Uzaqdakı səs
Əminə Fiqarova: «Klassik pianoçu olsam da, həmişə
cazı sevmişəm»
- Əminə xanım, uzun
illərdir Hollandiyada yaşayırsınız. O vaxtlar xaricə
getmək, təhsil almaq o qədər də asan deyildi...
- Musiqi dünyasına
klassik pianoçu kimi daxil olmuşam. Konservatoriyada təhsil
aldığım illərdə Moskvaya tez-tez gedirdim. Öz əsərlərimlə
müxtəlif musiqi festivallarında iştirak edirdim. Rafiq
Babayevin orkestrinin ifa etdiyi «Hələ dünən» adlı əsərim
bəstəkarların ümumittifaq müsabiqəsinin birinci
mükafatına layiq görüldü. Bundan sonra məni
SSRİ Bəstəkarlar İttifaqına üzv qəbul etdilər.
Moskvanın beynəlxalq radiosu bir saatlıq proqram
hazırladı və bu, mənim həyatımın
dönüş nöqtəsi oldu. Sonra Hollandiyaya dəvət
etdilər. Müxtəlif şəhərlərdə konsertlərim
oldu. Və Hollandiyanın iki konservatoriyasından bəstəkarlıq
fakültəsində təhsil almaq üçün təklif
gəldi, mən Rotterdam konservatoriyasını seçdim.
- Yəqin ki, ilk vaxtlar çətinlikləriniz də oldu?
- Məni bəstəkarlıq
fakültəsinə qəbul etdilər. Bu, ürəyimcə
deyildi. Klassik pianoçu olsam da, həmişə cazı
sevmişəm. Xoşbəxtlikdən təhsilə
başladığım vaxtlar müəllimim cazla
klassikanın sintezini yaradan gözəl musiqiçi, pedaqoq Rob
Van Kreyfild oldu. Bununla da musiqi yaradıcılığımda
yeni caz səhifəsi açıldı. Bir il sonra Rotterdam
konservatoriyası ilə Amerikanın Boston şəhərindəki
məşhur Berkli Caz Məktəbi arasında tələbə
mübadiləsi ilə bağlı müqavilə
imzalandı. Birinci iki nəfər seçildi - onlardan biri mən
oldum, digəri isə belçikalı Bart Platto.
- Sizin həyat
yoldaşınız?
- Bəli. Bart Brüsseldə
doğulub. Uşaqlıqdan fleytaya marağı olub. Brüssel
konservatoriyasında klassik musiqi və klassik zərb alətləri
üzrə təhsil alıb. O da cazı çox sevib.
Dostları ilə bir qrup da yaratmışdılar. O vaxtlar
Brüsseldə yay caz kursları vardı və orda
amerikalı caz ulduzları dərs deyirdilər.
Bart bu kursu da bitirdikdən
sonra caz üzrə təhsilini davam etdirmək
üçün Hollandiyaya gəldi və məni orada
tapdı. Birlikdə Bostona getdik. Musiqidən başqa - həyata,
dünyaya baxışlarımız da eyniydi. Ona görə də
Rotterdama qayıdan kimi ailə qurduq. İyirmi ildir bir yerdəyik.
- İlk musiqi qrupunu nə
vaxt yaratdınız?
- Bostondan qayıdan kimi yeddi
nəfərlik bir qrup yaratdıq. Bütün musiqiləri
özüm yazırdım. Yoldaşım deyirdi ki, az bəstəkarlar
fleyta üçün belə maraqlı əsərlər
yazır. İşə çox fəal başladıq. Əvvəlcə
ölkə daxilində konsertlərimiz oldu, sonra xarici ölkələrə
səfərlərimiz başladı. Bart həm də qrupumuzun
meneceridir. Əlbəttə, başqa musiqiçilərin layihələrində
də iştirak edir. Məsələn, SALSA layihəsindəki
menecmentlik işi onun həyatında böyük rol oynadı.
Dünyada caz menecerləri azdır və onları hamı
tanıyır. Bu yaxınlarda Amerikanın caz jurnalı «Down
Beat» Bartın menecmentlik işini çox yüksək qiymətləndirmişdir.
Belə bir jurnalın Amerikadan olmayan bir menecer və
musiqiçini qiymətləndirməsi əlbəttə,
böyük uğurdur.
- Səfərlərdə
tez-tez olursuz?
- Bu, bizim həyat tərzimizdir.
Ayda 2-3 gün öz evimizdə oluruq. Hər gün səfərdəyik.
İşimiz belədir. Dünyanın ən böyük və
ən məşhur səhnələrində
çıxış etmişik. Amerikada tez-tez konsertlərimiz
olur. Sentyabrda Çikaqo festivalında çıxış
etdik. Həmin səhnədə Barak Obama prezident seçiləndə
çıxış etmişdi. Konsert zamanı 25 min
tamaşaçı 3 dəfə ayağa qalxıb bizi
salamladı. Festivallarda belə hallar təsadüfən olur.
Bundan sonra Nyu-Yorkda Linkoln mərkəzində
çıxış etdik. Yanvarda yenidən amerikalılarla
görüşəcəyik.
- Hansı ölkədə
çıxış etmək ürəyinizcədir?
- Harda bizi sevir, dinləmək
istəyirlərsə, orada çıxış edirik.
Bakıda cazsevərlərlə görüşmək mənim
üçün çox xoşdur.
Hər bir ölkənin
tamaşaçısı, onların düşüncə tərzi,
fikirləri çox maraqlıdır. Biz bütün
dünyanı gəzmişik. Məsələn,amerikalıların
caza münasibəti çox fərqlidir. Onlar ifa olunan hər
bir əsərə öz münasibətini bildirirlər. Məndən
tez-tez soruşurdular: Əsər necə yaranır?
Başınıza gələn hadisələri
yazırsız? Yaxud, deyirlər ki, bu əsər onlara
oxuduqları hansısa bir kitabı xatırladır. Cazın
yarandığı bir ölkədə pərəstişkarlardan
bu sözləri eşitmək, əlbəttə, çox
xoşdur. Bilirsiz, hər bir insanın, ətrafında baş
verənlərə münasibəti müxtəlifdir. Mən də
gördüklərimi musiqinin dili ilə insanlara
çatdırıram. Yadımdadı, uşaq vaxtı babamla
bulvara getmişdik. Qayıdanda anam soruşdu ki, necə gəzdiniz?
Mən mahnı ilə cavab verdim. Həmişə belə
olub. Əsərlərim də ətrafda baş verənlərə
mənim münasibətimdir.
- Repertuarınızda Azərbaycana
həsr olunmuş kompozisiya varmı?
- Mənim Azərbaycana həsr
olunmuş albomum var. «Fire Wind» adlanır. Od-külək mənasını verir. Bu, ölkəmiz üçün çox xarakterik olan bir anlamdır. Əsər
mənim Bakı haqqında şəxsi düşüncələrimdir.
- Əsərlərinizdə
milli musiqimizdən istifadə olunur?
- Bəli, mənim bir
neçə belə əsərim var. Konsertlərdə tez-tez
bu parçaları ifa edirik. Ölkəmizin zəngin mədəniyyəti
var. Biz hər birimiz yorulmadan Azərbaycanı təbliğ etməliyk.
Konsertlərdə həmişə təşkilatçılardan
tələb edirəm ki, məni azərbaycanlı
musiqiçi kimi təqdim etsinlər. Mən fəxr edirəm
ki, xaricdə Azərbaycanı təbliğ edirəm.
Sədaqət YUSİFQIZI
Mədəniyyət.- 2010.- 3 fevral.- S. 8.