Amerikada Azərbaycan muğamı səslənir

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kəriminin rəhbərliyi ilə ölkəmizin tanınmış musiqiçilərindən ibarət heyət ABŞ-da səfərdədir. Muğam ustalarımız Kaliforniya ştatında maraqlı konsert proqramları ilə çıxış edirlər.

 

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun və “Azərbaycan İnternəşnl” jurnalının birgə təşkil etdikləri konsertlər San-Diyeqoda və Los-Ancelesdə hərarətlə qarşılanıb. Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kəriminin rəhbərliyi ilə tanınmış musiqiçilər Azərbaycan musiqi ənənələrinin zənginliyini nümayiş etdirən proqramla çıxış ediblər. Qrupa xalq artistləri Aygün Bayramova, Mənsum İbrahimov, habelə əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov və Kamran Kərimov daxildirlər.

Amerika tamaşaçıları Aygün Bayramova və Mənsum İbrahimovun ifasında “Qarabağ şikəstəsi”ni və “Sarı gəlin” mahnısını sürəkli alqışlarla qarşılayıblar. Siyavuş Kəriminin royalda, Elçin Həşimovun tarda, Elnur Əhmədovun kamançada və Kamran Kərimovun nağarada virtuoz ifaları dinləyiciləri heyran edib.

San-Diyeqoda təqdim edilən konsert proqramı Bakının Nəsimi rayonu ilə qardaşlıq münasibətlərinin qurulması üzrə təşəbbüs qrupunun üzvü Martin Kruminqin köməyi ilə təşkil olunub. Azərbaycan musiqiçilərinin San-Diyeqoda növbəti konserti dekabrın 23-də baş tutacaq.

 

 

Mədəniyyət.- 2010.- 22 dekabr.- S. 6.