Yaz, ürək deyəni,
könül deyəni
Müsahibimiz xalq şairi Zəlimxan Yaqubdu
Klassik möhür almış ədəbiyyat heç
vaxt köhnəlmir
- Zəlimxan müəllim, sizi 60 illik yubileyiniz və «Şərəf» ordeni almağınız münasibətilə təbrik edirik.
- Sağ olun! Azərbaycan dövlətinə, prezident İlham Əliyev cənablarına minnətdaram.
- Bunun ardınca belə bir suala münasibətinizi öyrənmək istərdik. Azərbaycanın xalq şairi və digər fəxri adlara layiq görülmüş şəxs kimi fəxri adların verilməsinə necə baxırsınız? Belə ki, cəmiyyətdə fəxri adların verilməsinə münasibət birmənalı deyil. Bəziləri deyir ki, fəxri adların verilməsi vacibdir, bir çoxları isə buna ehtiyac olmadığını iddia edirlər.
- Bu məsələyə bir qədər geniş yanaşsaq, yaxşı olar. Fəxri adlara ciddi münasibət bəsləməliyik. Qoy bunu oxucular da bilsin. Bir dəfə ulu öndərimiz Heydər Əliyevin yanında bu məsələ çox ciddi şəkildə müzakirə olunurdu. Yazıçılardan Anar, Elçin və mən də həmin müzakirədə iştirak edirdik. Etiraf edim ki, Anar, Elçin və mən fəxri adların verilməsinin əleyhinə olduq. Hətta Anar belə bir fikir də işlətdi ki, cənab prezident, mənə fəxri adların verilməsinin əleyhinə çıxmağımı bəzi yoldaşlar nöqsan tuturlar. Həmin şəxslər mənə irad tuturlar ki, mən bütün fəxri adları alandan sonra indi onun verilməsinin əleyhinə çıxıram. Anar bildirdi ki, fəxri adların verilməsi dedi-qodu yaradır. Heydər Əliyev hamımızı dinlədikdən sonra bildirdi ki, biz müstəqil dövlətik. Müstəqil dövlətin atributları - himni, gerbi, bayrağı var. Onda bizim fəxri adlarımız da olmalıdır. Əgər bu fəxri adlar olmasa, biz istedadlı və bacarıqlı adamları nə cür fərqləndirəcəyik. Axı bu insanların zəhmətinə verilən qiymətdir. Yaradıcı insanlara qarşı göstərilən diqqətdir. Yazıçı biləndə ki, onun əsərinə, fəaliyyətinə qiymət verirlər, daha da gözəl yazır. Fəxri adlar və mükafatlar vacibdir, o qalmalıdır.
İnsan daim qayğıya möhtacdır. Sənətkar başını aşağı salıb işini görməlidir. Çəkilən zəhmət itmir.
- Əvvəllər də belə fikirlər səslənirdi, indi isə bir qədər də güclənib. Mətbuatda, ədəbi söhbətlərin getdiyi məqamlarda tez-tez vurğulanır ki, klassik şeirin dövrü keçib, onun auditoriyası daralıb. Bu, həqiqətənmi belədi?
- Bu fikir kökündən yanlışdır. O ədəbiyyat ki, klassik möhürünü alıb, o heç vaxt köhnələ bilməz. O artıq məktəbdir, o artıq ənənədir, o artıq min illərə söykənən müqəddəs dayaqlardan, sarsılmaz qaynaqlardan mayalanan sözün cövhəridi. Zəngin ədəbiyyatı yaradan dahilərin hamısının adları həmin klassik ədəbiyyatla bağlıdı. Heç vaxt, heç zaman klassik ədəbiyyat köhnələ bilməz.
- Bu məqamda onu da etiraf edək ki, dünya ədəbiyyatına Nizami Gəncəvidən üzü bəri Səməd Vurğuna kimi məhz klassik şeirlə çıxmışıq, başqa cür desək, dünya xalqları bizi elə klassik şeirlə tanıyıblar.
- Bəli, bu həqiqətdir. Həm də o mənada ki, Azərbaycan xalqını dünyaya tanıdan nə onun neftidir, nə onun təbii sərvətləri. Birinci növbədə yaratdığı uca sözüdür. O sözün başında ki, Nizaminin peyğəmbərliyi, Füzulinin məcnunluğu, Xətainin şahlığı, sərkərdəliyi, Ələsgərin müdrikliyi, Səməd Vurğunun fikir romantikası, Sabirin təpəri, Mirzə Cəlilin yanğısı dayanıb, o ədəbiyyat heç vaxt köhnəlməyəcək, zaman-zaman nəsillər dəyişəcək, ancaq o ədəbiyyat təzə və təravətli qalacaq.
- Məzmunla formanın vəhdəti əbədidir. Hər bir mövzunun özünəməxsus forması olmalıdır. Yaşadığımız günlərdə çağdaş mövzuları, müasir mündəricəni klassik şeir formasında vermək nə dərəcədə uyarlıdı?
- Çox yüksək səviyyədə ifadə etmək mümkündü. Səməd Vurğun deyir:
Məhdud ömür eylədik bu aləmdə biz,
Şahid atalardı, bir də analar.
Ballı pətəklərə bənzər beynimiz,
İçində boş qalıb bir
çox şanalar.
O içi boş qalmış şanaları
doldurmağa qadir olan Azərbaycan ədəbiyyatının
gücü, potensial imkanı, romantik vüsəti,
çağlar kökü var. Ona görə də hansı
forma olur-olsun, hər şeyi istedad həll edir. Burada
söhbət nə əruzdan, nə hecadan, nə sərbəstdən
getmir. Hər şey əsəri yaradan
şairin istedadından asılıdı. Füzuli
də böyükdü, Ələsgər də, Nazim Hikmət
də, Pablo Neruda da, Rəsul Rza da. Diqqət
etdinizsə, sərbəst formada yazanları da deyirəm,
klassik formada yazanları da. Janr hələ
hər şey deyil. Bütün bədii
formalar gözəldi. Formanı istedad
gözəlləşdirir və yüksəldir. Bəxtiyar
Vahabzadənin belə bir şeiri var:
Təzə yol deyib də qışqırmayın siz,
Sənət aləmində yol birmi,
yüzmü?!
Əsl sənətkarı yolsuz, cığırsız,
Heç gördünüzmü?!
Yaz ürək deyəni, könül deyəni,
Yol özü dolanıb tapacaq səni.
Levə nə deyirsən, o qoca loğman
Özgə bulağından qətrə
içmədi.
Fövqəlbəşər oldu, ancaq heç zaman
Mujik paltarını o dəyişmədi.
Tolstoy gözəl geyinəndə də
Tolstoydu, mujik paltarında olanda da. Forma əsas
deyil, əsas məzmundu. Sərbəstdə
elə möhtəşəm abidələr var ki, dünya səcdə
edir. Hecada və əruzda elə əsərlər
yazılıb ki, bu gün də sevilə-sevilə oxunur.
Hər bir janrın yetişdirdiyi böyük
klassiklər var.
Mən Azərbaycan
şairiyəm, mən yapon şairi kimi yazmaq istəmirəm
- Zəlimxan müəllim, artıq çağdaş ədəbi
nəsil klassik formanı bəyənmir, yeni formalara daha
çox maraq göstərirlər. Gənc yazarlar
məzmundan çox, formanın aludəçisinə
çevriliblər. Onlar ən dəyərli
əsərin klassik formada olmasını qəbul etmir, ancaq
yeni formada yazılmış ən aşağı səviyyəli
əsəri, nədənsə, yüksək qiymətləndirirlər.
- Mən gənc yazarların
yaradıcılığını izləyirəm. Onlarla çox isti bir münasibətim var. Birdən
elə olur ki, mənim yanıma iyirmi nəfər gənc
şair birdən gəlir. Onların içərisində
çox istedadlı, milli kökə, milli şüura, milli təfəkkürə
bağlı, eyni zamanda bəşəri mahiyyət kəsb edən
düşüncəyə yiyələnmiş, bir neçə
xarici dil bilən istedadlı gənclər var. Öz milli adət-ənənəsini
bəyənməyən, klassik ədəbiyyata yuxarıdan
aşağı baxan, aşıq poeziyasına, folklora, divan ədəbiyyatına
köhnəlib deyən adamların özləri köhnəlib,
hissləri köhnəlib. Çünki onlar
güman edirlər ki, paltarla dünya gözəlləşir.
Əslində paltar formadı, məzmun ürəkdi.
Mən Zəlimxan Yaqub min cür forma geyinə
bilərəm, paltarımı dəyişə bilərəm,
ancaq fikrimi, idealımı, mündəricəmi dəyişə
bilmərəm, dəyişsəm, özüm olmaram. Məna, məzmun əbədi olduğundan ona sədaqətli
olmalısan. Bütün dünya şairlərinin
tərcümeyi-halına, yaradıcılığına diqqət
yetirsək, araşdırsaq, görərik ki, ən
böyük şairlər ən milli olanı, kökünə-soyuna
sadiq qalandı. Füzuli kimi, Puşkin
kimi, Dante kimi, Şekspir kimi, Homer kimi. Hər
şair öz xalqının içindən çıxanda
böyük olur. Məsələn, Danteyə
qədər italyanların danışdığı dili
çoban dili hesab edirmişlər. Ancaq
Dante «İlahi komediya» əsəri ilə italyan dilində
möhtəşəm bir abidə ucaltdı. Dahi şəxsiyyətlər ədəbiyyatın da
taleyini həll edir, millətin də. Hətta
deyərdim ki, dahilər forma və məzmunun da taleyinə
imza atırlar. Bütün dövrlərdə
gənclərin inkarçılıq meyillərinə rast gəlinir.
Ancaq onu da unutmayaq ki, bu inkarçılıq
bütün gənclərə xas olan xarakter deyil.
- Məlum səbəbdən keçmiş bizdən
asılı deyil. Ancaq gələcək müəyyən
mənada bugünkü gənclikdən asılıdı.
Bu baxımdan çağdaş ədəbi nəsil
ədəbiyyatımızın gələcəyinə
cavabdehdirlər. Çağdaş yazarlar
hansı ədəbi təmayül - ənənəvi yola,
yoxsa modernizmə meyillənməlidirlər?
- Bütün dövrlərdə modernizm
axtarışdı, müxtəlif cərəyanlardı,
eksperimentlərdi, təcrübələrdi. Bunlar heç vaxt
oturuşmuş ədəbiyyat ola bilmirlər.
Bu təmayülün tərəfdarları
modern, modern deyib hara qədər gedəcəklər? Mən Azərbaycan şairiyəm, mən yapon kimi
yazmaq istəmirəm, mən Çin şairi kimi yazmaq istəmirəm.
Mən Azərbaycan şairi kimi yazmaq istəyirəm.
Yapon yapon kimi, çin çin kimi gözəl
yaza bilər. Mənim bayatım başqa,
yaponun haykusu başqa şeydi.
Şərq deyilən bir məfhum var. Şərqin
yetişdirdiyi klassikləri göz önünə gətirdikdə
adam dəhşətə gəlir. Şərqdə
inkaredilməz bir qədimlik, sözün neçə minillik ənənəsi
var. Deyirlər ki, qoca adam daha müdrik
olur. Şərq qocadı, onun poeziyası da
müdrikdi. Şərqin fikri,
düşüncəsi, idrakı da müdrikdi. Onu da unutmayaq ki, bizdən öyrənirlər. Bu günün özündə də Qərb Şərqi
öyrənir. Amerika ədəbiyyatının
üç yüz illik, Azərbaycan ədəbiyyatının
isə üçminillik yaşı var. Bu rəqəm
çox şeydən xəbər verir. Ona
görə də parıltı, hay-küy dalınca
qaçmaq heç vaxt fayda gətirmir. Böyük
ədəbiyyatın yaranması böyük zəhmətdən
keçir. Bu baxımdan modernizmlə
klassikanı yanaşı qoysaq, müqayisə etsək,
klassikanın çəkisi daha ağır gələcək.
Kimlərisə inkar etməklə ədəbiyyatda
qalmaq olmaz
- Zəlimxan müəllim, o da var ki, qloballaşma əsrində
yaşayırıq. Yaşadığımız
zamanda ədəbiyyat xüsusi missiyanın
daşıyıcısına çevrilib. Son illərdə dünya ədəbiyyatında ciddi
forma və məzmun dəyişikliyi gedir. Bu yeniliklər
az da olsa bizim ədəbiyyata da təsir
göstərir. Gənc ədəbi qüvvələr
öz potensialları daxilində yeniliklərdən
faydalanırlar. Gənc yazarların
yaradıcılıqları barədə fikirlərinizi bilmək
oxucular üçün maraqlı olardı. Ancaq gənc yazarlar içərisində
istedadlılarla yanaşı, ifrat inkarçılar da var.
- Böyük Nizami «Sirlər xəzinəsi»
poemasında buyurur:
Cavan ağac bağların gözəlidi, gözəli,
Qocaldımı, sındırar onu
bağbanın əli.
Bu, bir təbiət qanunudu. Təbiət qanunları əsasında da cəmiyyət
qanunları formalaşır. Gənclərin
inkarçılığını da bir az
təbii başa düşməliyik. İnkarçılığın
özünü də büsbütün rədd eləmək
insafsızlıqdı. Gənclik
havalıdı. Gənclik
cığaldı. Gənclik göylərlə
əlləşən, yuxarıdan aşağı baxandı.
Yaşlı nəsil müdrikdi, gəncliyin
keçib gəldiyi yolu çoxdan keçib gəlib.
Necə ki, Nizami deyib:
Təmkinli oturmağı etdiyi üçün dağ
peşə,
Mötəbərdi yerində
varlığı ilə həmişə.
Dənizə min çay axar, o yenə sakit durar,
Arxa bir çay gələndə
çalxanıb ləngər vurar.
Fikir aydındı, şərhə ehtiyac
yoxdu. Yenə təbiətə qayıdaq.
Yaz olanda dağların sinəsindən min bulaq
axır, payızda o minin doqquzu quruyur, yüzü qalır.
Ədəbiyyat da belədi. Gənclik
çağlaya-çağlaya gəlir, amma idmanda olduğu
kimi, finala bir-iki nəfər çıxa bilir. İnkarçı gəncliyin içərisində
kimlər ki, yaradıcılığını uzun müddətə
hesablayıb, onlar daha güclü və möhkəm
qaynaqlardan yapışırlar. İndiki gəncliyin
içərisində savadsız, tamam nihilist olan, nəinki
yaxşı ədəbiyyatı, hətta dədəsini də
danan üzdəniraq gənclər var. Onu da bilək ki, bu gənclərin
ədəbiyyata heç bir dəxli yoxdu. Onların
hamısı yellə gəlib, sellə gedəcəklər.
Kimlərisə inkar etməklə ədəbiyyatda
qalmaq mümkün deyil. Mən
özümü zaman-zaman xoşbəxt hesab etmişəm.
Ona görə ki, xarakterimdə, təbiətimdə
əsassız inkarçılıq yoxdu. Əksinə,
yaxşı nə varsa, qəbul etmişəm. Hansı şairin adını çəksəniz, mən
ondan ən azı bir şeir, bir poetik parça deməsəm,
adımın üstündən xətt çəkərəm.
Çünki mən ədəbiyyata
böyük bir tərbiyə - Aşıq Ələsgər tərbiyəsi,
Səməd Vurğun tərbiyəsi ilə gəlmişəm.
Şair baxışı
əbədiyyətə hesablanmalıdı
- Sənətkar gözlə görünəni, əllə
toxunulanı, yoxsa gözlə görünməyəndən, əllə
toxunulmayandan, başqa sözlə, ola
bilmişlərdən yox, ola biləcəklərdən
yazmalıdı?
- Hər ikisindən yazmaq məsləhətdi. Gözlə görünəni yazmaq da məsləhətdi,
görünməyəni də. Məsələn,
gözlə görünməyən Allahdı, gözlə
görünməyən sözün özüdü.
Şair olandan çox, olmayana can atmasa, o, əsl şair ola bilməz. Şair
baxışı yüz ilə, min ilə, əbədiyyətə
hesablanmalıdı. Masa arxasında əyləşib əlinə
qələm alan şəxs
özünü Tolstoya, Çingiz Aytmatova və başqa nəhənglərə
bərabər tutmaq qüdrətində deyilsə, ondan
böyük yazıçı çıxmayacaq. Mən öz əsərlərimi yazanda bu inamın,
bu gücün şahidi olmuşam. «Yunis İmrə»
dastanını, «Saz», «Ələsgər», «Peyğəmbər»,
«Əbədiyyət dastanı»nı yazanda dəstəmaz
almışam, dizimi yerə qoymuşam, ağlamışam,
Tanrıya dualar etmişəm, güc-qüvvət diləmişəm.
Sanki müharibəyə gedirəm, dahilərlə
döyüşə girirəm. Düşünmüşəm
ki, görəsən, ustadlar məni qəbul edəcəklərmi?!
Böyük əsərləri yazmaq
üçün böyük güc gərəkdi. Vaqif Səmədoğlu danışır ki, Səməd
Vurğun yazı masasının arxasına keçməmişdən
əvvəl səliqə-sahmanla geyinər, qalstukunu taxar, hətta
deputat nişanını belə döşünə vurar, kəmərini
möhkəm bağlayarmış. Deyirdim
ki, ay ata, sən evdəsən, niyə özünə əziyyət
verirsən, kəməri niyə elə möhkəm çəkirsən,
rahat otur da. Səməd Vurğun cavabında deyirmiş:
«Ay oğul, mən sözlərlə güləşə
çıxıram, belim bərk olmasa, söz məni
yıxacaq. Belimi ona görə möhkəm
çəkirəm ki, mən sözü yıxım».
100 şairdən 97-si fələyin
xərcinə gedib
- İlk şeir kitabınızın təəssüratlarını
bu gün necə xatırlayırsınız?
- Uzun illər mənim kitabım çap olunmadı. Mən kifayət qədər tanınırdım,
ancaq kitabımı nəşr etmirdilər. İlk kitabım otuz yaşımda nəşr olunub.
Həmin vaxt gənc şairlərin ilk kitabı
seriyasından nəşr olunan kitabları ləğv etdilər.
Hər kitabdan da bir şeir götürüb «Səhər
şəfəqləri» adlı bir almanax buraxdılar. Bu kitaba yüz nəfərin şeiri
salınmışdı. Orada şeirləri
dərc olunmuş yüz nəfərdən bu gün ədəbiyyatda
üçü qalıb, yüzünün doxsan yeddisi fələyin
xərcinə gedib. Kimin ki, kökü dərindədi,
sazın, muğamın üstündədi, palıd bitən
yerdədi, qayanın, dağın, təbiətin
qoynundadı, bax, onlar əbədi qalandı.
- Söhbət yaradıcılıq laboratoriyasından
düşmüşkən, yazı üsulunuz necədi,
günün hansı vaxtında əlinizə qələm
alırsınız?
- Şair hər dəqiqə, hər an
şairlik kökündə köklənməli və o
kökü nizamlı saxlamalıdı. Mən
sazı gözəl çalıram. Aşıq
kimi çalmıram, çox fərqli çalıram. Sazda belə bir sirr var. İki gün çalmayanda pərdələr
sənin sözünə baxmır, kökləmək istəyirsən,
kökə gəlmir, çalmaq istəyirsən,
barmaqların pərdəyə yatmır. Çünki
sən iki gün saza xəyanət etmisən. Sazı yaxşı bildiyim üçün
özümü də saz kimi saxlayıram, hər gün
mütaliə edirəm, hər gün təbimlə,
ilhamımla əlləşirəm. Mənim
yazı laboratoriyam belədir ki, gecələr fasiləsiz
mütaliə edir, ilhama gələndə isə yazıram.
Gündüzlər yazmıram, ancaq
müşahidə edirəm. Gündüz
xalqın, millətin, dövlətin oluram, tədbirlərdə,
görüşlərdə, kitab təqdimatlarında
iştirak edirəm. Gecələr isə
özümün oluram, bir mən, bir qələm, bir dəftər
və bir şam. Səfərləri, gəzib-dolaşmağı
da mən yazı laboratoriyamın tərkib hissəsinə
daxil edirəm. Ömrü boyu yaza-yaza gəzmişəm,
gəzə-gəzə yazmışam. Mən
sükuta yad bir adamam. Həmişə hərəkətdəyəm.
Şeir dəftərimdə nümunə
üçün bircə düzəlişə rast gəlməzsiniz.
Mən redaktəni içərimdə edirəm:
Desə quş olmalısan, dağlarına qonaram,
Desə daş olmalısan, yerimdəcə
donaram.
Desə köz olmalısan, köz-köz olub yanaram,
Mən bu məhəbbətimlə ömrü
ömür sanaram
Vətən ki, gözlərimin ağıdı,
qarasıdı,
Hələ bu harasıdı, hələ
bu harasıdı.
Türk xalqları ədəbiyyatında
Azərbaycan ədəbiyyatının yeri ucadı.
- Zəlimxan müəllim, siz də yəqin
razılaşarsınız ki, yazıçı, sənətkar
üçün ölkədə tanınmaq nə qədər
xoşbəxtlikdirsə, Vətənin sərhədlərindən
kənarda tanınmaq isə millət üçün
qürur mənbəyidi, şərəfdi. Bu mənada
bugünkü ədəbiyyatımızda kimlərin imzası
kənarda tanınır?
- Bu sırada Anarın, Elçinin, Əkrəm Əylislinin,
Çingiz Abdullayevin adlarını çəkərdim. Ədəbiyyatın dünyada tanınmasında ən
mühüm faktor dildir. Türk dilinin
yayılma arealından baxsaq, dilimizin imkanı nisbətən
yaxşıdır. Amma öz Azərbaycan
türkcəmizdən yanaşsaq, bu bir o qədər də
geniş deyil. İspan, ingilisdilli ədəbiyyatın
yayılma və təbliği imkanları daha genişdi.
Adıçəkilən dillərdə bir roman
ən azından bir milyon tirajla nəşr olunur. Azərbaycan ədəbiyyatının dünyada
tanınması üçün möhtərəm
prezidentimizin imzaladığı sərəncamlar əsasında
klassiklərimzin əsərləri yenidən çap edilib.
Bu da ədəbiyyatımızın
tanınmasına xidmət edən amillərdəndi.
- Türküstanı gəzib dolaşan, ümumən
türk ədəbiyyatına bələd olan bir yazar kimi Azərbaycan
ədəbiyyatının türk xalqları ədəbiyyatı
içərisində yerini, mövqeyini necə səciyyələndirərdiniz?
- Türk xalqları ədəbiyyatı içərisində
Azərbaycan ədəbiyyatı çox ucada dayanır. Amma bir məsələyə təəssüf edirəm.
Bunu Türkiyədə olanda görüşlərimdə,
çıxışlarımda da bəyan edirəm. Təəssüflər olsun ki, nə Türkiyə ədəbiyyatı
Azərbaycanda, nə də Azərbaycan ədəbiyyatı
Türkiyədə lazımi səviyyədə təbliğ
olunmur. Bu barədə Türkiyənin səlahiyyət
sahiblərinə, mədəniyyət nazirinə fikirlərimi
bildirmişəm. Azərbaycan ədəbiyyatının
bəzi nümunələri Türkiyədə oxunur. Amma bu çox pərakəndə şəkildədi.
İnanıram ki, yaxın vaxtlarda Azərbaycan ədəbiyyatı
Türkiyədə, türk ədəbiyyatı da Azərbaycanda
sistemli şəkildə nəşr edilərək geniş
oxucu kütləsinə çatdırılacaq.
- Çağdaş Azərbaycan ədəbiyyatının
ən böyük uğuru nəyi sayardınız?
- Çətin və düşündürücü
sualdı, çoxtərəfli və mübahisəli məsələdi.
Bugünkü ədəbiyyatımızın ən
böyük uğuru onun min illərdən gələn milli zəmin
üzərində sağ-salamat qalmasını sayardım.
Tam səmimi deyirəm ki, Azərbaycan ədəbiyyatı
İran, Türkiyə və digər qonşu xalqların ədəbiyyatından
güclüdü. Poeziyamız,
sözün həqiqi mənasında, daha möhtəşəmdi.
Sanballı əsərlərə
ciddi ehtiyac duyulur
- Çox güman ki, siz də Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bu
yaxınlarda müasir Azərbaycan elminin, təhsilinin və ədəbiyyatının
mövcud vəziyyətini kifayət qədər geniş təhlil
olunmuş analitik məqaləsi ilə tanışsınız.
Həmin məqalədə son 10 ildə Azərbaycan
nəşrində sanballı bir əsərin
yazılmadığı qeyd olunur. Siz bu
barədə nə deyərdiniz?
- Ramiz müəllimin bu fikrinə çox hörmətlə
yanaşılmalıdır. Ramiz Mehdiyev siyasi
xadim olmaqla bərabər, akademikdir. Ramiz
müəllim Azərbaycanın mənəvi imkanlarını
nəzərə alaraq bu fikri söyləyib. Doğrudan da, Azərbaycanda son dərəcə
sanballı əsərlərin yaranmasına ciddi ehtiyac duyulur.
Etiraf edək ki, bu gün böyük ədəbiyyatın
nümunələri ortalıqda yoxdu. Ramiz
müəllimin məqsədi, məramı böyük ədəbi
nümunəni ortada görməkdi. Bircə
anlıq ədəbiyyatımızın yaxın tarixində
yaranmış bir neçə əsəri xatırlasaq,
görərik ki, həqiqətən, son on ildə həmin əsərlərə
bərabər sayılacaq roman, povest yaranmayıb. Gəlin
etiraf edək ki, «Dəli Kür», «Məşhər»,
«İdeal», «Qətl günü» səviyyəsində əsərlər
son onillikdə araya-ərsəyə gəlməyib.
- Zəlimxan müəllim, mən suallarımı demək
olar ki, tamamladım. Soruşmadığım,
ancaq sizi narahat edən məsələ varsa, istərdim ki, onu
qəzetimiz vasitəsilə cəmiyyətə çatdırasınız.
- Qəzetinizin adı «Mədəniyyət»dir. Hər bir
yazıçı, şair, sənət adamı mədəniyyət
cəbhəsinin əsgəridi. Bu gün məni
həddindən artıq narahat edən, əhvalımı pozan
bir ciddi problem var. O da ruhumuzun işğal olunma təhlükəsidi.
Azərbaycan müstəqil dövlətdi,
qapılarını bütün dünyanın üzünə
açıb, hamı axışıb gəlir. Bu axınla Azərbaycan mənəviyyatına ciddi təhlükə
də gəlir. Bu güclü
axının milli-mənəvi ruhumuzu
sarsıdacağını qədərincə qiymətləndirmirik.
Televiziya kanallarında lazımsız və mənasız
şoular bizi məhv edir. Telekanallara alim təfəkkürü
çıxmalı, oradan aləmə ziyalı
işığı yayılmalı, mədəniyyət xadimlərinin
hər gün oradan səsi gəlməlidi. Mən o
gün «Ovqat» verilişində üzümü telekanallara tutub
dedim ki, gənc yazarları dəvət edin, onları dinləyin,
onları xalqa tanıdın.
Mən bəzən Bakını gəzəndə
çaşıram, elə bilirəm ki, bura Bakı deyil.
Dükan-bazarın reklamlarında o qədər əcnəbi
sözlərə rast gəlirsən ki, Bakıda olduğunu
unudursan. Buna görə də milli mənliyimizin
itməsi təhlükəsinə qarşı mübarizə
aparmalıyıq. Çox şükür
ki, dövlətimiz bu axına qarşı çox
ağıllı bir kurs götürüb. Dövlətimiz muğam musiqisini, folkloru,
aşıq musiqisini dirçəldir, milli bayramımız
olan Novruzu qaldırır. Yad təsirlərin
qarşısında yalnız min illərdən gələn bu
mənəvi dəyərlərlə duruş gətirmək
olar.
- Zəlimxan müəllim, maraqlı müsahibə
üçün çox sağ olun.
Xeybər GÖYYALLI
Mədəniyyət.-
2010.- 3 fevral.- S. 12.