“Rus
muzeyi: virtual filial”
İnformasiya-maarifləndirici
mərkəzin muzey tədris proqramının təqdimatı
keçirildi
Dekabrın 21-də Muzey Mərkəzində
Mədəniyyət və Turizm Nazirliyi və UNESCO-nun Moskva
bürosunun təşkilatçılığı ilə
“Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzinin
məktəblilər və tələbələr
üçün muzey-tədris proqramının təqdimatı
keçirildi.
Mərasimdə
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri,
Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları,
muzey direktorları və işçiləri, Mədəniyyət
və İncəsənət, Bakı Slavyan, Qərb
universitetlərinin, Bakı Avropa liseyinin və digər təhsil
müəssisələrinin, o cümlədən mədəniyyət
və təhsillə bağlı ictimai və dövlət təşkilatlarının
nümayəndələri, media mənsubları iştirak edirdi.
Mərasimi
açan Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət
siyasəti şöbəsinin müdiri Fikrət Babayev “Rus
muzeyi: virtual filial” layihəsinin Bakının mədəni həyatında
əlamətdar hadisə olduğunu vurğuladı: «2008-ci ildə
UNESCO-nun Moskva bürosunun və Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin birgə təşkilatçılığı
ilə Bakı şəhərində Muzey Mərkəzinin
bazasında “Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzi
açıldı. Bakı Rus muzeyinin virtual
filialının fəaliyyətə başladığı ilk xarici ölkə
paytaxtı oldu. Bu əhəmiyyətli hadisə Azərbaycanda rus mədəniyyətinə
və incəsənətinə olan marağın daha da artmasına, iki ölkə arasında mədəni əlaqələr
dairəsinin genişlənməsinə böyük
təsir göstərdi”.
F.Babayevin
sözlərinə görə, “Rus muzeyi: virtual filial”ın
inkişafına dair layihənin növbəti mərhələsi
2009-cu ildə UNESCO-nun Moskva bürosunun dəstəyi ilə Mədəniyyət
və Turizm Nazirliyinin Muzey Mərkəzinin veb-səhifəsinin
yaradılması oldu. Veb-səhifə Azərbaycan, ingilis və
rus dillərində həm Rusiya, həm də Azərbaycan mədəniyyətini
dünyaya təqdim edir: “UNESCO-nun Moskva bürosu və təşkilatın
Azərbaycan Milli Komissiyası son bir neçə il ərzində
“Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzində
informasiya-kommunikasiya texnologiyalarının inkişafı və
istifadəsinə əvəzsiz maddi və mənəvi dəstək
göstəriblər ki, bu layihə də ona bir nümunədir».
Nazirlik
rəsmisi son illər ölkədə muzey işinə
göstərilən diqqətdən də bəhs etdi. Bildirdi ki, son illər
prezident tərəfindən verilmiş sərəncamlar
buna bariz nümunədir:
2007-ci ildə prezident İlham
Əliyev tərəfindən «Azərbaycanda
muzey işinin yaxşılaşdırılması
haqqında» sərəncam imzalandı. Bunun
ardınca bir neçə
belə fərmanlar verildi. Son vaxtlar Bakı şəhərində
bir sıra muzeylər,
Etnoqrafiya, İstiqlal,
Müasir İncəsənət muzeyləri
yaradılıb ki, bu da respublikamızda muzey işinə əlavə
töhfədir. Hazırda Xalça Muzeyinin inşası davam edir, R.Mustafayev
adına İncəsənət Muzeyinin digər korpusu təmir
olunmaqdadır».
Azərbaycan
muzeylərinin beynəlxalq əməkdaşlığından
söz açan F.Babayev buna misal da gətirdi: «Muzeylərimiz
London, Fransa, Norveç muzeyləri ilə əməkdaşlıq
edir. Bir sıra birgə layihələr həyata keçirmək
üçün razılıqlar
əldə olunub. Bütün bunlar Azərbaycanda
muzey işinin genişləndirilməsində əhəmiyyətli
işlərdir».
UNESCO
üzrə Azərbaycan Milli Komissiyasının məsul katibi
Gunay Əfəndiyeva belə bir tədbirin keçirilməsinin
Azərbaycanın Mədəniyyətlərarası dialoqda fəal
rol oynamasına bir nümunə olduğunu diqqətə
çatdırdı: «Bu il BMT tərəfindən «Beynəlxalq
Mədəniyyətlərin Yaxınlaşması İli» elan
olunub. Bu tədbir də məlum il çərçivəsində
keçirilir və azərbaycanlıların digər
xalqların mədəniyyətinə münasibətini
göstərir».
Sonra
“Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzinin
məktəblilər və tələbələr
üçün muzey-tədris proqramının ekranda
nümayişi keçirildi. Nümayişdən sonra
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin
saytın yaradılmasında əməyi olan bütün
insanlara təşəkkürünü bildirdi.
Mehparə
Mədəniyyət.- 2010.- 22 dekabr.-
S. 4.