Dövlət Rus Dram Teatrının
90 illik yubileyi qeyd olundu
Dekabrın 21-də Azərbaycan
teatr sənəti tarixində özünəməxsus
yeri olan Dövlət Rus Dram Teatrının 90 illik yubiley mərasimi də tamaşaları kimi yaddaqalan oldu. Mərasim teatrın
aktrisalarının ifasında
qaynar ispan rəqsi ilə açıldı. Rəqsə qoşulan
bütün kollektiv səhnədə yerlərini
tutaraq 90 ilin tamamında tamaşaçılarla
üz-üzə əyləşdilər.
Teatrın baş rejissoru Aleksandr Şarovski qonaqları səmimi salamladı, 90 il
yol gələn teatrın böyük bayram yaşadığını
qeyd etdi. Ulu öndər Heydər Əliyevin Rus Dram Teatrına, ümumilikdə
mədəniyyətimizin inkişafına
diqqət və qayğısından söz
açan Aleksandr Şarovski bu gün həmin siyasətin ölkə başçısı İlham
Əliyev tərəfindən
uğurla davam etdirildiyini vurğuladı.
Onun sözlərinə görə,
Rus Dram Teatrının
binasının ən
yüksək səviyyədə
təmir və bərpa olunması bu qayğının bariz nümunəsidir.
Teatrın binasının təmirdən
əvvəl və təmirdən sonrakı vəziyyətini əks etdirən videorolik nümayiş olundu.
Sonra Aleksandr Şarovski sözü mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevə verdi.
Nazir 90 yaşı tamam olan teatrın
kollektivini ürəkdən
təbrik edərək
Azərbaycan teatrları
arasında özünəməxsus
yeri olan bu sənət ocağının fəaliyyətini
yüksək qiymətləndirdi,
daima yeniliyə can atan, gözəl sənət nümunələri
ilə tamaşaçıların
rəğbətini qazanan
kollektivə uğurlar
dilədi.
Nazir ölkə
prezidenti İlham Əliyevin Rus Dram Teatrının kollektivinə
təbrik məktubunu oxudu.
Məktubda deyilir:
Sizi - Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yaradıcı
heyətini və bütün işçilərini
bu mədəniyyət
ocağının 90 illik
yubileyi münasibətilə
səmimi qəlbdən
təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik
və yeni uğurlar arzulayıram.
Teatrınız fəaliyyətə başladığı
vaxtlardan etibarən respublikamızda teatr sənətinin inkişafı
naminə mühüm
xidmətlər göstərmişdir. Şərq ilə
Qərbin qovuşuğunda
yerləşən Azərbaycanda
dünya dramaturji irsinin gözəl nümunələrinin səhnə
təcəssümü tapmasında
aktyorlarınızın böyük
rolu vardır. Milli dramaturgiyamızın görkəmli
simalarının həmişə
ustalıqla canlandırdığınız
əsərləri teatrsevərlər
tərəfindən yüksək
qiymətə layiq görülmüşdür. Siz uzun illər boyu rus teatrının
zəngin ənənələrindən
bəhrələnməklə Azərbaycan-rus mədəni
əlaqələrinin möhkəmlənməsinə
töhfələr vermisiniz.
Təqdirəlayiq haldır ki, teatrınız daim rəngarəng repertuarı
ilə tamaşaçıların
bir çox nəslinin hüsn-rəğbətini
qazanmışdır. Teatrınızın salnaməsini təşkil
edən parlaq səhifələr ayrı-ayrı
illərdə burada çalışmış və
ölkəmizin hüdudlarından
kənarda da tanınmış istedadlı
sənətkarların adları
ilə sıx bağlıdır. İnanıram ki, yaradıcı heyətiniz öz ənənələrinə sadiq
qalaraq bundan sonra da axtarışlarını
müvəffəqiyyətlə davam etdirəcək və ölkəmizdə teatr sənətinin inkişafında bundan sonra da mühüm
rol oynayacaqdır.
Ən xoş arzularla
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr
2010-cu il.
Nazir Əbülfəs
Qarayev ölkə başçısının Rus
Dram Teatrının bir
qrup əməkdaşına
fəxri adların verilməsi haqqında sərəncamını tədbir
iştirakçılarının nəzərinə çatdırdı. Sərəncama
əsasən, Azərbaycanda
teatr sənətinin inkişafındakı xidmətlərinə
görə teatrın
1 əməkdaşına “Xalq
artisti”, 4 əməkdaşına
“Əməkdar artist”, 1 əməkdaşına
isə “Əməkdar
mədəniyyət işçisi”
fəxri adı verilib.
Gecədə Teatr Xadimləri İttifaqının sədri,
Xalq artisti Azər Paşa Nemət, Rusiyanın keçmiş mədəniyyət
naziri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq
üzrə xüsusi nümayəndəsi Mixail
Şvıdkoy çıxış
etdi. Ölkəmizin Rusiyadakı səfiri,
Xalq artisti Polad Bülbüloğlu
RF mədəniyyət naziri
Aleksey Avdeyevin təbrik
məktubunu oxudu.
O, teatrın kollektivini
bir neçə musiqi nömrəsi ilə təbrik etdi. Gecədə respublikamızın teatr kollektivləri də Rus Dram Teatrına təbriklərini
özünəməxsus tərzdə,
maraqlı səhnəciklərlə
çatdırdılar.
* * *
90 yaşlı teatrın tarixinə qısa nəzər
1920-ci ilin soyuq dekabr günlərinin birində küləklər
şəhərinə isti
bir xəbər yayıldı.
...Tamaşaçıların teatrdan
necə çıxdıqlarını
da xatırlamaq çətin deyil. İlk tamaşanın sevincini bayırdakı şaxta dondura bilmir. O gündən teatrın qapıları hər kəsin üzünə açıqdır. Düzdü,
repertuardakı tamaşalar
kimi səhnədəki
aktyorlar, zaldakı tamaşaçılar da ilbəil dəyişib, dəyişməyən isə
qocaman teatra olan sevgidir...
* * *
90 illik ömründə
Rus Dram Teatrı maraqlı sənət yolu keçib. 1923-cü il oktyabrın 25-də
Bakı Rus "Tənqid-təbliğ" teatrı
Bakı İşçi
Teatrı şəklində
yenidən təşkil
edilir, 1937-ci ildən isə Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. Teatrda o zamanlar Vselovod Meyerxoldun tələbələri
- Mixail Jarov və Faina Ranevskaya
kimi unudulmaz sənətçilər işləyir.
Keçmiş SSRİ məkanında tanınmış bir çox görkəmli sənətkarlar - V.Şarlaxov,
B.Çinkin, Y.Çarski,
B.Baykov, respublikamızın
xalq artistləri R.Ginzburq, V.Şirye, S.Yakuşev, A.Falkoviç,
L.Qruber və başqaları Rus Dram Teatrında kamilləşirlər.
Zaman-zaman teatrın
repertuarına U.Şekspir,
V.Hüqo, J.B.Molyer, F.Şiller, A.P.Çexov, A.Ostrovski, F.Dostoyevski, M.Lermontov, M.Bulqakov, H.Cavid, M.F.Axundzadə, C.Cabbarlı, S.Vurgun kimi məşhur
müəlliflərin şah əsərləri daxil edilib. Respublikaının xalq artistləri Mehdi
Məmmədov, Məhərrəm Aşumov,
Ənvər Behbudov, Gülcahan Güləhmədova-Martınova, Cənnət
Səlimova müxtəlif vaxtlarda teatrın baş rejissoru vəzifəsində
çalıb və bir
çox tamaşalara
maraqlı quruluş veriblər.
* * *
İllər arxada qalıb. 90
yaşını qeyd edən
Rus Dram Teatrı gecəni
özünə həsr etdi. 90 ilin səhnəsini, 90 il ərzində bu səhnədə
can qoyan, sənət
inciləri yaradan insanları
xatırlamağa, bu gün
səhnədə olanları isə
alqışlamağa dəyər. Təbrikimizi qəbul
edin!
Təranə Vahid
Mədəniyyət.- 2010.- 22
dekabr.- S. 2.