“Qələbə
ayini” qədim tariximizdən bəhs edir
Dekabrın 27-də Milli Azərbaycan
Tarixi Muzeyində bu muzeyin, Rəssamlar İttifaqının və
Bakı Rəsm Qalereyasının birgə təşkilatçılığı
ilə tanınmış fırça ustası Vüqar Həziyevin
“Qələbə ayini” əsərinin təqdimatına həsr
olunmuş “Bir rəsmin sərgisi” adlı tədbir
keçirildi.
Tədbirdə
çıxış edən Bakı Rəsm
Qalereyasının müdiri Eldəniz Babayev bildirdi ki, rəssamın
beşillik zəhmətinin bəhrəsi olan, tarixi janrda
işlənmiş əsər milli dövlətçiliyimizi
və qədim köklərimizi əks etdirir. Əsər
böyük ölçüsü, mürəkkəb
kompozisiyası ilə seçilir və eramızdan əvvəl
VII-VI əsrdə Azərbaycanın qədim Manna, Midiya kimi
möhtəşəm dövlətlərini idarə etmiş
Kiaksara həsr edilib. Əsərdə assuriyalılara qalib gəlmiş
Kiaksarın qələbəsi şərəfinə
keçirilən yığıncaq təsvir olunub. Tabloda 29-dək
kişi təsvirlərinin hər birinin üz cizgilərinin dəqiq
və zərif işlənməsi, daxili hissiyyatının təsviri
rəssamın portret janrında yüksək məharətindən
xəbər verir.
Rəssamlar
İttifaqının katibi, Xalq rəssamı Ağaəli
İbrahimov, muzeyin əməkdaşı, Əməkdar elm
xadimi Gülşən Hacıyeva, AMEA-nın müxbir
üzvü, professor İlyas Babayev, Mədəniyyət və
İncəsənət Universitetinin prorektoru, professor Rafiq
Sadıqov, sənətşünas Ziyadxan Əliyev və digər
çıxış edənlər orijinal kompozisiya həlli,
rəng və harmoniyanın vəhdəti ilə diqqəti cəlb
edən əsərin məziyyətlərindən
danışdılar, süjetin mürəkkəbliyinə
baxmayaraq, kompozisiya tamlığı ilə fərqləndiyini
qeyd etdilər. Natiqlər uzun illər rəssamlarımızı
düşündürən bu tarixi mövzunun nəhayət
ki, bədii təcəssümünün tapmasını
yüksək qiymətləndirdilər.
Rəssam
V.Həziyev sənətinə göstərilən hörmət
və ehtirama görə tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirdi, yaradıcılıq planlarından danışdı.
Mədəniyyət.- 2010.-29
dekabr.- S. 8.