Mədəniyyət
və Turizm Nazirliyinin
kollegiya iclası keçirildi
Nazir Əbülfəs Qarayev 2010-cu
ilin yekunları barədə fikirlərini jurnalistlərlə
bölüşdü
Dekabrın 27-də Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və
Turizm Nazirliyinin 2010-cu ilin yekunlarına həsr olunmuş
kollegiya iclası keçirildi.
İclasdan
əvvəl mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev jurnalistlərə açıqlamasında ilin
mühüm yekunları barədə fikirlərini bildirdi:
«Başa vurduğumuz il çox uğurlu oldu. Azərbaycanda
çox vacib beynəlxalq və respublika miqyaslı hadisələr
baş verdi. Mədəniyyət sahəsində böyük
nailiyyətlər əldə etdik. İl ərzində Azərbaycanda
mədəniyyət sahəsində 150 dövlət əhəmiyyətli
tədbir keçirildi. İncəsənət nümayəndələrimiz
nəinki Azərbaycanda, eyni zamanda bütün dünya ölkələrində
keçirilən mühüm tədbirlərdə fəal
iştirak edərək ölkəmizi layiqincə təmsil
etdilər. Respublika daxilində də uğurlu layihələr
reallaşdırıldı. Kitabxana şəbəkəsi təkmilləşdirildi,
muzey, teatr işinin maddi-texniki bazası möhkəmləndi.
Bu il
Azərbaycanda turizmin inkişafına dair yeni Dövlət
Proqramı qəbul edildi. Bu, bizi sevindirməyə bilməz.
Bütün bunların əsasında isə dövlətin,
şəxsən ölkə prezidentinin Azərbaycan mədəniyyətinə
və turizmin inkişafına göstərdiyi diqqət və
qayğı durur. Amma həmişə olduğu kimi, biz daha
böyük zirvələrə üzümüzü tuturuq. Gələn
il bizim üçün olduqca məsuliyyətli bir il olacaq.
Aprel ayında ilk dəfə olaraq Azərbaycan paytaxtında mədəniyyətlərarası
dialoqa həsr olunan beynəlxalq forum keçiriləcək. Bu
foruma nəinki Avropa və İslam dünyası, bütün
qitələrin nümayəndələri qatılacaqlar. Forum
bu sahədə Azərbaycanın yeni bir imicinin
formalaşması üçün mühüm
başlanğıc olacaq və yeni layihələrə təkan
verəcək».
İslahatlar
Azərbaycan teatrının gələcəyi naminə
aparılır
Nazir jurnalistlərin
suallarını da cavablandırdı. Azərbaycanda teatr sahəsində aparılan islahatlardan danışan Əbülfəs
Qarayev bildirdi ki, islahatların nəticəsini tezliklə
görmək mümkün
deyil: «Bu islahatlar bu günün deyil, Azərbaycan teatrının gələcəyi
naminədir. İslahatların nəticəsini başladığı
ildən gözləmək
düzgün deyil.
İslahat elə ona yönəlib ki, tədricən - bir, iki, üç
il müddətində
teatr özünə yeni bir qüvvə
tapsın, yeni axına düşsün və axın onu daha yüksək
səviyyəyə gətirib
çıxarsın. Bütün islahatların
məqsədi bundan ibarətdir».
Ə.Qarayev
Gənc Tamaşaçılar və Rus Dram teatrlarında
aparılan və uğurla başa çatan islahatları buna
misal gətirdi: «Gənc Tamaşaçılar Teatrında da
islahatlara başlayanda çox danışdılar ki, kollektivlər
birləşdi-ayrıldı, bu necə olacaq və s. Halbuki bu
gün həmin teatr dolğun sənət həyatı
yaşayır. Yaxşı əsərlər qoyulur, beynəlxalq tədbirlər
keçirilir, teatrın
kollektivi müxtəlif
tədbirlərdə iştirak
edir, bütün bunların hamısı islahatların nəticəsidir. Eləcə də
Dövlət Rus Dram Teatrında həyata keçirilmiş islahatlar
uğurla nəticələndi.
Həmin teatrda da islahatlar aparıldı,
yeniliklər həyata
keçirildi və bu gün çox
gözəl iş sistemi qurulub. Yeni tamaşalar qoyulur, xaricdən rejissorlar dəvət edilir. İslahatın real nəticəsi budur. Ölkə başçısının təsdiq
etdiyi Dövlət Proqramına uyğun olaraq bu il ilk dəfə ölkəmizdə keçirilən
beynəlxalq teatr konfransı artıq növbəti ildə də müxtəlif beynəlxalq səviyyəli
tədbirlərin və
layihələrin həyata
keçirilməsinə təkan
verəcək. Bu da teatrımızın beynəlxalq səviyyəyə
çıxması istiqamətində
atılan addımlardandır.
Əgər teatr sahəsində
islahatlar aparırıqsa,
deməli, bu, uzunmüddətli, növbəti
mərhələlərdə öz nəticəsini verə biləcək islahatlardır».
Azərbaycan
turizmi sürətlə inkişaf edir
Şahdağ
Qış-Yay Turizm Kompleksi barədə danışan nazir
bildirdi ki, kompleksin tikintisi davam edir: «Bu qışın sonuna qədər
artıq süni qarlaşdırma sisteminin tamamlanması nəzərdə
tutulur. Yay müddətində
isə biz artıq ilk
mehmanxananı istifadəyə
verməyə hazır
olacağıq. Eksperiment olaraq bu il ümumi vəziyyətə baxacağıq.
Amma gələn qış üçün artıq
ilk turistlər orada öz vaxtlarını keçirə biləcəklər.
Bu, “Şahdağ” Qış-Yay Turizm Kompleksi tikintisi ilə bağlı həyata keçirilən
layihənin ilk mərhələsidir.
Ümumilikdə 10 il üçün nəzərdə tutulan bir layihədir. Dövlətin üzərinə
düşən pay artıq
yarıya qədər
tamamlanıb».
Ə.Qarayev
il ərzində turizm sahəsində ən mühüm hadisə
kimi ölkə prezidenti tərəfindən turizmin
inkişafı ilə bağlı Dövlət
Proqramının imzalanmasını qeyd etdi: «Bununla
yanaşı, dövlət başçısının aprel
ayında Bakıda keçirilən beynəlxalq turizm sərgisini
və birinci dəfə təşkil olunan daxili turizm sərgisini
ziyarət etməsi mühüm hadisə idi. Bu tədbirlər
növbəti illərdə Azərbaycanın turizm sənayesinin
inkişafına bir təkan verəcək».
Nazir
2010-cu il ərzində Azərbaycana gələn turistlərlə
bağlı da məlumat verdi. Bildirdi ki, Azərbaycan turizmi son üç il
ərzində çox
davamlı və böyük sürətlə
inkişaf edir: «Sözsüz ki, ildən-ilə fərqlər
olur. Amma əsas odur
ki, nəzərdə tutduğumuz inkişaf tempindən geri qalmırıq».
İşğal
altındakı ərazilərdə olan abidələrə
dair hesabat hazırlanıb
Nazir
Azərbaycanın işğal altındakı ərazilərində
olan abidələrlə bağlı danışaraq bildirdi ki,
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu
abidələrin hesabatı hazırlanıb və beynəlxalq
təşkilatlara təqdim edilib. Onun sözlərinə
görə, bu məsələ daima prioritet istiqamət kimi gündəmdədir:
«Bütün beynəlxalq
tədbirlərdə Azərbaycanın
işğal altında
olan torpaqlarında nəinki İslam mədəniyyətinə, bütün
bəşər mədəniyyətinə
aid olan tarixi abidələrin qorunması,
onların məhv edilməsinin qarşısının
alınması ilə
bağlı məsələ
gündəmdə olur.
Biz bu istiqamətdə
daima işləyirik.
Hesab edirəm ki, sonuncu gözəl bir nümunə Keniyada keçirilən
UNESCO-nun Qeyri Maddi-Mədəni
İrs Komitəsinin iclasında Azərbaycanın
mövqeyinin qəbul olunmasıdır».
“Euronews” Bakı Caz Festivalını ilin hadisələri sırasına daxil edib
Nazir
bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan
Mədəniyyət Fondu və “Sweet production”un təşkilatçılığı
ilə bu ilin oktyabrında keçirilən Bakı Beynəlxalq
Caz Festivalı Avropanın ən mühüm mədəniyyət
hadisələri sırasına daxil edilib. Onun sözlərinə görə,
bu statistika “Euronews” kanalı tərəfindən aparılıb
və Bakı Caz Festivalı siyahıda yaddaqalan tədbirlər sırasında
yer alıb. Əbülfəs Qarayev bu faktı
Azərbaycan mədəniyyəti
üçün çox
böyük hadisə
kimi dəyərləndirdi.
Fəxri
adlara layiq görülmüş mədəniyyət
adamlarına vəsiqələr təqdim edildi
Kollegiya
iclasında nazir Əbülfəs Qarayev il ərzində
prezident İlham Əliyevin sərəncamları ilə fəxri
adlara layiq görülmüş mədəniyyət
işçilərinə bu yüksək təltiflərin
orden, medal və vəsiqələrini təqdim etdi. Qeyd edək
ki, Mədəniyyət və Turizm Nazirliyinin Ümumi
şöbəsinin müdir müavini Şərqiyyə
Hüseynova 3-cü dərəcəli “Vətənə xidmətə
görə” ordeni ilə, Mədəniyyət və Turizm
Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin
müdiri Fikrət Babayev isə “Dövlət qulluğunda fərqlənməyə
görə” medalı ilə təltif olunub.
Sonra
nazir Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ildə
gördüyü işlərlə bağlı hesabatı təqdim
etdi.
Hesabatın
təqdimatından sonra Azərbaycanda fəaliyyət göstərən
bir sıra mədəniyyət və turizm obyektlərinin rəhbərləri
çıxış etdilər.
Dövlət
Gənc Tamaşaçılar Teatrının direktoru
Mübariz Həmidov, M.F.Axundzadə adına Azərbaycan Milli
Kitabxanasının direktoru Kərim Tahirov, «Bakı Tur» turizm
şirkətinin rəhbəri Fayis Məmmədov, Bakı
Şəhər Mədəniyyət və Turizm İdarəsinin
rəisi Əlikram Əliyev, Lənkəran Dövlət Dram
Teatrının direktoru İslam Həsənov öz
çıxışlarında rəhbərlik etdikləri
müəssisələrin fəaliyyəti ilə bağlı
qısa məlumat verdilər, eyni zamanda görüləcək
işlərdən danışdılar.
Tədbirin
sonunda Əbülfəs Qarayev Azərbaycanın mədəniyyət
və turizm sahəsində çalışan bütün
insanları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il bayramı münasibətilə təbrik
etdi, onlara işlərində uğurlar arzuladı.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2010.- 29
dekabr.- S. 3.