IV Beynəlxalq Mstislav Rostropoviç festivalı sona çatdı

 

Bakıda keçirilən IV Beynəlxalq Mstislav Rostropoviç festivalına dekabrın 19-da Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə yekun vurulub. Xatırladaq ki, dekabrın 12-də start götürən festival Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə keçirilirdi. Festival çərçivəsində Azərbaycanla yanaşı, dünyanın tanınmış klassik musiqi ustalarının ifasında rəngarəng konsert proqramları təqdim olunub.

Festivalın son iki günündə musiqisevərlər Heydər Əliyev Sarayında məşhur İsrail Filarmonik Orkestrinin ifasında bir-birindən maraqlı çıxışları dinləyiblər. Orkestrin bədii rəhbəri və dirijoru Zubin Metadır. Dekabrın 18-də keçirilən konsertdə orkestrin solisti isə Pinkas Zukerman (violin) olub. Konsertdə xarici ölkə bəstəkarlarının əsərləri səslənib. Dekabrın 19-da keçirilən yekun konsertdə İsrail Filarmonik Orkestrinin müşayiəti ilə solist Pudolf Bukbinder (fortepiano) çıxış edib.

Tamaşaçıları salamlayan orkestrin rəhbəri Zubin Meta son illər Bakıda aparılan böyük abadlıq və quruculuq işlərini yüksək qiymətləndirib. O deyib: “Mstislav Rostropoviçlə uzun illər dostluq etmişəm və ondan çox şey öyrənmişəm. M.Rostropoviç tez-tez mənə doğma vətəni Azərbaycana gəlməyi məsləhət görürdü. Çox sevinirəm ki, bu gün onun adını daşıyan belə möhtəşəm bir festivalda çıxış edirəm. Mən Bakıda olmağımdan qürur duyuram. Burada sənətə və sənətkara göstərilən böyük hörmətin şahidi oldum. Azərbaycan xalqının musiqiyə olan sevgisi məni valeh etdi. Bu xalqın olduqca gözəl və zəngin mətbəxi də var”.

Konsertdə xarici ölkə bəstəkarlarının əsərləri səslənib.

Tədbirdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət xadimləri və musiqisevərlər iştirak edib.

 

 

Mədəniyyət.- 2010.- 22 dekabr.- S. 6.