Aktyorun sənət aktları
Şirzad Abutalıbov: "Tamaşaçı
gözündən düşmək
aktyor üçün
zirvədən uçuruma
düşmək deməkdir"
Naxçıvan teatrının 126 illik
tarixi ərzində yetişdirdiyi istedadlı aktyorlar içərisində
o da yaddaqalan obrazlar ifaçısı
kimi tanınıb, şöhrət qazanıb.
Xalq artisti Şirzad Abutalıbov eyni zamanda Naxçıvan
Dövlət Televiziyasının
“Sənət fədailəri”
verilişinin ssenari müəllifi və aparıcısıdır.
Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illik yubileyinin keçirilməsi ilə əlaqədar ölkə
başçısının imzaladığı müvafiq
sərəncama uyğun
olaraq Naxçıvan
teatrının da üzərinə yük düşür. Teatrı
repertuarında daimi yer tutan və
yubileyin zirvə tamaşası kimi yenidən hazırlanan “Dəli yığıncağı”
tragikomediyasının məşqlərini
izləyərkən Şirzad
Abutalıbovla söhbətləşmək
istəyi baş qaldırdı içimdə.
İstedadlı aktyorumuzla
qrim otağında doyunca söhbətləşdik.
İlk sualım isə teatra gəlişi barədə
oldu:
- Sənətə vurğunluğum ailəmizdə başladı. Atamın, həmçinin xalam oğlu - xalq artisti Aydın Şahsuvarovun aktyor olması buna əsas səbəblərdən idi. Orta məktəbin 8-ci sinfində oxuyarkən Naxçıvan Xalq Teatrında ilk addımlarımı atmağa başladım. Böyük minnətdarlıq hissləri ilə qeyd etmək istəyirəm ki, bu sənətə gəlişimdə teatrda rejissor işləyən Tofiq Mövləvinin də hədsiz rolu olub.
1976-cı ildə
Cəfər Cabbarlının
"Solğun çiçəklər"ində
Qurban rolunu oynayırdım. Tamaşadan
sonra o vaxt
dram teatrının baş rejissoru işləyən Vəli Babayevin təkidiylə Naxçıvan teatrına
getdim. O vaxtdan bu teatrda ayrı-ayrı
səhnə əsərlərində
müxtəlif rollar oynamağa başladım.
Korifey sənətkarlarla
tərəf-müqabil oldum.
İbrahim Həmzəyev,
Əyyub Haqverdiyev, Məmməd Quliyev, Əkbər Qardaşbəyov,
Aydın Şahsuvarov,
Firuzə Vəlixanlı,
Zəroş Həmzəyevadan
çox "dərslər"
aldım. Onların hər biri ayrıca
bir müəllim idi. Hərəsindən bir ştrix götürə-götürə teatr tamaşalarında daha həvəslə oynamağa başladım.
1985-ci ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun
rejissorluq fakültəsinə
qəbul olunmaqla ali teatr təhsili
almaq imkanı qazandım. Ələmdar Quluzadədən, Mehdi Məmmədovdan, Rafiq Hüseynovdan dərslər
aldım. Və bunun nəticəsidir ki, səhnədə aktyor olmaqla bərabər, Naxçıvan
Musiqi Texnikumunda aktyorluq sənəti, səhnə hazırlığı
və natiqlik sənətinin əsasları
fənlərini tədris
edirəm.
- Bu sənət
sizə daha nələr verdi?
- Bu sənət
mənə ilk növbədə
insani keyfiyyətlər
verib. Sənət həyatımın bir parçasına çevrilib.
Axı, səhnədə
gördüyümüz hər
bir obraz, hər bir tamaşa
dramaturq tərəfindən
bədiiləşdirilmiş formada tamaşaçılara
təqdim olunan həyati hadisələr, həyati insanlardır. Bu baxımdan mən səhnədə obraz baxımından çox şeylər qazanmışam.
Mənim oynadığım
obrazlar içərisində
müflis, təlxək,
yazıq insanlar da var, qəddar,
zalım, amansız insanlar da. Ümumiyyətlə,
oynadığım obrazların
xarakterində dərin
müşahidələr aparıb,
dərin mətləblər
duymuşam. Yaşayışın,
çətinliyin, əzab-əziyyətin
nə demək olduğunu mən daha çox səhnədə öyrənmişəm.
Sənət mənə
geniş həyati təcrübə, ətraflı
dünyagörüş verib.
- Belə
bir suala necə baxırsız: Azərbaycan Respublikasının
xalq artisti Şirzad Abutalıbovla sadəcə Şirzad Abutalıbov arasında fərq?
- Mənə
elə gəlir ki, heç bir fərqi yoxdur. Ən böyük titullara sahib olan insanlar belə,
birinci növbədə
insandır. İnsan isə sadə, səmimi, təvazökar olmalıdır. Çünki
hər bir şəxsiyyət həyata
ilk növbədə fərd
kimi gəlir. Bir də insani
hisslər hər şeydən üstündür.
- Amma sadəcə Şirzadı
«aktyor Şirzad» tanıdıb hamıya...
- Təbii
ki, mənim belə tanınmağımda
sənətin çox
böyük rolu olub. Əlbəttə, sənətə qiymət
verən dövlətimiz,
qədirbilən tamaşaçılarımız
sayəsində. Mən
həmişə demişəm
ki, Azərbaycan tamaşaçısı çox
tələbkardı. Onlar
hər bir aktyorla, sənət adamı ilə fikir mübadiləsinə
girməyi, obrazı təhlil etməyi bacarırlar. Ona görə də mən bu fikirdəyəm
ki, aktyor Şirzada tamaşaçılar
qiymət verir, adi insan Şirzada
isə məni şəxsən tanıyanlar.
- İndiyə
qədər oynadığınız
rollarınız içərisində
hansı obraz sizə daha doğmadır?
- Oynadığım
hər bir obraz mənim üçün doğmadır.
Çünki mən səhnədə, tamaşada
onları daxilən yaşayıram. Daxilən
yaşamasam - o hisslər
mənim daxilimdən keçməsə, mən
o obrazı bütün
dolğunluğu və
təbiiliyi ilə təqdim edə bilmərəm. Buna görə
də obrazı hazırladığım dövrdə
həmişə səhnənin
kənarına çəkilir,
əlimi göyə qaldırıb deyirəm ki, Allah, sən məni tamaşaçı
nəzərindən salma.
Tamaşaçının gözündən
düşmək aktyor
üçün ən
qorxulu haldır. Bu, zirvədən uçuruma
getmək deməkdir. Bundan qorxduğum üçün bütün
varlığımla obraza
bağlanıram. İstər
müsbət rollar olsun, istər də mənfi. “Sənət qurban tələb edir” fikri əbəs yerə deyilməyib ki...
- Şirzad
müəllim, adətən,
mənfi rollarda çıxış edirsiniz.
Bilmək istərdim, bu rollar həyatda,
tamaşaçılarla təmaslarınızda
təsirsiz qalır, ya...
- Əlbəttə.
Bəzi tamaşaçılar
oynadığım obrazlara
sənət baxımından
yox, həyati baxımdan yanaşırlar.
Məsələn, Həsən
Elsevərin “Koroğlu
nəsli” əsərində
mən bədnam erməni polkovniki obrazını oynayırdım.
Orada hadisələr belə cərəyan edir ki, məni
- yəni polkovniki tuturlar. İttiham edirlər və belə məlum olur ki, mən
milliyyətcə erməniyəm.
Həmin an zaldakıların
səs-küyündən dayanmaq
olmurdu. Qışqırırdılar
ki, vurun onu, öldürün. Təsəvvür edirsinizmi,
mən o rolu necə oynamışdım.
Əsl düşmən,
qaniçən obrazı
yarada bilmişdim. Və məncə, aktyor başqalaşmağı
bacarmalıdır. Bacarmırsa,
obrazların xarakterlərini,
ştrixlərini tamlığı
ilə verə bilməz. O rolu elə oynamaq olardı ki, hamı deyərdi yazıqdı, buraxın getsin.
- Aktyorun
ən böyük sevinci tamaşaçı
sevgisindən yaranar. Necə fikirləşirsiniz,
“Dəli yığıncağı”nda
oynadığınız Cinli
Mustafa rolu həqiqi mənada tamaşaçı
sevgisi qazana bilibmi?
- “Dəli
yığıncağı” psixoloji komediyadır. Xaraktercə həmişə
qəmgin, həmişə
narahat olan Cinli Mustafa isə dəlilərdən biridir
və onun xarakteri mənə ləzzət verir. Deyim ki, bir
tərəfdən Cəlil
Məmmədquluzadə dahiliyi,
digər tərəfdən
rejissor və aktyor yoldaşlarımın
öz işlərinə
məhəbbətlə yanaşması
mənə inam, ilham verirdi. Buna görə də mən o rolu yaşaya-yaşaya, sevə-sevə
oynadım. Və elə fikirləşirəm
ki, Cinli Mustafa tamaşaçı alqışı
və məhəbbəti
qazana bildi. Məhz yazıçı
da sonda Cinli Mustafanın dili ilə əsərin
əsas ideyasını,
ali məqsədini açır.
Elxan YURDOĞLU,
Naxçıvan
Mədəniyyət.- 2010.- 3 fevral.- S. 6.