilm” Yaradıcılıq Birliyi tərəfindən
2004-cü ildə V.Kərimova həsr olunmuş “Yaxşı
adam” filmi çəkilib. Ömrünün 50 ilini sevdiyi
peşəsinə həsr edən, son 30 ildə Şəkidə
keçirilən respublika əhəmiyyətli bütün tədbirlərin
təşkilində yaxından iştirak edən V.Kərimovu
Şəkidə mədəniyyətin canlı
ensiklopediyası adlandırırlar.
Qocaman
mədəniyyət işçisi bu yaxınlarda 70 illik
yubileyi münasibətilə Mədəniyyət və Turizm
Nazirliyinin fəxri fərmanı və pul mükafatı ilə
təltif olunub.
Firudin Zamanov,
əmək veteranı
Mədəniyyət.- 2010.- 22
dekabr.- S. 15.