Xatirələrdə
yaşayanlar:
Gülşən Qurbanova
Tanınmış aktrisa, Xalq
artisti Gülşən Qurbanova 1950-ci il dekabrın 19-da
Bakıda sənətkar ailəsində dünyaya göz
açmışdı. Aktrisanın
atası Ağasadıq
Qurbanovun Azərbaycan mədəni mühitinin
dirçəlişində, teatr və kino sənətində müstəsna xidmətləri olmuşdu.
Sənət dünyasının
sirli gözəllikləri
Gülşən Qurbanovanı gənc
yaşlarından özünə cəlb etmişdi.
1974-cü
ildə Azərbaycan Dövlət İncəsənət
İnstitutunun (indiki Mədəniyyət və İncəsənət
Universiteti) dram və kino aktyorluğu fakültəsini bitirib,
Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa
kimi fəaliyyətə başladı. Teatrın səhnəsində
rəngarəng obrazlar yaradan aktrisa televiziya
tamaşalarında, kinoda da yaddaqalan, xarakterik obrazlar
yaratdı.
Gülşən
Qurbanovanın sənət dünyası həddən artıq
səmimiliyi, improvizələri, bir sözlə,
yaradıcılıq tapıntıları ilə zəngin idi.
Onun oynadığı
televiziya tamaşalarına
baxdıqda, hər hansı bir kadrın tamaşaçını
yorduğunu, uzunçuluq
xarakter daşıdığını görmürük. Aktrisa orijinal ifaları ilə
tamaşaçını yaratdığı personajın təbiiliyinə,
həyatiliyinə inandırırdı.
“Ordan-burdan” (rej. Ramiz Həsənoğlu) televiziya tamaşasında yaratdığı Salman bəyin bacısı
obrazında dövrünün mövcud çatışmazlıqları
içərisində tərbiyə alan cahil, lakin səmimi, qürurlu bir qadın obrazını gördük.
Qara çadraya bürünüb qardaşı
Salman bəyə ikinci
arvad - savadlı bir övrət axtaran bu qadın burjua
cəmiyyətinin cəhalət pərdəsi altında boğulan təbəqəsindəndir. Kənardan
qayğısız görünən bəy bacısı hikkəli,
təkəbbürlü olsa da, yeri gələndə
inqilabçı, insanpərvər xüsusiyyəti ilə
tamaşaçını təəccübləndirirdi. Obrazın hazırcavablılığına, hüququnu tələb etmə xüsusiyyətlərinə XIX əsr
azərbaycanlı qadınlarında nadir hallarda rast olunsa
da, belə obrazların ən azından dramaturji materiallardakı mövqeyi, televiziya və teatr
tamaşalarını izləyən ən müasir
ruhlu tamaşaçını
belə gender bərabərsizliyinin
qurbanına
çevrilməməyə səsləyir.
“Evləri
köndələn yar” televiziya tamaşasında isə biz
Gülşən Qurbanovanı tamamilə başqa ampluada
gördük. Aktrisanın televiziya tamaşasındakı
vizual görünüşü,
davranışı mədəni
ailə prinsipləri çərçivəsində olan bir xanımı
bizə təqdim etdi. Ümumiyyətlə,
televiziya tamaşalarındakı həyata
yaxın, dolğun obrazların
təzahürü
tamaşaçının hadisələrə olan
marağını artırır, əsərin
aktuallığına təminat yaradır, kamera
qarşısında da
səhnə məziyyətlərinin (teatr
yaradıcılığının, pafoslu
ifanın) vacibliyini vurğulayır. Bu mənada teatr və televiziya
tamaşalarında səhnə ilə zal,
ekran və
tamaşaçı arasındakı məsafəni sırf aktyor ifası
yaxınlaşdırır, doğmalaşdırır.
“Evləri köndələn
yar” tamaşasında
professor Tahir (akt. Hamlet Qurbanov) və onun arvadı (Gülşən Qurbanova) zamanın axarına düşüb milli qaydalara, adət-ənənələrə
“sivil” çərçivədən
baxır, el arasında
qədimdən gələn
yazılmamış qanunlara
(elçilik, nişan-toy)
köhnəliyin qalığı
kimi yanaşırlar.
Tamaşanın bədii tərtibatından,
səhnə quruluşundan,
düzgün seçilmiş
aktyor heyətindən,
ən nəhayət rejissor traktovkasından biz
adətlərimizi sevməyən
professorun qonaq-qarasız,
qapının zəngi
çalınanda işıqları
söndürülən evini
suyu sovulmuş dəyirman kimi görürük. Gülşən Qurbanova dövrünün
sivil, ziyalı bir xanımının qonaqsevməz insan kimi çatışmayan cəhətlərini yaratdığı
obrazı tənqid hədəfinə çevirmədən
nəzərə çarpdırdı.
Odur ki, onun mental qanunlardan qorxan ziyalı qadın obrazını tamaşaçı
sevməsə də, qınaq obyektinə də çevirmir.
Gülşən
Qurbanova yaratdığı rolları hansı rakursdan sevdirəcəyini
yaxşı bilirdi. O,
“Azərbaycanfilm” kinostudiyasında
istehsal olunan 15-dən
artıq filmdə qadın obrazlarını yaradıb. Bunların hamısı demək
olar ki, epizodik, lakin yaddaqalandır. Bu sırada “Ad günü”ndə
Şeyda (rej. R.Ocaqov), “Cin mikrorayonda” filmində Dəmirovun arvadı (rej. O.Mirqasımov), “Bayquş gələndə”
də Ədilə (rej. Ş.Mahmudbəyov), “Anlamaq istəyirəm”də
Rəfiqə (rej.
O.Mirqasımov), “Arvadım mənim,
uşaqlarım mənim”də
Güldəstə (rej.
C.Fərəcov) və
s. adlarını çəkmək
olar. Müxtəlif xarakteri olan
bu obrazlarda tək bir oxşarlıq
vardı ki, bu da aktrisanın
daxilindən gələn,
personajın da məninə hopan çılğınlığı idi. Məsələn, “Ad günü” filmində
Əli (akt. D.Uplisaşvili) yorğun halda
dostunu evinə qonaq dəvət etmək üçün gedir. Qapını açan Şeydanın
(akt. G.Qurbanova) dilli-dilavər səmimiliyi
aramla hərəkət
edən sükut dolu kadra şuxluq
gətirir. Bu da filmdə hadisələrin, xarakterlərin
rəngarəngliyinə rəvac
verir. Onun yaratdığı obrazların və tipajların xarakterik cəhətləri bizə
personajın dəqiq mövqeyini asanlıqla tanıtdırır, filmin
mahiyyətinin çatdırılmasında
köməklik göstərirdi.
Çox
təəssüflər olsun ki, 1990-cı illərdə Azərbaycan
kinosunda yaranan boşluq G.Qurbanova
yaradıcılığından da yan keçmədi. Həmin illərdə aktrisa yaradıcılığını yalnız teatrda davam etdirirdi. Bundan əlavə
o, müxtəlif illərdə
televiziyalarda “Mikser” (Lider TV), “Qaynar qazan” (ANS) verilişlərini
aparırdı. Gülşən
Qurbanova verilişə
dəvət alan
qonaqlarla ünsiyyət
qurmaq bacarığından
əlavə, aktyorluq peşəkarlığından irəli gələn xüsusiyyətlərinə əsasən
ekran mədəniyyətinin
də qorunmasını
təmin edirdi.
Bəlkə sənətini həddindən
artıq sevdiyindən
irəli gəlirdi ki, o, səhhətində
problem olsa da yaradıcılığına fasilə
vermirdi. Aktrisa 2007-cı ildə dünyasını dəyişdi.
O, televiziya proqramlarının
birindən axşam evə gələrkən üçüncü dəfə
infarkt keçirərək
həyata vida etdi.
Şəhla Bürcəliyeva,
Kinoşünas
Mədəniyyət.- 2010.- 22
dekabr.- S. 12.