“Ən böyük rəssam Yaradanın özüdür

 

Rəssam Rəşad Mehdiyevin sənət dünyası özünəməxsus, fərqli rənglidir...

 

...Onun sənət aləmi geniş, sirli və fəlsəfidir...

...Onun əsərləri duyğulu, düşündürücü və təsirlidir...

...Onun yaratdıqları çoxqatlı və bütövdür...

...Onun təsvirləri sənətkarlıq baxımından heyranedicidir...

 

Dövlət Rəssamlıq Akademiyasının baş müəllimi, Rəssamlar İttifaqının üzvü, incəsənət nəzəriyyəsi üzrə fəlsəfə doktoru Rəşad Mehdiyev yeganə azərbaycanlı rəssamdır ki, 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatında fərdi sərgisi keçirilib. BMT-nin tarixində bu fakt hələlik ilk sonuncu olaraq qalmaqdadır. Dünyanın bir çox ölkələrində fərdi sərgisi keçirilən, əsərləri böyük marağa səbəb olan rəssam Rəşad Mehdiyevlə ilayrıcında bir az sənətdən, bir az fəlsəfədən, bir az indidən və gələcəkdən danışdıq...

 

Sənət dairəsi

 

Gözünü açanda hər tərəfdə rəng gördü, elə bil dünyanın bütün rəngləri onun görüşünə gəlmişdi. Ağlı kəsəndə atasının sehrli fırçasına heyranlıqla tamaşa elədi. Məktəbə gedəndə siniflərinin rəssamı olub bütün uşaqların rəsm tapşırıqlarını o çəkdi. Günlərin birində ən yaxın sirdaşının fırça olduğunu anladı bu dostluq get-gedə möhkəmlənib ömürlük dostluğa çevrildi.

Atası Xalq rəssamı, professor Rafiq Mehdiyev sənət seçimini oğlunun ixtiyarına buraxdı. Rəşad da qəlbinin səsinə, ürəyinin istəyinə qulaq asıb, Tanrının verdiyini - rəssamlığı missiya kimi qəbul etdi.

- Mənim bir rəssam, ən əsası bir insan kimi yetişməyimdə atamın böyük rolu olub. O, həm mənim müəllimim , həm də həyatda mənəvi dayağım idi. Eyni zamanda atam mənə vizual sənətin incəliklərini, rəssamlıqda peşəkar düşüncə formalarını, incəsənət tarixinin faktorları təhlilini aşılayıb.

Haşiyə: Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunda, daha sonra Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 1991-ci ildə təhsilini Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində davam etdirib. 1996-cı ildən Rəssamlıq Akademiyasında baş müəllim kimi pedaqoji fəaliyyətə başlayıb.

 

Çərçivə içində çərçivədənkənar

 

Hansı mövzuda və hansı janrda olursa-olsun Rəşad öz düşündüklərini, öz duyduqlarını və öz gördüklərini çəkir. Daxilindəki sənətkar azadlığı, sənətə baxışı o qədər hüdudsuzdur ki, yaratdıqları, çəkdikləri hansısa çərçivədə olsa belə, çox vaxt çərçivəyə sığmır.

“Kətanın üstündə nə çəkirsənsə çək, təki professional olsun. Nəinki tamaşaçı, rəssam da öz içində çəkdiyinin sənət əsəri olduğuna inanmalıdır” - deyir Rəşad Mehdiyev.

O istənilən mövzuya öz baxışı, öz düşüncəsi ilə yanaşır, hər bir əsərini yeni formada tamaşaçılara təqdim edir və onları heyrətləndirməyi bacarır. Onun yaratdığı rəsmlər təkcə məşhurların şəxsi kolleksiyalarında deyil, dünyanın bir sıra muzeylərində də qorunub saxlanılır. Müxtəlif ölkələrdə - ABŞ, Rusiya, Türkiyə, Gürcüstan, İtaliya, Avstriya s. sərgiləri nümayiş olunan rəssamın Bakıda üç fərdi sərgisi keçirilib.

 

Sənətin öz qanunları var

 

- İnsanları hansı mövzular düşündürürsə, onlar mənim üçün də maraqlıdır. Sənət adamlarını isə daha çox bəşəri mövzular düşündürür. Baxır, o mövzuya kim necə münasibət göstərir, necə yanaşır, o aləmi necə görür. Sənətin öz qanunları var, o qanunlar çərçivəsində sən o aləmə daxil olmalısan. Sənətə yeni baxış, yeni kolorit, yeni forma, özünəməxsusluq gətirirsənsə, tamaşaçı onu görüb qiymətləndirəcək. Sənətdə özünü təsdiqləyib uğurlar qazansa da, Rəşad Mehdiyev rəssamlığın çətin bir sahə olduğunu da deyir:

- Rəssam olmaq çox çətindir. Çünki rəsmi çəkmək azdır, onu yaratmaq lazımdır. Sən öz daxili aləmini hər gün inkişaf etdirməlisən, dünyagörüşünü, biliyini artırmalısan, dayansan, tükənəcəksən. Üstəlik bildiklərini kimə isə öyrətməli, ötürməlisən ki, o yenidən sənə qayıtsın. Çətin sahədir, həm də deyərdim ki, çox çətin həyat tərzidir.

Haşiyə: “1960-1980-ci illərdə Azərbaycan dəzgah qrafikasının inkişaf yolları” mövzusunda araşdırmalar aparan, sanballı elmi iş ortaya qoyan Rəşad Mehdiyev incəsənət nəzəriyyəsi üzrə fəlsəfə doktorudur.

- Atam Rafiq Mehdiyev də həmin dövr Azərbaycan qrafikasının bir nümayəndəsi idi. Baxmayaraq ki, onun yağlı boya ilə işlədiyi əsərləri çoxdur, - deyən gənc rəssam da atası kimi bildiklərini və öyrəndiklərini sevə-sevə tələbələrinə öyrədir. Dölətiin mədəniyyətimizə və incəsənətimizə göstərdiyi qayğıdan, diqqətdən də ürəkdolusu danışır.

Əsərlərinə ad qoymağı sevməsə də, “Sufi”, “Dairə”, “Leyla”, “Vaqif Gərayzadə”, “Tərəzi”, “Ağac”, “İlanlarla rəqs” kimi əsərlərinin adı ilə mövzusu bir-birini bitkin şəkildə tamamlayır.

Yaradıcılığında simvollara geniş yer verən rəssam deyir ki, bu sənətdə simvollar çox şeyi ifadə edir.

Yola salmağa hazırlaşdığımız 2010-cu ili yaradıcılığında uğurlu il adlandıran Rəşad Mehdiyev ilboyu çalışdığını deyir. Ola bilsin ki, kimsə bir il, beş il, on il əsərlərini təqdim etməsin, amma on ildən sonra elə əsərlər təqdim etməlidir ki, mədəniyyətimizin inkişafına öz töhfəsini versin. Fikrim var ki, aprel ayında Bakıda fərdi sərgimi keçirim. Necə alınacaq, bunu bəri başdan deyə bilmərəm, ancaq belə bir planım var”.

Sənətdə istədiyinə nail olduqca, xoşbəxtlik hissləri keçirən sadə, istedadlı, təvazökar rəssam Rəşad Mehdiyev söhbətimizin sonunda “Ən böyük rəssam Yaradanın özüdür”, - deyərək yuxarı baxdı... Göylər həmişəki kimi sakit idi...

 

 

Təranə Vahid

 

Mədəniyyət.- 2010.- 29 dekabr.- S. 9.