“Sazı dünya musiqi alətlərinin şahı kimi
qəbul etdilər”
Nemət Qasımlı Dünya
Master Sertifikatına layiq
görülüb
Noyabrın 30-dan dekabrın 8-dək
Koreya Respublikasında keçirilən Dünya Master
Festivalında tanınmış saz ifaçısı, Əməkdar
mədəniyyət işçisi Nemət Qasımlı
ölkəmizi layiqincə təmsil edərək 65 ölkənin
ifaçıları arasında Dünya Master Sertifikatına
layiq görülən üç iştirakçıdan biri
olub.
Bu
günlərdə beynəlxalq festivaldan qayıdan saz
ifaçısı təəssüratlarını bizimlə
bölüşdü. Onun sözlərinə görə,
Koreya Respublikasında
keçirilən bu festivalı başqa festivallardan fərqləndirən
əsas cəhət ondan ibarətdir ki, Dünya Master Festivalında sırf professionallar iştirak edirlər. Bu festivalda
iştirak etmək üçün bir neçə dəfə həm öz ölkəsinin, həm də beynəlxalq festivalların qalibi olmalısan. Dörd dəfə Azərbaycanda,
üç dəfə
isə xarici ölkələrdə keçirilən
festivalların qalibi olan Nemət Qasımlı bildirdi ki, bir il
bundan əvvəl Mədəniyyət və
Turizm Nazirliyindən festivalın keçirilməsi
haqqında məlumat alıb. Tərcümeyi-halını, çıxışları ilə bağlı video
disk və SD-ni Dünya Master Festivalının
təşkilat komitəsinə
göndərən saz
ifaçısı tezliklə
müsbət cavab alır. “Seçim
onların idi, festivalın başqa bir şərti də vardı. İştirakçı ifası ilə
yanaşı ustalığını
da nümayiş etdirməli, qeyri-adi ifa göstərməli idi. Məni bu festivala dəvət etdilər” - deyən Nemət Qasımlı dünyanın
çox məşhur
ifaçılarının bu müsabiqədə iştirak etdiyini bildirdi.
Koreya
Respublikasında Yeosu şəhərində keçirilən
festivalda bütün iştirakçılara 10 dəqiqə
yer ayrılsa da, istisna hal kimi Nemət Qasımlıya 20 dəqiqə
vaxt verilir. Həmyerlimiz ifasını popuri formasında qurur. Muğamlar, saz
havaları və ritmik melodiyaların sintezi festivalın ən uğurlu və ən yaddaqalan ifalarından biri kimi qiymətləndirilir.
Festivalda
cəmi üç iştirakçıya ad-familiyaları
yazılmış Dünya Master Sertifikatı (The Certificate of
World Master) və kubok təqdim olunub ki, bu üç yerdən
birinin sahibi də həmyerlimiz Nemət Qasımlıdır. “Onlar
sazı bütün alətlərin şahı kimi qəbul
etdilər” - deyən Nemət Qasımlı koreyalıların
mehriban, musiqiyə həssas bir xalq olduğunu qeyd etdi və
festival günlərində ona göstərilən diqqət və
qayğıya görə ölkəmizin Koreya
Respublikasındakı səfiri Rövşən Cəmşidova,
səfirliyinin əməkdaşı Araz Xasiyevə öz təşəkkürünü
bildirdi.
Azərbaycan
musiqisi hər zaman sözünü deyir. Saz isə ruhumuzun səsidir,
bu səs ən böyük auditoriyaları fəth etməyə
qadirdir.
Təranə
Mədəniyyət.- 2010.- 22
dekabr.- S. 4.