Sənətin Əlövsət zirvəsi

 

Bu gün unudulmaz sənətkarlarımızdan birinin həyat yoluna, sənət dünyasına qısa nəzər salacağıq. Bu, Xalq artisti, iki dəfə «Şərəf nişanı» ordeni, müxtəlif medallarla təltif edilmiş Əlövsət Sadıqovdur.

 

Əlövsət Şirəli oğlu Sadıqov 1906-cı il dekabr ayının 22-də qədim Şəki torpağında sadə-zəhmətkeş ailəsində anadan olmuşdu. Deyilənə görə, atası Şirəli kişinin də çox gözəl səsi var imiş. O, el şənliklərində çıxışlar edər, məsciddə moizə oxuyanda böyüklü-kiçikli bütün Şəki əhli onun avazına heyran kəsilərmiş. Amma buna baxmayaraq Şirəli kişi ailəsini Şəki ipək fabrikində çalışmaqla dolandırarmış. Tanrı Əlövsətdən də öz səs payını əsirgəməmişdi. O da atasından eşitdiyi muğam avazlarını, xalq mahnılarını öz-özünə zümzümə edərmiş. Beləcə, erkən yaşlarından qəlbində musiqiyə böyük məhəbbət yaranır.

1926-cı ildə məşhur xanəndə Hüseynqulu Sarabski Şəki ipək fabrikində zəhmətkeşlərin qonağı olur. Bu hadisə Əlövsətin həyatında önəmli bir dönüş yaradır. Belə ki, həmin görüşdə fabrikin rəhbərliyi 20 yaşlı usta Əlövsəti də təqdim edir və o, özünəməxsus tərzdə «Bəh-bəh» xalq mahnısını oxuyur. İfaçının səsi və oxusu Hüseynqulu Sarabskinin xoşuna gəlir və onu Bakıya dəvət edir. Əlövsətin sənət yolu da bu tarixdən başlayır.

Respublikamızın müxtəlif şəhər və rayonlarından gəlmiş gəncləri münsiflər heyətinin üzvləri ustad sənətkarlar M.Maqomayev, C.Qaryağdıoğlu və başqaları imtahan edirlər. Səhnəyə böyük həyəcanla çıxan Əlövsət «Ay qız» xalq mahnısını məharətlə ifa edir. Onun zahiri görünüşü və səs diapozonu opera sənəti üçün məqbul sayıldığından o, 1928-ci ildə adı çəkilən ustadların rəyi ilə Opera və Balet Teatrına qəbul olunur. Əlövsət Sadıqov musiqi təhsili almağı da vacib sayır və 1927-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında 2 il professor Sferonskidən vokal dərsi alır.

Opera səhnəsinə xor kollektivinin üzvü kimi daxil olan sənətkara az müddətdən sonra solo obrazlar həvalə edilir. İlk rolları «Leyli və Məcnun» operasında Zeyd və İbn Səlam, «Aşıq Qərib»də Vəli, «Nərgiz»də Əliyar, «Koroğlu»da Eyvaz obrazları olub.

1930-cu ildən etibarən isə o, muğam operalarında baş rolların mahir ifaçısına çevrildi. İlk baş qəhrəman kimi çıxışı Zülfüqar Hacıbəyovun «Aşıq Qərib» operasında Qərib obrazı olur. Bu rolda uğurlu çıxışdan sonra Əlövsət Sadıqova daha məsuliyyətli bir obraz tapşırılır. 1931-ci ilin teatr mövsümündə M.Maqomayevin «Şah İsmayıl» operası yeni quruluşda tamaşaya hazırlanır. Müəllifin təklifi ilə Şah İsmayıl obrazı Əlövsətə həvalə edilir. Bu gənc ifaçıya ən böyük etimad idi. Əlövsət Sadıqov öz axtarışlarının, qocaman sənətkarların və xüsusən də M.Maqomayevin tövsiyələri ilə bütün çətinlikləri dəf edərək Şah İsmayıl rolunu böyük sənətkarlıqla ifa edir. Tamaşadan sonra müəllif «Mən əsil Şah İsmayılı tapdım» deyərək onu ürəkdən təbrik edir. Bu obraz Əlövsət Sadıqovun yaradıcılığında mühüm yer tutur. O, 30 ilə qədər bu rolu eyni həvəslə və ustalıqla oynayıb.

Sənətkarın yaradıcılığında Məcnun obrazı da xüsusi mərhələ təşkil edir. Bu obrazı o, öz axtarışlarının, sənətkarlıq üslubunun sayəsində özünəməxsus şəkildə yaradıb. Əlövsət Sadıqovun opera səhnəmizdə yaratdığı obrazlarda belə özünəməxsus cəhətlər çoxdur. Ü.Hacıbəylinin «Əsli və Kərəm» operasında oynadığı Kərəm obrazı da bu qəbildəndir.

1963-cü ilə qədər Əlövsət Azərbaycan operasının səhnəsində görkəmli sənətkarlarımız Həqiqət Rzayeva, Rübabə Muradova, Gülxar Həsənova, Xanlar Haqverdiyev, Şirzad Hüseynov və başqaları ilə çiyin-çiyinə çalışaraq opera sənətimizi inkişaf etdirib və gənc nəslə örnək olub. Əlövsət Sadıqovun yüksək sənətkarlığını bu günün ustadları da heyranlıqla vurğulayırlar. Xalq artistləri Əlibaba Məmmədov, Canəli Əkbərov, Arif Babayev, əməkdar artist tarzən Firudin Ələkbərov sənətkarı böyük hörmət və ehtiramla yad edir, onun sənətindən bir çox yaxşı cəhətlər əxz etdiklərini söyləyirlər.

Əlövsət Sadıqov 1971-ci ildə dünyasını dəyişsə də, o, bu günə qədər xalqın, sənətkarların qəlbində yaşayır və yaşayacaq.

 

 

Səadət Təhmirazqızı,

Musiqişünas

 

Mədəniyyət.- 2010.- 22 dekabr.- S. 12.