“Azərbaycanda klassik musiqinin səviyyəsini daha da yüksəltmək lazımdır

 

Teymur Göyçayev: “Gərək bizim elə yüksək səviyyəli musiqi məktəblərimiz olsun ki, əcnəbilər buraya gəlib, bizdən öyrənsinlər”

 

Xalq artisti, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü. Bunlar indiyə qədər onun Azərbaycan musiqisinə verdiyi töhfələrə görə layiq görüldüyü fəxri ad mükafatlardır. O, dünyanın bir çox ölkələrində musiqimizi təbliğ edir. Söhbət məşhur dirijor, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin Dövlət Gənclər Simfonik Orkestrinin bədii rəhbəri Teymur Göyçayevdən gedir. Bir neçə ay əvvəl isə sənətkar daha bir məsul vəzifəyə, vaxtilə təhsil aldlğı, sonra müəllim kimi çalışdığı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə direktor təyin olunub. Elə Teymur Göyçayevlə söhbətimizin əvvəli də musiqiyə necə gəlişi barədə oldu:

 

- Teymur müəllim, necə oldu ki, musiqini seçdiniz? Ailə ənənəsidir, yoxsa...

- Əmim Oqtay Göyçayev ali musiqi təhsili alıb, gözəl fortepiano ifaçısıdır. Hələ uşaqlıq illərimdə onun ifalarını dinləyib, musiqiyə meyllənmişəm. Mən, doğrudan da, musiqisiz yaşaya bilmərəm. Bu, gəlişigözəl sözlər deyil, həqiqətdir. Əvvəlcə fortepianoya marağım var idi, amma Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olanda məktəbin direktoru Nazim Əliverdibəyov anama məsləhət gördü ki, mən skripkaçı olum. Sonra Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası -red.) Skripka üzrə simli alətlər fakültəsinə, daha sonra da aspiranturaya qəbul oldum. 1985-ci ildə Bakıda keçirilən sonuncu VII Zaqafqaziya müsabiqəsinin laureatı adına layiq görüldüm. 1985-ci ildən 1998-ci ilə qədər Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müəllim işləmişəm. Burada kamera orkestrinə rəhbərlik edirdim. 1998-ci ildən isə məni Qara Qarayev adına Dövlət Kamera Orkestrinə bədii rəhbər təyin etdilər.

- Sizcə, Azərbaycanda klassik musiqiyə maraq hansı səviyyədədir?

- Bu sahədə müəyyən çatışmazlıqlar var və bu, bir günün problemi deyil. İnsanda musiqi zövqü gərək uşaqlıqdan yaransın. Mənim kiçik yaşlı qızım var. İstəyirəm, indidən bütün gözəl musiqiləri, gözəl muğamlarımızı, xalq çalğı alətlərində ifa edilən musiqiləri eşitsin, Vivaldinin, Motsartın, Baxın ifalarını dinləsin. Belə olan halda onda elə bir musiqi zövqü formalaşacaq ki, sabah bayağı musiqiləri dinləməyəcək.

- Maraqlıdır, bəs siz özünüz peşəkar musiqiçi kimi bu istiqamətdə konkret olaraq edirsiniz?

- Mən özüm hər il hər musiqi məktəbindən 10-15 nəfər olmaqla 100-120 uşaq seçirəm. Bu şagirdlər Dövlət Filarmoniyasının səhnəsində Dövlət Kamera Orkestri ilə birlikdə çıxış edirlər. Artıq mənim bununla bağlı proqramım var onu məktəb direktorlarına göndərirəm ki, il ərzində uşaqları hazırlasınlar. Fevral, mart aylarında uşaqlar arasında müsabiqə keçirib istedadlılarını seçirəm. Bilirsiniz, bu metod uşaqlar üçün qədər faydalıdır? Yaxın 10 il ərzində belə istedadlı uşaqların sayı 1500-ə çata bilər. İllər keçdikcə onların bacarıqları, zövqü formalaşır.

- İki simfonik orkestr, böyük bir musiqi məktəbinə rəhbərlik... Bu işlərin öhdəsindən necə gəlirsiniz?

- Bacarıqlı müavinlərim var, onlar işlərimi tənzimləyirlər. Doğrudur, qaçhaqaçda oluram. Mənə deyirlər, problemləri görürsən, onların həlli üçün edə bilərsən? İstəyirəm ki, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi Nazim Əliverdibəyovun, Nazim Atakişiyevin vaxtında necə parlaq olubsa, yenə də həmin pilləyə qalxsın.

- Siz hələ bir neçə il əvvəl kontrabas, violonçel, nəfəs alətləri və hətta xalq çalğı alətləri üzrə tələbələrin yetişdirilməsi ilə bağlı problemlərin olduğunu bildirmişdiniz. Maraqlıdır, hazırda bu sahədə vəziyyət necədir?

- Faqot, voltorna, qaboy, kontrabas, violonçel kimi klassik musiqi alətləri sahəsində problemlər bu gün də var. Xalq çalğı alətlərinə gəlincə, balabanı göstərmək olar. Kanon kamançada ifa edənlərin də sayı azalır. Belə baxanda, bu alətlərdə ifa edənlər bəlkəçoxdur. Amma peşəkar ifa nöqteyi-nəzərindən onların sayı azdır. Bu gün Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə gələnlər fortepianoda, skripkada çalmağı öyrənmək istəyirlər. Nadir nəfəs alətlərinə isə maraq azdır. Bu, yaxşı hal deyil. Çünki bu gün Gənclər Simfonik Orkestrində yaşananlar sabah Dövlət Simfonik Orkestrinin problemi olacaq. Amma sevindirici bir məqam da var ki, bu məsələ artıq dövlət səviyyəsində, nazirlikdə diqqət mərkəzindədir.

- Bəs gənclərdə bu alətlərdə ifa etmək üçün necə maraq oyatmaq lazımdır?

- Bunun üçün təbliğat aparmaq vacibdir. Məsələn, şagirdə demək lazımdır ki, sənin boy-buxunun kontrabasa uyğundur: skripka ifaçılığından keç kontrabasa. Digər tərəfdən gələcəkdə işlə təmin olunmaq da problem yaradır. Ona görə məktəbdə təhsil alan I sinifdən XI sinfə qədər bütün şagirdlərin valideynləri ilə görüş keçirdim onları bu problemlə tanış etdim. Biz gərək indidən bu istiqamətdə işləyək ki, bilməyənlər maariflənsinlər.

- Gənc nəsildən söz düşmüşkən, rəhbərlik etdiyiniz Dövlət Gənclər Simfonik Orkestri barədə deyə bilərsiniz. Necə oldu ki, belə bir orkestr yarandı?

- Bu orkestr Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə meydana gəlib. 2006-cı ildə Mstislav Rostropoviç Mehriban xanımla görüşdə bildirmişdi ki, belə bir orkestrin yaradılması musiqinin inkişafında faydalı olardı. Elə həmin ildən artıq bu orkestr fəaliyyətə başladı. Dövlət Gənclər Simfonik Orkestri yaradılan kimi müsabiqə keçirdim: 150 nəfər uşaq arasından 50 nəfərini seçdim başladım onlarla məşq etməyə. Amma bu gün faqot, valtorna, qaboy, kontrabas, violonçel kimi alətlərdə ifa edənlər çatışmır. Ona görə bu məsələyə daha böyük diqqət verməliyik. Sabah biz edəcəyik? Belə getsə, Türkiyədən ifaçı dəvət edəcəyik. Halbuki vaxtilə biz Türkiyəyə sənətçilər göndərirdik ki, orada klassik musiqinin inkişafına töhfə versinlər.

Vaxtilə dahi bəstəkar Üzeyir Hacıbəyli ölkəmizdə klassik musiqinin inkişafı üçün misilsiz işlər görüb. Onun təşəbbüsü ilə Azərbaycanda fortepiano, skripka məktəbinin səviyyəsi yüksəldi. Düşünürəm ki, o zaman klassik musiqidə yaranmış boşluğu aradan qaldırmaq üçün necə qurulmuşdusa, yenə bu işləri görməliyik. Azərbaycanda klassik musiqinin səviyyəsini daha da yüksəltmək lazımdır. Çox şükür ki, artıq bizim gənc ifaçılarımız beynəlxalq müsabiqələrdə yer tuturlar. Çalışmaq lazımdır ki, bu müsabiqələrə daha çox ifaçı göndərək.

- Teymur müəllim, musiqidə improvizələrə münasibətiniz necədir? Məsələn, bəzən muğamı, klassik musiqini, hətta cazı tamaşaçıya sevdirmək, onun zövqünə uyğunlaşdırmaq, bir qədər maraqlı etmək üçün bu üsula əl atırlar...

- Klassik musiqinin şou elementləri ilə improvizəsinə yaxşı baxmıram. Doğrudur, mənim şou-bizneslə birgə konsert layihələrim olur. Şou-biznes nümayəndələrindən Röya, Elton, Sevda Yəhyayeva ilə konsert vermişəm. Məni çoxları qınayır ki, nəyə görə klassik orkestr onlarla konsert verir. Deyirəm axı mən onlarla Tofiq Quliyevin, Səid Rüstəmovun, Cahangir Cahangirovun, Fikrət Əmirovun, Rauf Hacıyevin mahnılarını ifa edirəm bu, estrada klassikasıdır. Məqsədim də bu müğənnilərin fanatlarını klassik musiqiyə cəlb etməkdir.

Şou-biznes nümayəndələri ilə əməkdaşlığımın başqa tərəfi var. Yuxarıda adlarını çəkdiyim müğənnilərin fanatları afişada görəndə ki, kamera orkestri ifa edir, bəlkə maraqlanıb zala gələrlər. Bu da klassik musiqiyə tamaşaçı cəlb etmək üçün bir vasitədir. Çünki indi şou musiqiləri dinləyənlərin əksəriyyəti gənclərdir və mənə də bu lazımdır. Şou-biznes özü-özünü saxlaya bilər, amma klassik musiqiyə kömək lazımdır.

- Bu gün dünyada gedən qloballaşma həyatımızın bütün sahələrinə müdaxilə edir. Sənətdə, musiqidə qloballaşmaya münasibətiniz necədir?

- Çox müsbət. Yer kürəsi balacadır. Bu gün buradasan, sabah Çində, ya da Amerikada. Musiqinin dili yoxdur axı. Hansı ölkədə çıxış edirik, bizim muğamlarımıza, musiqimizə elə heyranlıqla qulaq asırlar ki... Məsələn, mən hind musiqisini dinləyəndə orada bizim musiqinin elementlərini görürəm. Ona görə mənə elə gəlir ki, bəşəriyyət vaxtsa eyni mədəniyyətə, sivilizasiyaya aid olub. Eyni dildə danışıblar. Sonra müxtəlif dillər mədəniyyətlər ayrılıb. Amma onların bünövrəsi eynidir. Məsələn, Norveçin folklor musiqisi bizim musiqilərimizə bənzəyir. Bütün bunlar da təsdiq edir ki, bəşəriyyətin mədəni birliyi mövcuddur.

- Daha çox hansı klassik musiqiçinin əsərlərini dinləməyi xoşlayırsınız?

- Mənə ən çox təsir edən musiqiçi Yohann Sebastyan Baxdır. Onun musiqilərində din , mədəniyyət var. Çazı, xalq musiqisini xoşlayıram. Ümumilikdə yaxşı zövqlü musiqini sevirəm.

- Övladlarınız sizin yolunuzu davam etdirirlərmi?

- Böyük oğlum İmranın 27 yaşı var o da musiqiçidir. Hazırda Amerikada, World Disney studiyasında dirijor-bəstəkardır. İkinci oğlum Rüstəm hüquqşünasdır, o da Amerikada yaşayır. Balaca oğlum Məhəmməd isə dizayner olmaq arzusundadır. Qızım Minəyə gəlincə, balaca olmasına baxmayaraq, hiss edirəm ki, musiqiyə marağı var. Mənə elə gəlir ki, o, mənə daha çox oxşayır. Əgər görsəm ki, doğrudan da, musiqisiz yaşaya bilmir, onu bu sahəyə yönəldəcəyəm.

Bundan başqa, mən həm də istərdim ki, bizim elə yüksək səviyyəli musiqi məktəblərimiz olsun ki, əcnəbilər Azərbaycana gəlib, bizdən öyrənsinlər. Yaxud da bizimkilər gedib xaricdə ustad dərsləri versinlər. Azərbaycanın bugünkü inkişafına baxanda məndə gələcəyimizə böyük inam yaranır.

 

 

Mehparə

 

Mədəniyyət.- 2010.- 22 dekabr.- S. 5.