Londonda instrumental muğam üçlüyünün
konserti
İngiltərənin paytaxtı
Londonda Azərbaycanın instrumental muğam
üçlüyünün konserti böyük uğurla
keçib.
Rüfət
(tar), İmamyar (kamança) Həsənov qardaşları və
Malik Təbrizlidən (nağara) ibarət muğam
üçlüyünün möhtəşəm Loqan Holl
salonunda keçirilmiş ”Simurqun axtarışı” adlı
konsertinin birinci hissəsində muğam kompozisiyası və
Azərbaycan bəstəkarlarının əsərləri səslənib.
Bu əsərlər sırasında Ü.Hacıbəylinin
“Koroğlu” operasının ikinci pərdəsindən “Saray
qızlarının rəqsi”, R.Əfəndiyevin “Rəqs”,
C.Cahangirovun “İncəlik rəqsi”, həmçinin
“Çobanlar rəqsi” və “Toy rəqsi” kimi el
havalarımız, “Şur” “Çahargah” və “Mahur”
muğamlarımız londonlu tamaşaçılar tərəfindən
heyranlıqla qarşılanıb.
Bütövlükdə
xoreoqrafik rəqs səhnəsinin nümayişindən ibarət
olan konsertin ikinci hissəsinin məzmununu isə qədim
“Simurq” Şərq dastanı (30 quşun hekayəsi) təşkil
edib. İfaçılar incə, nəfis bir zövqlə xalq
musiqimizin gülüstanından bir-bir dərilib, bağlanan
muğam çələnginin xoş ətrini bu rəqsin
canına hopdurub. Bu hissədə “Sarı gəlin” xalq
mahnısından da istifadə olunub.
İnstrumental
muğam üçlüyü bundan əvvəl ABŞ-ın
Vaşinqton, Hyuston və Türkiyənin İstanbul şəhərlərində
də uğurlu konsert proqramları ilə
çıxış edib.
Mədəniyyət.- 2010.- 22
dekabr.- S. 6.