Xatirəyə dönən görüşlər

 

Ədəbi-xatirə muzeylərinin fondlarında saxlanılan və adətən ekspozisiyada nümayiş etdirilməyən əşyalar da var. Bunların sırasına əsasən kinofilmlər, kinoxronikalar fonomateriallar daxildir. Burada yazıçının öz səsi ilə, eləcə də aktyorların ifasında lentə alınmış ədəbi nümunələr, sözlərinə yazılmış mahnılar, təntənəli yığıncaqlar, xatirə gecələri, müxtəlif radio televiziya verilişləri, ədəbi-bədii kompozisiyalar, qələm dostlarının, müasirlərinin çıxışları, xatirələri və s. yer alır.

 

Bu lent yazıları bu gün tədqiqatçılar üçün də, yazıçının pərəstişkarları üçün də çox maraqlıdır. Muzey üçün isə əvəzsiz sərvətdir.

Bu cür materiallar bu ya digər dərəcədə ədəbi-xatirə muzeylərinin əksəriyyətində toplanıb. Onlar xüsusi olaraq ekskursiyaya gəlmiş seyrçilər qarşısında nümayiş etdirilir, eyni zamanda, muzeydə muzeydən kənarda keçirilən tədbirlərdə bu materiallardan istifadə olunur.

Bu nöqteyi-nəzərdən ədəbi-xatirə muzeylərində də keçirilən anım tədbirləri xüsusi əhəmiyyətə malikdir. Adətən bu tədbirlərdə yazıçının müasirləri, qələm dostları, tədqiqatçıları, o dövrün ədəbi gəncliyinin nümayəndələri iştirak edirlər. Burada gedən söhbətlər yazıçının həyatı, yaradıcılığı, ayrı-ayrı əsərləri barədə yeni faktların üzə çıxması ilə nəticələnir. Bunlar isə daha obyektiv tədqiqatların aparılması üçün şərait yaradır. Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının və Səməd Vurğunun xatirə muzeylərində bu səpkidə keçirilmiş tədbirlərdə bu sənətkarların yaradıcılığı ilə bağlı zəngin tədqiqat materialları meydana çıxıb.

Bu baxımdan Səməd Vurğunun ev-muzeyində keçirilmiş tədbirlər barədə xüsusi danışmağı lazım bilirik. Belə hesab edirik ki, digər xatirə muzeylərimiz də bu muzeyin təcrübəsindən yararlana bilər və bunlar da öz növbəsində onların işinə müsbət təsir göstərər.

Muzeydə şairin xatirəsinə həsr olunmuş tədbirlər də müxtəlif vaxtlarda görkəmli elm və mədəniyyət xadimləri, Səməd Vurğunun qələm dostları və onun qayğısını görmüş ədəbi gəncliyin nümayəndələri iştirak etmiş, xatirələrini dilə gətirmiş, mülahizələrini söyləmişlər. Xalq şairləri xalq yazıçıları - Rəsul Rza, Nigar Rəfibəyli, Süleyman Rüstəm, Osman Sarıvəlli, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Xəlil Rza, İsmayıl Şıxlı, Qabil, Hüseyn Arif, alimlərdən Ziya Bünyadov, Məmməd Cəfər, Abbas Zamanov, Əkbər Ağayev, Cəlal Abdullayev, habelə Qasım Qasımzadə, Mikayıl Rzaquluzadə, Əliağa Kürçaylı, Atif Zeynallı, Məstan Günər, Tofiq Bayram, xalq artistləri Şövkət Ələkbərova, Emin Sabitoğlu bir çox başqaları dünyalarını dəyişmiş, indi özləri xatirələrə dönmüşlər. Nə yaxşı ki, həmin anlar lentlərdə əbədiləşibr. Bunların arasında şairin həyat fəaliyyətinin müxtəlif cəhətləri barədə elm aləminə məlum olmayan faktların olduğu lent yazıları var.

Xalq yazıçısı Mirzə İbrahimovun şair haqqında xatirə və söhbətlərinin lent yazıları muzeydədir. Bunlardan biri 1985-ci il mayın 27-də muzeydə lentə alınıb. Yazıçı öz söhbətində Azərbaycan poeziyasının aşağıdakı mərhələlərini göstərir: Vaqif mərhələsi, Sabir mərhələsi, Vurğun mərhələsi. Sonra Səməd Vurğunla bağlı bəzi xatirələrini yada salır.

Bu xatirələrdən biri belədir: Onlar (Səməd Vurğun, Mirzə İbrahimov və başqaları) Daş Salahlı kəndində gecələyib səhər tezdən ova çıxırlar. «Birdən Səməd həyəcanla dedi:

- Ayə, bir oraya bax, Göyəzən dağına...

Baxdım ki, orada bir təpə var. Dedim:

- Ay Səməd, sən deyəndə «Göylərə baş çəkir Göyəzən dağı», mən elə bilirdim ki, Elbrusdu, ya hansı dağdı?

Səməd cavab verdi:

- Mənim «veliçiyem» (“böyüklüyüm” -red.) - bunu rusca dedi - ondadır ki, mən təpəni dağ kimi təsvir edirəm. Sən qorx o adamlardan ki, dağı təpə kimi təsvir eləsinlər...».

1979-cu il martın 21-də Səməd Vurğunun xatirəsinə həsr olunmuş görüşün iki iştirakçısı - Əliağa Kürçaylı və Atif Zeynallı dünyalarını dəyişiblər. Onların həmin gün lentə alınmış söhbətləri indi muzeydə əziz xatirə kimi qorunur.

Əliağa Kürçaylı ustadın ona qayğısı barədə belə deyir: «Mən öz həyatımdan bir epizodu danışsam, bu bizim bütün nəslimizin, Səməd Vurğunun diqqət və qayğısı ilə tərbiyələnmiş nəslimizin taleyi hesab oluna bilər...

Mən 1947-ci ildə gənc yazıçıların respublika müşavirəsinə gəlmişdim. Mən çıxış edəndə Səməd Vurğun sözümü kəsib harada oxuduğumu soruşdu. Dedim ki, oxumuram, fəhlə işləyirəm. O dedi:

- Fəhləliklə şairlik bir yerə sığmaz. Gəl, mən səni universitetə düzəldim, oxu.

Dedim ki, mən onuncu sinfi qurtarmamışam, məni universitetə götürməzlər...

Oradakılar məsləhət gördülər ki, mən rayona qayıdım, orta məktəbi bitirim, sonra gəlib universitetdə təhsilimi davam etdirim. Lakin şair razılaşmadı. Dedi:

- Mən bilirəm, bu müsəlman balasıdır, getsə, gəlməyəcək.

Məni Bakıda gecə məktəbinə düzəltdilər. Lakin Bakıda mənim qalmağa yerim, yeməyə çörəyim vardı. Səməd Vurğunun göstərişi ilə Yazıçılar İttifaqının üzvü olmadığım halda İttifaqın hesabına mənə mehmanxanada otaq tutdular mən orada yaşayaraq gecə məktəbində oxudum».

Əliağa Kürçaylı ayrı-ayrı adamların kömək üçün şairə müraciətlərindən və onun heç kəsi naümid qaytarmadığından danışır. O, ustadı bu sözlərlə səciyyələndirir: «Böyük ürək sahibi, böyük insan, böyük təbiət sahibi...».

Səməd Vurğun həqiqətən kiçik hisslərdən uzaq və mərd adam idi. Əliağa Kürçaylı şairin 1948-1952-ci illərdə ona qarşı müxtəlif iftira böhtanlar atan adamları sonralar bağışlamasını da Səməd Vurğunun böyüklüyü ilə izah edir: «O bu adamlardan asanlıqla intiqam ala bilərdi. Dövran dəyişmişdi. Səməd Vurğunun şöhrəti daha da artmışdı. Lakin şair belə etmədi, əksinə, bu adamların bəzilərinə qayğı göstərdi, hətta işə düzəltdi...»

Əliağa Kürçaylı böyük ustadın onun yaşıdlarının taleyində rolunu bu cür ifadə edir: «Bizim böyük ədəbi nəsil ki, yetişib, bunların hamısının başında Səməd Vurğunun əlinin istisi indi var, indi duyulmaqdadır... Səməd Vurğun bizim mənəvi atamızdır. Bizim başımıza əl çəkib, bizi pərvazlandıran, bizim nəsli gətirib ortaya çıxardan, ərsəyə çatdıran Səməd Vurğundur».

Şairin qayğısını görmüş həmin ədəbi nəslin nümayəndələrindən biri də bu görüşün iştirakçısı Atif Zeynallı olub. O öz söhbətində Səməd Vurğunun gənc ədəbi qüvvələrlə əlaqəsindən, onlara qayğısından danışır. Şairin xeyirxahlıqlarını yada salır. Atif Zeynallı onu da qeyd edir ki, Səməd Vurğun bu gənclərə inanar, onların fikirləri ilə razılaşardı.

Atif Zeynallı səmimiyyətlə etiraf edir ki, onun yazdığı bütün misralarda Vurğunun ruhu duyulur. O, şairin «Muğam» poemasının təsiri ilə «Mil» poeması yazdığını bildirir və həmin əsərdən ustada həsr etdiyi «Vurğunun izi ilə» adlı parçanı oxuyur:

 

Başına döndüyüm Azərbaycanın

Vurğun şöhrətidir, iftixarıdır.

Elə bil nəbzidir dövrün, zamanın,

Vaqifin, Sabirin yadigarıdır...

 

Xatirəyə dönənlərdən biri də istedadlı şair, Vurğun poeziyasının pərəstişkarı və ləyaqətli davamçısı Tofiq Bayramdır. O, müxtəlif vaxtlarda muzeydə keçirilən tədbirlərdə şair haqqında xatirələrini danışıb, ustada həsr etdiyi şeirlərini oxuyub.

Bu çıxışlardan biri 1978-ci il mayın 27-də lentə alınıb. Şairin xatirəsinə həsr olunmuş məclisi idarə edən Xalq şairi Bəxtiyar Vahabzadə öz həmkarını bu cür təqdim edir: «İndi də sözü Səməd Vurğun şeirinin ən yaxşı davamçılarından biri Tofiq Bayrama veririk».

Şair öz çıxışına belə başlayır: «Səməd Vurğun bizim hamımızın mənəvi atası olub. Biz 50-ci illərin əvvəllərində onun böyük qayğısı, müdrikliyi, ədəbiyyata, poeziyaya, gəncliyə böyük məhəbbəti sayəsində şeir meydanına atılmışdıq. Biz Yazıçılar İttifaqında böyük ürək çırpıntıları, böyük intizarla Səməd Vurğunun gəlişini gözləyirdik. O, Yazıçılar İttifaqına gələndə, elə bil ki, Yazıçılar İttifaqı işıqlanırdı, daş, divar daha mənalı olurdu, gözəlləşirdi sənin gözündə bir məbədgaha çevrilirdi, müqəddəsləşirdi, çünki orada Səməd Vurğun var idi, Səməd Vurğunun səsi gəlirdi biz Yazıçılar İttifaqına mehrab kimi baxırdıq, sitayiş edirdik...»

Tofiq Bayram çıxışlarında heç vaxt özünü təkrar etmir. O çalışır ki, hər dəfə ustad haqqında təzə söz söyləsin buna nail olur. Onun 1979-cu il mayın 27-də şairin növbəti xatirə günündə çıxışı da maraq doğurur. Tofiq Bayram çıxışına belə başlayır: «Biz hər il bu məqəddəs ocağa yığışırıq, hər il bu evdə Səməd Vurğunun xatirəsini yad edirik, onun dünyası ilə qaynayıb-qarışırıq. Lakin Səməd Vurğun təqvimə sığışan, ildönümü ilə məhdudlaşan sənətkar deyil... Bütün dahilərin, klassiklərin yaradıcılığı belədir, həmişə örnəkdir, məktəbdir...».

Tofiq Bayramın yeniyetməlik illərinə aid xatirəsi təsirlidir, yaddaqalandır. Maqnitofon lentini dinləyirik: «1947-ci ildə anam məni ayaqqabı almaq üçün Əmircandan Bakıya gətirmişdi. Küçədən keçəndə gördük ki, bütün küçə dəyib bir-birinə... olub, görəsən? Elə bil, küçədə öz-özünə canlı bir dəhliz yaranmışdı. Birdən gördük ki, uzaqdan Üzeyir Hacıbəyov, Yusif Məmmədəliyev, Səməd Vurğun qol-qola gəlirlər. Elə bil küçə işıqlanıb, cavanların, qocaların, bütün o küçədən keçənlərin ürəyində mənəvi bir işıq, qüdrət yaranmışdı.

Mən neçə gün bu aləmlə yaşadım. Sevindim ki, bizim belə mənəvi çıraqlarımız, ağsaqqallarımız var. Bu xalqa böyük bir qüdrətdir, ilhamdır, qüvvədir ki, sənin belə ağsaqqalların var».

Muzeydə yuxarıda qeyd etdiyim söz ustalarının səs yazıları da qayğı ilə qorunur.

Bu barədə gələn yazılarımızda...

 

 

Adilxan Bayramov

 

Mədəniyyət.- 2010.- 29 dekabr.- S. 15.