Xalq çalğı
alətləri üzrə II Respublika müsabiqəsi başa çatdı
Bu
gün müsabiqə laureatlarının yekun konserti olacaq
Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə
keçirilən Uşaq musiqi və incəsənət məktəbləri
şagirdlərinin xalq çalğı alətləri üzrə
II Respublika müsabiqəsinə dekabrın 15-də yekun
vuruldu.
Ölkə
miqyasında böyük maraqla qarşılanan müsabiqənin
təşkili respublikada musiqi təhsilinin inkişaf etdirilməsi,
milli musiqi alətlərinin təbliği, gənc
istedadların üzə çıxarılması, şagirdlərə
ifaçılıq vərdişlərinin
aşılanması, onların peşəkarlıq səviyyəsinin
yüksəldilməsi məqsədi daşıyırdı. Müsabiqə
Azərbaycanın qədim milli musiqi alətləri olan tar,
kamança, saz, balaban, qarmon və kanon üzrə təşkil
olunmuşdu.
Dekabrın
1-dən 10-dək davam edən, Bakı, Gəncə, Lənkəran,
Naxçıvan, Sumqayıt, Şəki şəhərləri
və Ağcabədi rayonlarında təşkil olunan ilk mərhələdə
müxtəlif rayon və şəhərlərin uşaq
musiqi və incəsənət məktəblərindən 598
şagird iştirak edirdi. Birinci mərhələnin yekunu
olaraq iştirakçılardan 143-ü növbəti mərhələyə
vəsiqə qazandı.
Müsabiqənin
ikinci turu Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq
İncəsənət Məktəbində baş tutdu. Uşaq və yeniyetmə
istedadların mübarizəsi iki yaş qrupu üzrə
aparılırdı. I yaş qrupunda 10-13, digər yaş
qrupunda isə 14-17
yaşlı yeniyetmələr təmsil olunurdu.
8 nəfərdən ibarət münsiflər
heyətində Azərbaycan Xalq Çalğı Alətləri
Orkestrinin bədii rəhbər və baş dirijoru,
Xalq artisti Ağaverdi Paşayev, Xalq artisti Ağasəlim
Abdullayev, Bakı Musiqi Akademiyasının professoru,
sənətşünaslıq namizədi Arif Əsədullayev,
Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Əməkdar artist Zakir Mirzəyev və digər tanınmış sənət
adamları yer almışdı.
Münsiflər
heyətinin qərarı ilə tar ifaçılığı
üzrə Ağayar Xanlarov, Əli Məlikov, kamançada
Cahandar Xanlarov, Mədinə Şahgəldiyeva, balabanda Həsənağa
Qulamov, Şəhran Sadıqov, sazda II yaş qrupunda Elvin
Mehmanlı, qarmonda Kənan Məhərrəmov, Müseyib
Rzayev, kanonda Sədəf Abdullazadə, Aygül Həsənova
birinci yerə layiq görülüblər. Ümumilikdə 60
uşaq və yeniyetmə ilk üçlükdə öz
ifaları ilə fərqləniblər.
Bakı,
Gəncə, Şəki, Şirvan, Ağcabədi,
Göygöl, Qusar, Samux şəhər və
rayonlarının, habelə Naxçıvan Muxtar
Respublikası uşaq musiqi və incəsənət məktəblərinin
şagird, müəllim və konsertmeysterləri Mədəniyyət
və Turizm Nazirliyinin müxtəlif dərəcəli
diplomları, fəxri fərmanları və pul
mükafatlarına layiq görülüblər. Bundan başqa
Lənkəran, Sumqayıt, Şamaxı, Ağstafa, Balakən,
Füzuli, Gədəbəy, Goranboy, Qəbələ və
Salyan şəhər və rayon uşaq musiqi və incəsənət
məktəbləri şagirdləri müsabiqədə fərqləndiklərinə
görə tərifnamələrə layiq görülüb.
Qeyd
edək ki, bu gün (22 dekabr) Dövlət Filarmoniyasında
Uşaq musiqi və incəsənət məktəbləri
şagirdlərinin xalq çalğı alətləri üzrə
II Respublika müsabiqəsi qaliblərinin yekun konserti
keçiriləcək.
Ceyhun
Mədəniyyət.- 2010.- 22
dekabr.- S. 3.