Dövlət Kamera Orkestri Naxçıvanda maraqlı proqramla
çıxış edib
Naxçıvan şəhərindəki
Heydər Əliyev Sarayında Qara Qarayev adına Azərbaycan
Dövlət Kamera Orkestrinin konserti olub. Konsert Qara Qarayevin
“İldırımlı yollarla” baletindən rəqslə
başlanıb.
Tədbirdə
Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara
Qarayev adına Dövlət Kamera Orkestrinin Naxçıvan
Dövlət Filarmoniyasının musiqi kollektivləri ilə
yaradıcılıq əlaqələrindən də bəhs
edilib. Qeyd olunub ki, Kamera Orkestri Naxçıvan Dövlət
Filarmoniyasının gənc və istedadlı
vokalçıları ilə maraqlı layihələr
reallaşdırıb.
Sonra
Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə
Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri
Azər Cəfərli, Elçin Nağıyev, Gülyanaq Fərzəliyeva,
Mübariz Əsgərov və Tural Nəcəfov Tofiq Quliyevin
və Rauf Hacıyevin mahnılarını, eləcə də
xalq mahnılarını məharətlə ifa ediblər.
Xalq
artisti Nəzakət Teymurovanın, Əməkdar artist
Gülüstan Əliyevanın, müğənni İlahə
Fədanın ifa etdikləri mahnılar
tamaşaçılara xoş əhval-ruhiyyə bəxş
edib. Konsert proqramında ifa edilən “Zəminxarə təsnifi”,
“Qarabağ şikəstəsi” milli musiqimizin rəngarəng
çalarlarını bir daha təcəssüm etdirib.
Konsert
proqramından sonra səhnə arxasına keçən Ali Məclisin
sədri Vasif Talıbov bəstəkarları,
ifaçıları və orkestrin kollektivini uğurlu konsertə
görə təbrik edib.
Mədəniyyət.- 2010.- 22
dekabr.- S. 6.