Yorulmaz alim, cəfakeş
yazıçı:
Əzizə Cəfərzadə
XX əsr Azərbaycan ədəbiyyatında
özünəməxsus yeri olan görkəmli
yazıçılardan biri də Əzizə Cəfərzadədir.
O, həm yazıçı, həm də alim - folklor və ədəbiyyat
tariximizin yorulmaz tədqiqatçısı idi.
Əzizə
Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakıda anadan
olub. İkiillik Müəllimlər İnstitutunu, sonra isə
ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsini bitirib.
Ədəbi yaradıcılığa gənc
yaşlarında başlayıb. Maraqlı əsərləri
ilə tariximizin müxtəlif
mərhələlərinin bədii mənzərələrini
yaradıb. Eyni zamanda müasir gəncliyin həyatından bəhs
edən povest və hekayələr də yazıb. "Əzrayıl"
adlı ilk hekayəsi
1937-ci ildə "Ədəbiyyat" qəzetində dərc
edilib. Əsərləri
əsasən tarixi roman janrındadır. S.Ə.Şirvaniyə həsr
olunmuş "Aləmdə
səsim var mənim",
Nişat Şirvanidən bəhs edən
"Vətənə qayıt", M.Ə.Sabirlə
A.Səhhətin dostluğundan danışan "Yad et məni" romanlarından ibarət trilogiyanın, "Natəvan
haqqında hekayələr", "Ağlar-güləyən
Sabir", "Bakı-1501", "Bir səsin faciəsi",
"Zərrintac-Tahirə", "İşığa doğru", "Rübabə-sultanım",
"Xəzərin göz yaşları"
kimi roman və povestləri əsl
sənət nümunələridir.
Onun tədqiqatçı
alim kimi təqdirəlayiq xidmətləri
də olub. "XIX əsr
Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri"
mövzusunda namizədlik, "XlX əsr Azərbaycan
poeziyasında xalq şeiri
üslubu" mövzusunda
doktorluq dissertasiyalarını
müdafiə edib. Bir
sıra aşıq və şairlərin əsərlərini
toplayıb çap etdirib:
"Fatma xanım Kəminə",
"Könül
çırpıntıları", iki cilddən
ibarət "Azərbaycanın aşıq və şair qadınları",
"Şirvanın üç şairi", Abdulla
Padarlının "Seçilmiş əsərləri" və
s. O, folklorumuzun vurğunu olub.
"Bayatı düşüncələrim",
"Xızır Nəbi", "Novruz"
və başqa Azərbaycan
adət-ənənələri, etnoqrafiyası ilə
bağlı yazıları maraqla oxunur. 100-dən çox elmi məqalənin, bir neçə monoqrafiya və
dərsliyin müəllifidir.
Əzizə Cəfərzadə həm
də qayğıkeş bir müəllim ömrü
yaşayıb. 1942-1944-cü illərdə Ağsu
rayonundakı Çaparlı
kəndində müəllim işləyib. 1974-cü ildən
isə indiki Bakı Dövlət Universitetinin professoru vəzifəsində
çalışıb. Filologiya elminin sirlərini gənclərə
həvəslə öyrədib.
Dövlət
Televiziyasında "Klassik irsimizdən", "Aşıq
Pəri" və s. çoxsaylı proqramların müəllifi
və aparıcısı olub. Radioda
Cənubu Azərbaycan
redaksiyasında, "Ana" radio jurnalında uzun illər çalışıb və ədəbi irsimizi təbliğ edib. 1981-1989-cu illərdə Respublika
Qadınlar Şurasının
sədri vəzifəsində çalışıb. Azərbaycan
qadın və uşaqlarının hüquqlarının
qorunması sahəsində aktiv fəaliyyət göstərib. 2003-cü il sentyabrın 4-də vəfat
edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2010.- 29
dekabr.- S. 13.